“Maddi dəyərlərin ön planda olduğu cəmiyyət tənəzzülə məhkumdur”

0
571

İnsanlar müxtəlifdir, rənglər kimi. Hər kəsin özünəməxsus xarakteri, dünyagörüşü və hadisələrə baxışı var. Kimiləri başına gələn hər hansı hadisədə ətrafdakıları günahlandırır, özünü dünyanın ən bəxtsiz insanı adlandırır, kimiləri də başına nə gəlir gəlsin, heç bir mənfi düşüncəyə qapılmır, əksinə, daha yaxşısına nail olmaq üçün hər zaman pozitivə köklənirlər.

Bunu gün boyu yolda, işdə qarşılaşdığımız bir çox insanda müşahidə edə bilərik. Əsəbi baxışlar, narazı üz ifadələri, nəzakətsiz davranışlar…

Bir düşünün səhər işə gedərkən yolda və ya ictimai nəqliyyatda qaşları çatılmış simalar sizə hansı əhval-ruhiyyəni aşılaya bilər? Və ya həmsöhbətiniz ancaq şikayətlənir, başına gələnlərdən gileylənirsə, sizin də ruhdan düşməniz qaçılmaz olur.

Bəs insanların mənfiyə köklənməsinə səbəb nədir? Onları maddi ehtiyaclar, psixoloji vəziyyət, yoxsa cəmiyyətin yanaşmasıdır ruhdan salan?

“İnsani dəyərlər get-gedə azalır”

Qəzetimizə müsahibə verən psixoloq Murad İsayev son vaxtlar insanlarda gərginlik hallarının daha çox müşahidə olunduğunu bildirdi: “İnsanlar bir-birinə qarşı həddən artıq soyuqqanlı davranırlar. Hətta qarşısındakının xoş niyyətindən sui-istifadə edənlərə də rast gəlmək mümkündür. İnsani dəyərlərin get-gedə azaldığını görürük. İnsan faktoruna verilən qiymət çox aşağı səviyyədədir. Həmvətən, milli dəyərlər kimi ortaq anlayışlar demək olar ki, münasibətlərdə heç bir rol oynamır. İstər nəqliyyatda, istər dükan və marketlərdə və ya hər hansı ictimai yerlərdə insanlar eqoizm nümayiş etdirirlər. Hamı öz işinin düzəlməsini istəyir. Hesab edirəm ki, insanlar bu templə davam etsələr, neqativlik daha da artacaq”.

“Pessimistliyi maddi faktorlara bağlamaq doğru deyil”

Psixoloq onu da qeyd etdi ki, insanlarda kimisə günahlandırma hissi var. Yaşadığı hər hansı uğursuzluqda başqalarını səbəbkar görürlər: “İnsanın sosial və ya maddi tərəfdən problem yaşaması normal bir haldır. Amma bu o demək deyil ki, sən başqalarını əzərək öz ambisiyalarını yerinə yetirməlisən. Buna görə də, düşünürəm ki, vəziyyəti sosial ictimai faktorlarla bağlamaq doğru deyil. Bu gün çox təəssüflər olsun ki, gənclərimiz arasında da pessimist hisslərə qapılanlar çoxalıb. Heç şübhəsiz, bu da orta və yaşlı nəslin aqressivliyindən irəli gəlir. Uşaqlar da çox şeyi böyüklərdən öyrənirlər. Elə valideynlərin uşaqları yanlış tərbiyə metodu da belə hallara yol açan əsas faktorlardandır. Onlar övladlarını nəyin bahasına olursa olsun birinci olmağa təşviq edirlər. Uşaqda hər kəsi əzib keçmək, qalib gəlmək, başqasının əlindən almaq bahasına belə olsa, qazanmaq duyğusu formalaşır. Bu prinsiplə yanaşdığımız zaman insanlarda sevgi hissi azalır”.

“İnsanların bir-birinə qarşı empatiya qurmaması, ictimai yerlərdə hər zaman önə keçməsi, bir-birini dinləməmək, mənəviyyatın aşağı səviyyədə olması cəmiyyətin fəlakəti deməkdir. Bu cür davam edərsə, bir-birimizə zərər verəcək və sevgi hissimiz azalacaq. Düşünürəm ki, insanlarda bölüşmək duyğusu olarsa, hər şey yolunda gedəcək. İndi insanımız təbəssüm etməyə belə ərinir. Sanki insan qaşqabaqlı olanda daha xarizmatik görünür. Əgər diqqət etdinizsə, Avropa Oyunları zamanı insanların əhvali-ruhiyyəsi pozitiv idi. Ölkəyə xarici qonaqlar gəldi və başqa bir abi-hava oldu. Bir müddətlik atmosfer dəyişdi. Çünki Avropa insanı pozitivdir, gülərüzdür. Öz problemlərini başqalarını narahat edərək yoluna qoymurlar”.

“İnsanlar göştəriş üçün bir-birilə yarışır”

Cəmiyyətdə neqativ düşüncəli insanların çoxaldığını deyən sosioloq Əhməd Qəşəmoğlu bunu mənəvi tənəzzüllə əlaqələndirdi: “Min illərdir ki, bütün dini kitablar cəmiyyətin rifahının mənəvi yüksəlişlə mümkün olduğunu deyir. Peyğəmbərlər insanlığa maddi varlıqlardan arınma, kamilliyə doğru yüksəliş mesajı veriblər. Mənəvi dəyərlərin ön planda olduğu cəmiyyətdə hər zaman ahəng var və orada münasibətlər öz-özünü tənzimləyir, insanlarda neqativ xüsusiyyətlər azalır. Maddi dəyərlərə önəm verilən cəmiyyətdə istər-istəməz neqativ hallar çoxalır”.

“Elm, texnologiya inkişaf etdikcə, yaşayış səviyyəsi yaxşılaşdıqca insanlarda mal-dövlətə hərislik də artır. Ailədə, sinifdə və ya iş yerində kifayət qədər belə insanlara rast gələ bilərik. Təəssüf ki, hazırda elə bir dövr yaşayırıq ki, maddi dəyərlər hər şeydən üstün tutulur. İndi insanlar bir-birilə yarışır. Biri avtomobil digəri pal-paltar, biri isə telefonu ilə o birindən üstün olmağa çalışır. Əksər insanlar var-dövləti ilə önə çıxmağa cəhd edir və nəticədə meşşanlıq çoxalır. Yaxşı olar ki, istənilən mühitdə insanlar bir-birilə mədəni-mənəvi davranışları ilə yarışsınlar. Maddi dəyərlər üzərində həyatını quran insanları pozitivə kökləmək olduqca çətindir. O insanlara tam olaraq güvənmək, etibar etmək mümkün deyil. Bu da cəmiyyətin qanunauyğunluğudur”, – deyə sosioloq qeyd etdi.

Ə. Qəşəmoğlu onu da vurğuladı ki, Şərq mədəniyyəti hər zaman sağlam bir cəmiyyətin yaranmasını nəfsin tərbiyəsi ilə mümkün hesab edir. Nəsrəddin Tusi “Əxlaqi Nasiri” kitabında cəmiyyətin sağalmasının ancaq fərdlərin mənəvi yüksəliş yolu ilə düzələcəyindən xəbər verir.

Xəyalə Sadıqova