Mağazalar və iaşə obyektlərinin bağlanması davamlı ola bilərmi?

727

Artıq neçə müddətdir xəbər saytlarında, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən bir çox mağazaların, salonların və bəzi iaşə obyektlərinin bağlanması barədə xəbərlər müzakirə mövzusudur. Şəhərin bir çox brend geyim mağazalarının üzərində “icarəyə verilir” yazısının asıldığını yəqin ki, çoxunuz görmüsünüz. Bu gün şəhərin Azadlıq prospekti, Süleyman Rüstəm, Rəşid Behbudov, Salatın Əsgərova, Şamil Əzizbəyov, Ceyhun Hacıbəyli və bir çox küçələrində fəaliyyət göstərən obyektlərin qapısından “arendaya verilir”, “işləmir”, “bağlanıb” məzmunlu elanlar asılıb.

Bu il ölkəmizdə xeyli sayda iş yeri açılsa da, bağlananlar da az olmayıb. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bununla bağlı bildirib: “Regionlarda yaradılan iş yerləri, əlbəttə ki, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına xidmət göstərir. Ancaq onu da qeyd etməliyəm ki, 9 ayda baxmayaraq ki, 67 min daimi iş yeri yaradılıb, 30 minə yaxın iş yeri bağlanıb. Bu da reallıqdır. Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır ki, bu prosesin səbəbləri nədən ibarətdir. Əslində bu, təbii bir prosesdir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yeni iş yerləri açılır və bağlanır. Həmişə bizdə müsbət saldo müşahidə olunub, bu gün də belədir. Hətta böhranlı ildə 67 min daimi iş yerinin açılması böyük nəticədir. Yəni, əgər bağlanan iş yerlərini çıxsaq, 40 minə yaxın yeni iş yeri yaradılıb. Ancaq bununla bərabər, biz bağlanan bu iş yerlərinin təhlilini aparmalıyıq və bilməliyik ki, bu proseslər hansı səbəblər üzündən baş verir. Obyektiv səbəblər də, subyektiv səbəblər də ola bilər”.

Bəs, görəsən, mağaza və iaşə obyektlərinin bağlanması prosesi davamlı ola bilərmi? Mövzunu “Zaman-Azərbaycan” qəzeti üçün şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov dedi ki, son zamanlar bir çox mağazaların bağlanması birbaşa tələbatın azalması və alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır: “Hazırda xidmət sektorunda topdansatış mərkəzləri daha çox fəaliyyət göstərirlər. Bu da birmənalı şəkildə digər mağazaların gəlir səviyyəsinə təsir göstərir. Yəni gəlirin səviyyəsində azalmalar müşahidə olunur. Həmin bu maksimal azalmalar da sektoru zəiflədərək mağazaların bağlanmasına gətirib çıxarır. Bundan əlavə, son illər ərzində əhali daha çox yığımlara üstünlük verir. Buna görə də, xərclərini azaldırlar. Burada əsas məqsəd regional və qlobal forumda baş verən çətinlikləri aradan qaldırmaqdır. Vətəndaşlar da imkan daxilində öz istehlak xərclərini azaldırlar. Yəni, bir sözlə, mağazaların və bir çox iaşə obyektlərinin bağlanmasına səbəb tələbatın azalması və həmin xidmət sektorunda fəaliyyət göstərən obyektlərin əvvəlki səviyyədə gəlir əldə edə bilməməsidir”.

“Qonşu ölkələrdə baş verən iqtisadi amillərin təsiri…”

“Bəs 9 ay müddətində ölkəmizdə fəaliyyət göstərən 30 min iş yerinin bağlanmasına səbəb nə ola bilər?” sualımıza cavab verən iqtisadçı Vüqar Bayramov vurğuladı ki, bu, birbaşa xarici sektorlarla, əsasən neftin bazarda qiymətinin aşağı düşməsi və regionun qlobal çətinlikləri ilə bağlıdır: “Regionun qlobal çətinlikləri birmənalı şəkildə iş yerlərinə təsir göstərir. Çünki xarici ölkələrə ixrac imkanı olan iş yerlərinin ixracında müəyyən dərəcədə azalma müşahidə olunur. Qonşu ölkələrdə baş verən devalvasiya və regional çətinliklər də ölkəmizdə iş yerlərinin bağlanmasına səbəb ola bilir”.

Nərmin Haqverdiyeva