Maaarifləndirmə işlərinə ehtiyac var

567

Mingəçevir Media Mərkəzində (MMM) Mediada İnnovativ Təşəbüslərə Dəstək İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran şərtlər  mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində jurnalistlər və QHT-lər üçün maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Mingəçevir işıqları”qəzetinin baş redaktoru Fərman Nəbiyev əvvəlcə iştirakçıları 28 May Respublika Günü və müqəddəs Ramazan ayının başlaması münasibəti ilə təbrik edib. Daha sonra tədbirə qatılan ekspertləri – Əməkdar jurnalist Azər Həsrəti, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlini, ekspert Mirzağa Zahidovu təqdim edib.

Tədbirdə Müşfiq Ələsgərli deyib: “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunu (11-ci maddə), “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunu (11.5.3), “İnformasiya əldə etmək azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu (maddə 37), o cümlədən, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” (3-cü prinsip) yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmanı, lazımi anda məhdudiyyətlər tətbiq edilməsini tələb etsə də, xəbər istehsalçılarının bu tələbləri ya bilgisizlikdən, ya da bilərəkdən pozmaları halları intensiv olaraq qalır. Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, bu şəxslərin gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur.

O daha sonra deyib: “2013-cü ildən başlayaraq, informasiya yayımındakı məhdudiyyətlərin internet müstəvisinə də tətbiq edilməsi üçün addımlar atılır. 2015 və 2016-cı illərdə “Kütləvi İnformasiya Vasitələri haqqında qanun”a, Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə əlavə və dəyişikliklər edildi. Təcrübə göstərir ki, qanunlara əlavə və dəyişikliklər edilməsilə paralel şəkildə maaarifləndirmə işlərinin də aparılmasına ehtiyac var”.

Esmira Hidayətova, Mingəçevir