“Mağaza bağlanır – şok endirim” sözlərinin çoxu müştəri cəlb etmək məqsədilə yazılır”

0
587

Son vaxtlar bir çox mağazaların üzərinə “Mağaza bağlanır – şok endirim” və s. kimi sözlərin yazıldığının şahidi oluruq. Devalvasiya və böhranın nəticəsində, həqiqətən də, bağlanan mağazaların sayı kifayət qədərdir. Lakin müştəriləri aldadan işbazların da sayı kifayət qədərdir. Söhbət ondan gedir ki, bu elanı görən insanın ağlına istər-istəməz bir düşüncə gəlir- “mağaza bağlandığı üçün bütün malları ucuz qiymətə satılır”. Halbuki bəzən sahibkarlar bu kimi elanları müştəri cəlb etmək məqsədilə asırlar. Bəs, görəsən, bunu edərək istehlakçıları aldadanları hər hansı bir məsuliyyət gözləyirmi? Bu məsələlərə hansı orqan nəzarət edir?
Mövzu ilə bağlı “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, bu kimi elanlar yazaraq insanları aldadan, müştəri cəlb etmək məqsədilə bu yola əl atan hər bir sahibkarı minimum 500 manat cərimə gözləyir: “Əgər həqiqətən həmin mağazada endirim varsa, bu kimi afişaları asmaq sahibkarların öz işidir. Buna görə onları heç bir cəza gözləmir. Ancaq həmin mağazada endirim olmazsa, istehlakçı aldadılarsa və məlum olarsa ki, sahibkar, sadəcə, müştəri cəlb etmək istəyir, bu zaman məsələyə rəsmi orqanlar tərəfindən müdaxilə olunur. Çünki bu kimi şüarlarla insanları aldatmaq istehlakçı hüquqlarının pozulmasıdır. Bu qaydaların pozulması, istehlakçıların aldadılması kimi qəbul olunur. “Mağaza bağlanır, hər şey olduğundan ucuz qiymətə” və s. kimi şüarları görən insanlar da düşünürlər ki, mağaza bağlandığı üçün malları olduğundan da ucuz qiymətə almaq mümkündür. Bu bəzən real olur, bəzən də olmur”.

“Malın ilkin qiymətləri ilə sonrakı
qiymətlərinin qeyd olunduğu rəsmi sənədləri tələb edin”
AİB-nin sədri əlavə etdi ki, belə şüarları asan şəxslərin cərimələnməsi qanunla tənzimlənməyib: “Əgər endirimlə bağlıdırsa o başqa məsələ. İstehlakçının hüququ var ki, malın ilkin qiymətləri ilə sonrakı qiymətlərinin qeyd olunduğu rəsmi sənədləri tələb etsin. Bu zaman sahibkar həmin sənədi təqdim etmək məcburiyyətindədir. Rəsmi sənədlərdə heç bir endirimin olmadığını aşkar edən istehlakçı İqtisadiyyat Nazirliyinə zəng vuraraq bu haqda məlumat verməlidir. Bu halda dövlət orqanları işə qarışır. Onu da qeyd edim ki, bu cür qayda-qanun təkcə bizdə deyil. Digər ölkələrdə də belədir. Heç bir ölkədə qanun qəbul etmir ki, sahibkar istehlakçını aldatsın. Sahibkar bu kimi yazıları yazmaqda sərbəstdir. Ola bilsin ki əvvəl bağlamaq fikrində olsun, sonra fikrindən dönsün. Amma endirmlə bağlı yazarkən diqqətli olmalıdır”.
Mövzuya hüquqi cəhətdən yanaşan hüquqşünas İlham Məmmədov bildirdi ki, yalançı endirimlərin olub-olmamasına inzibati qaydada İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət edir: “Əgər vətəndaş hər hansı bir mağazanın üzərində endirim elanını görərək ora daxil olub, həmin endirimdən istifadə edib, nəsə almaq istəyirsə, lakin aldadıldığını hiss edirsə, aidiyyəti üzrə həmin idarəyə müraciət etməlidir. Həmin təşkilat inzibati qaydada həmin mağazanı məsuliyyə cəlb edir və cərimə edir. Bizdə nəzərdə tutulan bazar qiymətləri var. Bazar qiymətlərindən səbəbi açıqlana biləcək qədər endirimlər edilirsə, mağaza sahibi həmin endirimin hansı səbəblə edildiyini açıqlaya bilməlidir. Endirim elanları həqiqəti əks etdirmirsə, sahibkarı cərimə gözləyir. Endirim faktiki varsa, sahibkar onu sübut edirsə, heç bir problem yoxdur”.