Mətbuat Şurasının “Asan xidmət”i

Vallah, kim nə deyir desin, Əflatun bəy Amaşovun rəhbərliyi altında fəaliyyət göstərən bizim Mətbuat Şuramız lap qurd ürəyi yeyib.
 Halal olsun bizim şuranın üzvlərinə yedikləri, üstəlik, üstündən içdikləri də… İlin-günün bu çağında sabirsayağı “günü parlaq, günüzü ağ, gecəni tar… bədi bəd, əyrini əyri, düzü həmvar” görür və gördüklərini “nikü-bədi izhar eləmək”dən belə çəkinmir. Hələ üstəlik, elə sabirsayağı belə bir mesaj göndərir: “Niyə bəs böylə bərəldirsən, redaktor gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü?” Bəli, elə bu tünd xasiyyətinə görə bizim Mətbuat Şuramız bütün məmləkətin diqqətini özünə cəlb edə bilib. Məhz onun həyata keçirdiyi əməli tədbirlər sayəsində ölkəmizdə cani-dildən çalışan məmurlarımız rahat nəfəs alırlar. Bəli, indi onlar ciblərində gəzdirdikləri, yaxud iş yerlərində əllərinin altında saxladıqları həmin “qara siyahı”ya baxmaqla hansı mətbuat orqanının hansı yerin, əgər belə demək mümkünsə, quşu, yaxud reketi olduğunu o dəqiqə bilirlər. Elə bu günlərdə bir məmurun yanına getmişdim ki, bəzi mətləblərə aydınlıq gətirim. Amma mətləblərin məğzinə keçməmişdən öncə onun hərdən hara isə boylandığı nəzərimdən yayınmadı. Az sonra məlum oldu ki, sən demə, o öz masasının aşağı hissəsinə yapışdırdığı qara siyahıya baxırmış ki, görsün bizim adımız orada var, yoxsa yox. Bu yerdə Xan Şuşinski ilə bağlı bir məzəli əhvalat yadıma düşdü və bunu ona nəql etdim, o da o ki var güldü. Həmin əhvalatı sizə də nəql edim, qoy eyniniz açılsın. Hə, deyilənlərə görə, 1934-cü ilin payızında Xan Şuşinski tanınmış rus yazıçısı M.Y.Lermontovun 120 illik yubileyində çıxış etmək üçün Bakıya çağırılır. Dövlət və hökumət rəhbərlərinin, eləcə də Rusiyadan dəvət olunmuş məşhur ədəbiyyat xadimlərinin iştirakı ilə keçirilən tədbirdə təşkilatçılardan göstəriş gəlir ki, Xan Şuşinski muğam üstə mütləq Lermontovun şeirlərindən oxumalıdır ki, bizim muğam ifaçılarımızın da Lermontov seirinin vurğunu olduğunu qonaqlar görsünlər. Xan əmi şeirlərdən birini cəld kağız parçasına köçürüb qavalın içinə pərçimləyir və muğam üstündə Lermontovun şeirini birtəhər ifa edib, başa çatdırır. Tədbirdən sonra Mircəfər Bağırov musiqiçilərə yaxınlaşıb razılığını bildirir və üzünü Xan əmiyə tutub deyir:

– Xan, həmişəki kimi yaxşı oxudun, amma nə işdirsə, yaman qavalın içinə boylanırdın…

Nə isə, əsas məsələdən uzaqlaşmayaq. Hə, onu deyirdim axı… Daha zəhmət çəkib axtarış-filan etmirlər. Bu mənada həmin “qara siyahı” onlar üçün, sözün həqiqi mənasında, “Asan xidmət” rolunu oynayır. Yeri gəlmişkən, qeyd edək ki, bir neçə gün əvvəl Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə komissiyası daha 3 qəzeti və 2 xəbər saytını “qara siyahı”ya daxil edib. Bu KİV-lər “reket nəşrlərin siyahısı”na daxil edildikdən sonra Şuranın “qara siyahı”sındakı rəqəm 89-a çatıb. Bir sözlə, hazırda bu sayda reket mətbuatımız var. Həmin siyahıdakı qəzet adlarına baxanda bir məsələnin fərqinə daha çox varmalı oldum. Həmin kütləvi informasiya vasitələrinin əksəriyyətinin adında “respublika”, “Azərbaycan”, “hüquq”, “ədalət” sözləri var. Özlərinə belə adlar vermiş qəzetlər görəsən, heç olmasa, bu sözlərdən xəcalət çəkirlərmi?

Mənə elə gəlir ki, ölkəmizdə fəaliyyət göstərən bütün qurum və təşkilatlarda bu tipli “qara siyahı”lara ciddi ehtiyac var. İnandırım sizi, əgər belə siyahılar olsa, qara işlərlə məşğul olanlar həmin “qara siyahı”lara salınsalar, camaat da bir rahatlıq tapar. Yəni hərdən “qavalın” içinə baxmaqla işini möhkəm tutar. Xahiş edirəm ki, kimsə mənim dediklərimə siyasi don geyindirməyə cəhd etməsin. Ötən əsrin otuzuncu illərində bir həkim xəstəliklərindən şikayətlənən 5-6 kolxozçuya deyibmiş ki, yaylağa get, havanı dəyiş. O saat yuxarılara çatdırırlar ki, bəs filan həkim camaatı yaylağa səsləməklə kolxozdan qaçırmağa cəhd edir. Elə buna görə də həkim həbs olunur və gedər-gəlməzə göndərilir.