Maarifləndirici tədbirləri davam etdirilir

125

Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev polis əməkdaşları ilə birgə orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirləri davam etdirir.

Bu gün Mingəçevir Şəhər 16 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici  növbəti  tədbir keçirilib. Əvvəlcə məktəbin direktoru Sevinc Həsənova çıxış edərək, zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa çağırıb.

Daha sonra  Mingəçevir Şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev  şagirdlərə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib.

Bundan əlavə, Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi problemlər barədə ətraflı məlumat verib.

Tədbir zamanı həmçinin slaydlar vasitəsi ilə narkotik vasitələrin  təhlükələri ətraflı izah edilib.

Tədbirdə  “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”,  “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” və “Yol hərəkəti qaydalarına əməl edək” adlı mövzularla bağlı çıxışlar da olunub

Sonda mövzu ilə bağlı şagirdləri maraqlandırılan suallar polis əməkdaşları tərəfindən cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir