“Maddi maraqlar üzərində qurulan ailənin dağılması qaçılmazdır”

771

Ailə həyatı qurmaq yeni bir həyata başlamaq deməkdir.

Yeni qohumlar, yeni münasibətlər insanın illərdən bəri alışdığı daha fərqli həyat tərzi ilə qarşılaşmasına səbəb olur. “Sevgi ilə hər şeyin öhdəsindən gəlmək mümkündür” desələr də, yeni bir həyata adaptasiya olmaq elə də asan olmur. Həyat yoldaşlarının bir-birinə qarşı olan gözləntiləri və bunun əksinin olması bəzən ailədə mehribanlığa kölgə sala bilir. Hər kəs öz bildiklərini, yaşadıqlarını doğru sayır və həyatını bu “doğrularla” davam etdirmək arzusunda olur.

Qadınların böyük əksəriyyəti ailə qurduqdan sonra hər şeyin xəyallarındakı kimi olacaqlarını zənn edirlər; həyat yoldaşından hər an tərif və təqdir dolu sözlər eşidəcəyini düşünür. Bu hal hər iki tərəfdə də yaşanır. Belə ki, onlar qarşı tərəfdən özlərinə qarşı maksimum diqqət gözləyirlər. Hər ehtiyacını hiss edən, bütün hallarda özünü arxa plana atıb, həyat yoldaşının istəklərinə önəm verən bir həyat yoldaşı… Kişilər xanımlarının onlara anaları qədər qayğı göstərən, qulluğunda duran, ləzzətli yeməklər bişirən biri olmalarını istəyirlər. Eyni zamanda qadınlar da atalarının bütün müsbət cəhətlərini özündə birləşdirən bir bəy xəyal edirlər. Evdə qırıq-sökük nə varsa təmir edən, işdən evə tez qayıdan, uşaqlarla maksimum dərəcədə maraqlanan və s. Lakin real həyat heç də xəyallardakı kimi olmur. Gerçəklər bəzən acı, “yeyilməsi”, hətta “udulması” belə müşkül olur.

“Tərəflər ailə qurarkən bir-birini yaxşı tanımağa çalışmalıdırlar”

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bəzi gənclərin ailə anlayışını dərk etmədən, məsuliyyət his etmədən bu yola addım atdıqlarını bildirdi: “Sovet dövründə yuxarı sinifdə ailə modeli deyilən bir dərs tədris edilirdi. Burada ailə necə olmalıdır, tərəflərin bir-birinə qarşı münasibəti və onların tənzimlənmə metodu haqda məlumat verilirdi. Lakin təəssüflər olsun ki, indi gənclər ancaq internetdən maariflənirlər. Ailə dəyərlərindən daha çox, maddiyyat ön plandadır. Tərəflərin bir-birindən tələbləri bəzən təmin edilməyəcək qədər çox olur. Təcrübəmdən deyə bilərəm ki, bu gün gənclərdən daha çox, valideynlərin gözləntiləri olur. Bir çox ailələrdə yaşadıqları problemin qaynağını araşdıranda çox adi şeylərdən münasibətin pozulduğunu görürük. Alınan mebelin brendi və ya televizorun modeli ailələrin dağılması üçün səbəb ola bilir. Bu ailədə dəyərlərdən daha çox, maddi maraqların ortaya çıxdığını göstərir. Bu cür ailələrin isə dağılması qaçılmazdır. Bu gün bir çox valideynlər övladları ailə qurarkən ev tələb edirlər. Amma əvvəllər belə tələblər olmayıb. Günümüzdə məşhur ailələrin keçmişinə nəzər salsaq, onların bir çox çətinliklərdən keçdiyini görərik. Çətinliklər ailəni möhkəmləndirir, tərəflərin bir-birinə qarşı vəfasını, sədaqətini göstərir, hörmətini artırır. Ona görə də tərəflər ailə qurarkən, ilk növbədə, bir-birini daha yaxşı tanımağa, hörmət etməyə üstünlük verməlidirlər”.

“Qadın diqqət və qayğı istədiyini dilə gətirməlidir”

İnsana maddi ehtiyaclardan daha çox, mənəvi ehtiyaclarının təmin olunması hüzur verir. Çünki maddiyyat müvəqqəti, mənəvi rahatlıq isə daimidir. Qadın qulağı ilə sevir, deyirlər. Zərif cinsin nümayəndələri daima həyat yoldaşlarından xoş sözlərin gözləntisi içində olurlar. Lakin nəzərə almaq lazımdır ki, kişilərin hamısı həssas, diqqətcil olmur. Yaradılışdan fərqli olan qadın və kişilərdə hadisələrə yanaşma tərzi də fərqli olur. Həyat yoldaşı bişirdiyi yeməyə görə “əllərinə sağlıq” deməyən kişidən küsə, hətta günlərlə qaş-qabaqlı gəzə bilir. Kişi isə bu küskünlüyün altında belə bir səbəbin yatdığını ağlına belə gətirmir. Psixoloq E. Rüstəmov qadın həyat yoldaşına qarşı olan gözləntisini dilə gətirməsinin daha doğru olduğunu dedi: “Nəzərə almaq lazımdır ki, qarşı tərəf qadının nə gözlədiyini, nə istədiyini hər zaman bilməyə bilər. Bu zaman qadın istəyini dilə gətirməlidir. Söhbət əsnasında bunu qarşı tərəfə çatdırmalıdır. Qadında öyrətmə qabiliyyəti yüksək olduğundan kişiyə gözləntilərindən bəhs edə və necə davranmalı olduğunu deyə bilər”.

Ailədə tərəflərin bu və ya digər səbəbdən problem yaşamaları bir baxımdan o ailənin möhkəmlənməsinə şərait yaradır. Sıxıntılar insanların bir-birini daha yaxşı tanıması üçün fürsətdir. İspaniyalı bir rahibə, heç vaxt dənizə çıxmayan, limanda bağlı qalan gəmi sağlam hesab olunmur, deyib. Dənizə çıxıb və fırtınadan qayıdıbsa, o gəmi sağlam gəmidir. Ərəb ədəbiyyatının məşhur yazıçısı Cübran Xəlil ailə qurmağı məbəd qurmağa bənzədir. Məbəd qurarkən sütunlar bir-birindən aralı qoyulur, yan-yana qoyularsa uçar, dağılar, məbəd olmaz. Elə də ailədə tərəflərin bir-birinə qarşı gözləntisi azalarsa, inciklik də aradan qalxacaq, bu da hüzur və xoşbəxtliyə doğru atılan bir addım olacaq.

Xəyalə Sadıqova