Məsuliyyəti üzərinə götürən yoxdur

0
310

Yağış yağan kimi Bakıda vəziyyət dəyişir. Təkcə fərdi evlərin həyətlərini, binaların zirzəmilərini su basmır, həm də yollarda kilometrlərlə tıxac yaranır, avtomobillər küçələrdəki “göllərdə” ilişib qalırlar. Son günlər Bakıya intensiv yağışların yağması tıxac problemini daha da qabartdı. Oktyabrın 17-də paytaxt yollarında müşahidə olunan tıxac da bu qəbildəndir. Həmin gün “Dərnəgül” yolunda hətta 3-4 saat tıxacda qalanlar oldu. Bəs Bakıda bir az yağış yağan kimi yolların keçilməz olmasının səbəbi nədir? Bu problemin yaranmasında dövlət qurumlarının və vətəndaşların üzərinə düşən nədir?
“Yeni Avaz” qəzetinin məsələ ilə bağlı suallarını nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov cavablandırdı. Müsahibimiz problemin səbəbini belə şərh etdi: “Paytaxt yollarında yağışdan sonra tıxacların yaranmasının şübhəsiz ki, bir neçə səbəbi ola bilər. Burada obyektiv səbəblər də var, subyektiv səbəblər də. Yağışın çox yağması bir səbəbdir, amma məncə, əsas deyil”.
A. Allahverənov dediklərinə misal kimi, bir vaxtlar Rusiyada gördüklərini əsas gətirdi: “Mən özüm vaxtilə Rusiyada yaşamışam. Kazan şəhərində ilin 12 ayının 8 ayı yağmurlu olurdu. Orada cəmi 4 ay ərzində yağış yağmırdı. Hətta yaydada yağışlar yağırdı. Tələbəlik illərimdən danışıram – mənim yadıma gəlmir ki, orada gölməçəyə düşəm və ya hansısa bir nəqliyyat vasitəsi ilə hərəkət edərkən tıxacda qalam. Bunun başlıca səbəblərindən biri də budur ki, həmin şəhərdə yolların quruluşu bu iqlimə uyğun olub, drenaj sistemləri yüksək səviyyədə işləyib və buna görə də yağış suları asfaltın üzərindən dərhal axıb, kanalizasiya xətlərinə tökülüb. Orada çox vaxt asfaltın üzəri quru qalırdı. Deməli, bizdə çox vacibdir ki, yağışın çox və ya az yağmasından asılı olmayaraq, yollardakı drenaj sistemləri, su ötürücü qovşaqları və ya kollektorlar kifayət qədər təkmil şəkildə işləsin. Bakıda asfaltın üzərinə tökülən su xüsusi kanallar vasitəsilə axıdılmalı və ümumi kanalizasiya vasitəsi ilə nəzərdə tutulan yerə tökülməlidir. Bizdə yağışlı havalarda tıxacın başlıca səbəblərindən biri budur. Digər səbəblərə gəlincə, bəzi yerlərdə dəmir barmaqlıqlar zibillərlə, məişət tullantıları ilə doldurulur. Sual yaranır ki, dəmir barmaqlıqları məişət tullantıları ilə dolduran kimdir. Mən bilirəm ki, kommunal təsərrüfat idarələrinin işçiləri ilə vaxtaşırı bu mövzuda maarifləndirici söhbətlər aparılır ki, zibili ora doldurmasınlar. Kiminsə zibil atması və ya şüşə qab atması ilə ora tutulası deyil. Yox əgər zibil çoxdursa və məqsədyönlü şəkildə atılırsa, bu da yolverilməzdir. Bu, həmin o dediyimiz drenaj sistemlərinin çox pis işləməsinə, su axınının qarşısının alınmasına gətirib çıxarır. Bu məsələ də öz həllini tapmalıdır”.
“Bəzi sürücülər həddən artıq ehtiyatlı olurlar”
Nəqliyyat ekspertinin sözlərinə görə, yağışdan sonra paytaxt yollarında uzun tıxacların yaranmasında sürücülərin də rolu var: “Təəssüflər olsun, bizim sürücülərin arasında elələri var ki, yağmurlu şəraitdə nəqliyyat vasitəsini idarə edə bilmirlər: ya düzgün sürət seçmirlər, ya avtomobilləri buna uyğun deyil, ya nəqliyyat vasitələri arasında məsafə saxlamırlar, ya da həddən artıq ehtiyatlı olurlar – qorxurlar ki, üzəri su ilə örtülmüş asfaltda kanalizasiya quyusunun qapağı çıxmış ola və ya orada digər maneələr ola bilər. Burada sürücülərin təcrübəsindən və ya təcrübəsizliyindən çox şey asılıdır.
O ki qaldı icra qurumlarının yollardakı vəziyyətə müdaxiləsinə – mənim çox xoşuma gəldi ki, Fövqəladə Hallar Nazirliyi operativ şəkildə suların çəkilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə başladı və gecə ərzindədə bu işlər həyata keçirildi. Mən bir vətəndaş olaraq istəmirəm ki, növbəti yağışda da buna bənzər vəziyyət yaransın – insanlar bundan nəinki mənəvi və fiziki əziyyət çəksinlər, həm də maddi ziyana düşsünlər. Son günlər yollarda çoxlu sayda sıradan çıxmış nəqliyyat vasitələrinə rast gəlirik. Mən düşünürəm ki, təcili olaraq yaranmış vəziyyətin araşdırılmasına dair əlaqələndirmə şurası və ya komissiya yaradılmalıdır. Həmin ərazilər aşkara çıxarılsın və müəyyən olunsun ki, nəyə görə eyni ərazilərdə yağışdan yağışa problem yaşanır? Bu səbəblər öyrənilsin, aradan qaldırılması ilə bağlı tədbirlər planı hazırlansın və bunlar növbəti yağışa qədər heç olmasa qismən öz həllini tapsın. Vacibdir ki, həmin komissiyaya mütəxəssislər cəlb olunsun, onlar da bu məsələdə öz sözlərini desinlər”.
“Göllər”dən necə xilas olaq?
Mütəxəssis dedi ki, bu məsələdə dünya ölkələrinin təcrübəsi də öyrənməlidir: “Şübhəsiz ki, intensiv yağıntılar tək Azərbaycanda qeydə alınmır. Dünyanın bir çox iri şəhərlərində intensiv yağıntılar qeydə alınır və onların da təcrübəsindən faydalanmaq lazımdır ki, bu “göllər”dən necə xilas olaq? Ona qədər isə bizim sürücülər, digər yol hərəkəti iştirakçıları olan şəxslər düzgün davranış qaydaları sərgiləməlidirlər. Əgər mən bilirəmsə keçən dəfə yağış yağanda filan tuneldə tıxac yaranmışdı, keçilməz olmuşdu – onda maşını o istiqamətdə sürməməliyəm, alternativ yol seçməliyəm. Alternativ yol ola bilsin ki, 5 kilometr artıq məsafə qət etməyimə səbəb olacaq, bundan çəkinməli deyiləm. Alternativlər barədə düşünməliyik.
Fürsətdən istifadə edib üzümü mədəniyyətsiz sürücülərə tuturam. Özüm də şahidi oluram ki, gölməçələrin yarandığı yerlərdən həmin sürücülər elə sürətlə keçirlər ki, hətta uzaq məsafədə olan piyadanın üzərinə belə su sıçramış olur. Fürsətdən sui-istifadə edib digər insanların hüquqlarını tapdalamasınlar”.
“Tunellər tikilərkən hər şey nəzərə alınmalıdır”
Yağış yağan zaman tunellərin su ilə dolmasına gəlincə, A. Allahverənov bunları dedi: “Mən istəməzdim ki, tunelin tikintisinə cavabdeh olan qurumları hansısa bir məsələdə ittiham eləyim. Amma hesab edirəm ki, tunellərin tikinti planı tərtib olunarkən drenaj sistemləri Bakı küçələrinə illik normanın nəinki 50 faizi qədərində, hətta 100 faiz həcmində yağış yağması ehtimalına da hesablanmalıdır. Yəni bu mütləqdir, heç vaxt düşünmək olmaz ki, Bakı şəhərinə az yağış yağacaq. Tunellərin tikintisi zamanı bu kimi proqnozlar üzərində mümkün təhlükələr də hesablanmalıdır. Təhvil-təslim məsələlərində bunlar nəzərə alınmalıdır. Bu gün bəzi tunellərin divarlarından su axması ilə bağlı soruşanda deyirlər qrunt sularıdır. Yaxşı, qrunt sularıdırsa, niyə başqa vaxt axmır? Deməli, həmin tunellərin inşa olunduğu yerlərdə su axarlarının təmin olunması və ya su axarlarının qarşısını ala biləcək hansısa sədlərin çəkilməsinə də ehtiyac var idi. Hər bir sahənin öz mütəxəssisi olduğu kimi, bu sahənin də öz mütəxəssisi olmalıdır. Buna cavabdeh olan qurumlar isə müəyyən olunmuş şərtlər, tələblər və standartlar çərçivəsində iş görməlidirlər ki, biz sıravi vətəndaşlar, istehlakçılar bundan əziyyət çəkməyək”
“İntensiv yağıntılar zamanı kollektorlar tam yüklənir və bütün suyu daşıya bilmir”
“Normadan artıq yağıntı olduqda Bakı şəhərində müəyyən bölgələrdə problemlər olur”. Bu sözləri isə “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, problem yaranan ərazilərdə də yağış-kanalizasiya sistemi, kollektorlar var: “Sadəcə kollektorların gücü çatmır və nəticədə su yenidən yola çıxır. Əksər ərazilərdə problemin səbəbi budur. Ziya Bünyadov prospektində, Xətai, Neftçilər prospektində, Biləcərinin mərkəzi yolunda və Binəqədi şosesində olan problem ondan ibarətdir ki, su nasosları suyu ərazidən uzaqlaşdıra bilmir”.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə APA-ya açıqlamasında deyib ki, mövcud kanalizasiya sistemi 1970-1980-ci illərdə yaradılıb və həmin dövrün tələbatı üçün hesablanıb: “Son illər Bakı kifayət qədər böyüyüb, binaların sayı çoxalıb. Bakının kanalizasiya şəbəkəsi isə ötən əsrin 70-80 illərində qurulub və həmin dövrün tələbatı üçün hesablanmışdı. Bu gün bu sistem tələbatı ödəmir. Bu gün yağış sularının hamısı “Azərsu”nun kollektorlarına yönəlir. Belə olan halda isə intensiv yağıntılar zamanı kollektorlar tam yüklənir və bütün suyu daşıya bilmir”.
NİCAT İNTİQAM