“Mətbuatda özfəaliyyətlə məşğul olan çox böyük dəstə var”

0
535

Azərbaycanda minlərlə KİV-in fəaliyyət göstərməsinə baxmayaraq, vətəndaşların gündəlik izlədiyi və xəbərlərinə inandığı mətbuat və media orqanlarının sayı çox azdır. Hətta dörd, ya beş ədəddir desək, daha doğru olardı. Ölkədə müşahidə olunan bu mənzərə nəyin nəticəsidir? İnsanlarımız sayının bu qədər çox olmasına baxmayaraq, nə üçün ancaq müəyyən informasiya vasitələrini izləyirlər? Təbii ki, bunun obyektiv səbəbləri vardır. Bu və ya digər səbəblər barədə Azərbaycanda peşəkar jurnalist kimi tanıdığımız insanlarla həmsöhbət olduq. Onlardan öyrəndik ki, bütün bu problemlərin əsas qaynağı peşəkar jurnalistlərin sayının çox az olmasıdır. Belə olan halda, digər bir sual yaranır – peşəkar jurnalist necə olmalıdır? “Əksər jurnalistdə ancaq hikkə və əda var” Mövzumuzla bağlı suallarımızı cavablandıran İctimai Televiziya və Radio Yayımları Şirkətinin Ədəbi-bədii verilişlər departamentinin direktoru Rafiq Səməndərin sözlərinə görə, jurnalistin birinci növbədə istedadı olmalıdır: “İstedad olmayan heç bir kəs savadından, dünyagörüşündən asılı olmayaraq jurnalist ola bilməz. İstedad isə insanlarda anadangəlmə olur. Bununla yanaşı jurnalist savadlı və dünyagörüşlü olmalıdır. Təəssüflə qeyd edirəm ki, bu gün jurnalist kimi fəaliyyət göstərən əksər şəxsdə bunların heç biri yoxdur. Onlarda ancaq hikkə və əda var”. R. Səməndərin sözlərinə görə, bugünkü jurnalistlərdə nəsə yenilik tapmaq mümkün deyil. Bu da ondan irəli gəlir ki, jurnalist fəaliyyəti ilə məşğul olanların savadı, istedadı və dünyagörüşü yetərli deyil. Müsahibimiz onu da əlavə etdi ki, jurnalistikada istedadla savad bir-birini tamamlamalıdır: “Jurnalistin yazdığı cümlələr başdan-ayağa özününkü olmalıdır. Buna da savad lazımdır. Amma indiki yazıların hamısı bir-birinə oxşayır. Bu da ondan irəli gəlir ki, yazılanların böyük əksəriyyəti kompyuterdən kopiyalanır. Çünki jurnalistlərin biliklərindən istifadə etmək bacarıqları yoxdur”. R. Səməndər istedadı inkişaf etdirməyin yolları haqqında da danışdı: “İstedad anadan gəlmə olmasına baxmayaraq, onu çoxlu mütaliyə etməklə inkişaf etdirmək mümkündür”. “10 mindən çox sözümüz istifadədən kənarda qalıb” Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynov isə bildirdi ki, jurnalist peşəkarlıq qazanmaq üçün azı 5 il hansısa mətbuat orqanında işləyib, təcrübə qazanmalıdır: “Jurnalistika ixtisasını bitirib, iş fəaliyyətinə başladıqdan sonra başa düşdüm ki, 5 ildə oxuduğum mənə ancaq pis yazmamağın yolunu göstərir. Jurnalist yaxşı yazmaq qabiliyyətini isə qələmini işlətməklə inkişaf etdirir”. Onun sözlərinə görə, peşəkar jurnalist həyatı, cəmiyyəti, hadisələri öyrənməlidir: “Jurnalist hansısa sahə üzrə mütəxəssis olmasa da, ən azından onunla söhbət etmək qabiliyyətinə malik olmalıdır. Təəssüf hissləri ilə qeyd edirəm ki, Azərbaycanda jurnalistika sahəsində ixtisaslaşma getmir. Jurnalistlərimiz arasında elələri vardır ki, 5-6 müxtəlif sahələrə aid yazılar yazır. Belə olan təqdirdə, onun işlərində səthilik ortaya çıxır. Bu da çox təbiidir”. Həmsöhbətimiz onu da əlavə etdi ki, jurnalistin eyni zamanda sosial məsuliyyəti olmalıdır: “Jurnalist nöqsanların tənqidinə həsr olunan yazılarında belə, müsbət xarakter nümayiş etdirməlidir. Etik qaydalardan kənara çıxmamalıdır”. Peşəkar jurnalistin həm də yüksək intellektual mədəniyyətinin olmasının önəmindən də danışan R. Hüseynov vurğuladı ki, peşəkar jurnalistlərin tənqidində də təhqir duyulmamalıdır. Ona görə ki, jurnalistin hər yazdığı faktlara əsaslanmalıdır. Jurnalistin peşəkarlığında istedadın həlledici rolundan danışan müsahibimiz bunu dedi: “Hər kəsin biliyi, savadı ola bilər, amma gərək onlardan istifadə edib ortaya bir şey çıxara biləsən. Jurnalistin öz sahəsində nə qədər uğurlu olması bu an özünü göstərir”. Ölkədə qeydiyyatdan keçən mətbuat orqanlarının sayının 5 minə yaxın olduğunu dilə gətirən müsahibimiz onu da qeyd etdi ki, onların hər biri özlərini peşəkar jurnalistdən əskik saymır. R. Hüseynov onu da ifadə etdi ki, jurnalistin söz ehtiyatının zəngin olması da vacibdir: “Mediamızın əsas problemlərindən biri də jurnalistlərimizin söz ehtiyatının az olmasıdır. Hazırda 10 mindən çox sözümüz istifadədən kənarda qalıb. Xəbərlərin 80%-i bir-birinə bənzəyir. Bu da onu yazanların söz ehtiyatının az olması ilə əlaqədardır. Jurnalistin xəbərçilik üslubu olmalıdır. Bunlar olmadan peşəkarlıqdan söhbət gedə bilməz. Ümumiyyətlə, jurnalistika istedadlıların oylağıdır”. “KİV nümayəndələri həqiqətin, ədalətin yanında olmalıdır” Fikirlərinə müraciət etdiyimiz AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli jurnalistika ilə bağlı fikirlərini belə ifadə etdi: “Jurnalist deyəndə, təsəvvürümdə ilk olaraq jurnalistikanın qaydalarına bağlı, əsas məqsədinin həqiqətləri cəmiyyətə çatdırmaq olan, yaxşı yazmaq, yaradıcılıq qabiliyyətinə malik, oxucunu, dinləyicini və tamaşaçını ələ almağı bacaran, həm də etik qaydalara dəqiqliklə əməl edən şəxsiyyət canlanır”. Q. Məhərrəmli Azərbaycandakı jurnalistika sahəsini belə xarakterizə etdi: “ Ölkəmizdə bir yanda azad jurnalistika, digər yandan da ciddi bir məsuliyyətsizlik var. Müşahidələrim əsasında deyə bilərəm ki, jurnalistlərimiz material hazırlayarkən qaynaqlara etinasız yanaşır, etik qaydaları gözləmir, həqiqətə sadiqlik prinsipini pozurlar. Nəticədə də cəmiyyətə yanlış məlumat verirlər. Hesab edirəm ki, özünə hörmət edən jurnalist və ya media qurumu bu prinsiplərə sədaqətli olmalıdır”. Müsahibimizin sözlərinə görə, jurnalistikanın əsas missiyası həqiqəti demək və onun yanında olmaqdır: “KİV nümayəndələri həqiqətin, ədalətin yanında olmalıdır. Sensasiyaya uymadan, sarı mətbuatın prinsiplərini qəbul etmədən məlumatı cəmiyyətə çatdırmalıdır”. Q. Məhərrəmli onu da qeyd etdi ki, bu gün Azərbaycanda peşəkar jurnalistlərin sayı durmadan azalır: “Azərbaycanda mətbuat və media sahəsində özfəaliyyətlə məşğul olan çox böyük bir dəstə var. Hansı ki, onlar müəyyən sifarişləri yerinə yetirirlər, cəmiyyətə müəyyən informasiyalar çatdırmaq işləri ilə məşğul olurlar. Bu səbəbdən də yeni gələn nəsil bu adamlardan heç nə öyrənə bilməz. Jurnalist olmaq istəyən kəs, ilk növbədə, bu sahənin qaydalarını bilməklə yanaşı, ona əməl etməlidir ki, vətəndaşların təsəvvüründə peşəkar jurnalist imici formalaşdıra bilsin”. Jurnalistin qabiliyyətləri məsələsinə də aydınlıq gətirən müsahibimiz qeyd etdi ki, mətbuat və media işçilərinin fundamental biliyi olmalıdır: “KİV əməkdaşları yaxşı yazmağı bacarmalıdır. Hesab edirəm ki, müasir jurnalistikada daha çox bacarıq və vərdişlərə ehtiyac duyulur. Çağdaş jurnalistlər müasir texnologiyanın imkanlarından maksimum şəkildə yararlanmaq qabiliyyətinə malik olmalıdır”. Q. Məhərrəmli sonda onu da əlavə etdi ki, hansısa bir insan yuxarıda sadalanan bütün müsbət keyfiyyətlərə sahibdirsə, amma fəaliyyəti ilə şərə, piyar və təbliğata xidmət edirsə, bu yenə də peşəkar jurnalist obrazı yaratmır: “Adam var çox istedadlıdır, amma o bütün bunların cəmi ilə şərə xidmət edir. Jurnalist piyar və təbliğatla məşğul olmamalıdır. Onlar özünü bütün bunlardan çox ciddi şəkildə qorumalıdır”. ELVIN ƏLIYEV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here