Maarif Fədailəri Günü

664
Sentyabr ayından söz düşəndə ilk ağlımıza gələn məktəb olur, elə deyilmi? Çünki məktəb, təhsil elə bir şeydir ki, hər bir ailə onunla yaxından, ya da uzaqdan bağlıdır, əlaqədardır. Yaxın keçmişimizə – bir neçə il əvvələdək 1 sentyabr dərs ilinin başlanğıcı, bu münasibətlə də onu Bilik Günü, yaxud Bilik Bayramı olaraq qeyd edirdik. Sonra dərs ilinin başlanğıcını sentyabrın 15-nə atmaqla həmin mərasim və o əlamətdar gün də yerini dəyişmiş oldu.
Amma 1 sentyabr başqa bir əlamətdar hadisə ilə bağlıdır – 90 il əvvəl, sentyabrın 1-də Azərbaycanımızın, ziyalılığımızın, dünənimizin və bu günümüzün formalaşmasında xüsusi rolu olan bir böyük şəxsiyyət – Hacı Zeynalabdın Tağıyev vəfat etmişdir. Tam 90 il əvvəl, 1924-cü il sentyabrın 1-də bizim üçün nümunə olan, minnətdarlıqla xatırladığımız, başqalarına nümunə kimi göstərdiyimiz (amma nədənsə özümüzün, xüsusən də biz müəllim, tərbiyəçi və iş adamlarının da onun kimi olmamız lazım gəldiyini unutduğumuz) bu böyük fədakar İNSAN Haqqın Rəhmətinə qovuşmuşdur.Bu kiçicik məqaləmdə Hacı haqqında, onun tərcümeyi-halı, xidmətləri haqda nə geniş danışmaq fikrim vardır, nə də buna imkanım. Allah nəsib edərsə, bir gün onun haqqında, ona layiq bir yazı yazmağı düşünürəm. Bu gün isə məqsədim onun şəxsində vəfalılığı və fədakarlığı bir daha idrak etmək, eyni zamanda, əlimizdə olan nemətlərə görə nə qədər şükr etməmiz lazım gəldiyini bir daha xatırlatmaqdır. Çünki Hacı Zeynalabdın Tağıyev xalqına, mənsub olduğu mənəviyyata çox vəfalı və bu vəfası qədər də çox fədakar bir İNSAN olmuşdur. Xalqının bir ictimai formasiyadan – feodalizmdən digər formasiyaya – kapitalizmə, sonra da sosializmə keçidi prosesində elə bir maarifçilik, elə bir fədakarlıq, elə bir cəsarət nümayiş etdirmişdir ki, biz məhz onun və onun kimilərin fədakarlıqları sayəsində çox zəngin insan potensialına sahib olmuş, Şərqdə daha fərqli bir mövqe tuta bilmişik.

Hacının adı səxavətlilik və fədakarlıq kimi yüksək insani keyfiyyətlərlə qoşa çəkilir. Azərbaycan ictimaiyyəti ilk dəfə keçən əsrin 70-ci illərində rəhmətlik Əjdər İbrahimovun çəkdiyi “Ulduzlar sönmür” bədii filmi, filmdəki Hacı Zeynalabdın Tağıyev obrazı ilə necə böyük bir sələfin xələfi olduğunu idrak etmək fürsəti əldə etdi. Filmdə onun böyüklüyü ilə bağlı bir sıra cəsarətli epizodlar arasında biri mənə daha çox təsirli etmişdir: Nəriman Nərimanov yenicə qurulmuş sovet hökumətinin nümayəndələri ilə bir ziyafətdə qələbələrini qeyd edir. Bu zaman ona Hacının da gəldiyini xəbər verirlər. N.Nərimanov Hacının yanına gəlir. Hacı cibindən içində bir az qızıl, qiymətli daş-qaş olan bir mücrü çıxarıb Nərimanova uzadır və deyir:

– Bura gələndə yolda məktəbliləri gördüm, Bir çoxu yaman gündədir, bəzilərinin ayaqqabısı belə yoxdur. Odur ki, yolumu dəyişib buraya gəldim. Məndə olan-qalan budur, başqa heç nəyim qalmayıb. Bunları götür, məktəblilərə əyin-baş almağa xərcləyin.

Belə bir hadisə doğrudan da olmuşdurmu, ya yox, bilmirəm. Amma əslində, Hacının bundan min dəfə, milyon dəfə səxavət və fədakarlıq, vəfa göstərdiyinə, xalqının sabahı üçün daha şox işlər gördüyünə dair əlimizdə çoxlu faktlar vardır.

Mən Hacını daha çox 1901-ci ildə böyük çətinliklər bahasına açdığı qız məktəbi ilə xatırlayıram. Hacı bu məktəbi açmaqla bizim qızları – yaxın gələcəyin analarını maarifləndirmək üçün elə bir addım atmışdı ki, Azərbaycan qısa müddətdə bir əsri, bəlkə iki əsri aşa biləcək bir tərəqqiyə nail ola bilmişdi. Onun açdığı bu məktəbdən mütəsir olan böyük Hüseyn Cavid “Qız məktəbində” adlı məşhur şeirini yazmış, bir neçə cümlə ilə onun əhəmiyyətini elə dahiyanə şəkildə ifadə etmişdir ki, o gün bu gündür məktəbin əhəmiyyətini bu qədər mədh edən başqa bir ədəbiyyat nümunəsinə rast gələ bilmirik.

Hacıdan bir-iki onillik sonra qız məktəbi anlayışı əvvəlcə həyatımızdan, sonra da hafizəmizdən silinib getdi. Əsrlər boyu məktəbə elm, təhsil, mərifət, ariflik yuvası kimi baxan zehniyyət birdən-birə aradan qalxdı və məktəb anlayışımız elə bir dəyişikliyə məruz qaldı ki, bu gün oğlanlarla qızların ayrı-ayrı təhsil ala biləcəyini nəinki dilə gətirmək, heç ağıldan belə keçirmək olduqca çətindir. Amma yox, insafsız olmayaq. Yaxşı ki, bu ənənə qədim yurdumuz Naxçıvanda bir məktəblə də olsa, davam etdirilir. Buna görə Naxçıvan rəhbərliyinə hədsiz-hüdudsuz təşəkkürlərimizi bildirir və onların bu davranışını da Hacıya və onun kimilərə bir vəfa borcu, fədakarlıq nümunəsi olaraq qəbul edirik.

Yenə sözümü sentyabr ayına gətirirəm. Əziz oxucularımız, həmvətənlərimiz! Hacı və onun kimilər qarşısında vəfalı olmağa nə deyirsiniz? Gəlin, sentyabrın 1-ni başda Hacı Zeynalabdın Tağıyevin, sonra digərlərinin – Musa Nağıyevin, Şəmsi Əsədullayevin, Əjdər bəy Aşurbəyovun, İsabəy Hacınskinin,  Murtuza Muxtarovun (buraya cəsarətlə Heydər Əliyevi və Mehriban xanımı da əlavə edərək) onlarca, yüzlərcə, bəlkə minlərcə ömrünü, əməyini, zəkasını, sərvətini, milyonlarını, hətta cibindəki son manatını da xalqının gələcəyi üçün fəda edən İNSANLARIN şərəfinə Maarif Fədailəri Günü elan edək!

P.S. Görəsən, belə bir iş görsək, vəfalılıq hissimiz qabararmı, fədakarlıq üfüqümüz genişlənərmi, yoxsa yekə-yekə müəllimlər olaraq ildə neçə dəfə müxtəlif bəhanələrlə əl boyda uşaqlardan pul tələb etmək kimi zillət bataqlığında batmağa və batırmağa davam edərik?

Verən əl alan əldən xeyirlidir! Bu hikməti unutmayaq.

Nazim Əkbərov