“Məşhurlaşmağın” yolu “Qarabağ”dan keçir

0
447

Kim nə deyir desin, şəxsən mən “Qarabağ” – “İnter” matçını idarə etmiş və “Qarabağ”ın, azarkeşlərin dili ilə desək, təmiz qolunu saymamaqla bu komandanı Avropa Liqasının 1/16 final mərhələsindən məhrum etmiş çexiyalı baş hakim Mioslav Zelinkanı (Bir daha xatırladaq ki, “Qarabağ” – “İnter” oyununu idarə etmiş bu hakim Riçard Almeydanın vurduğu qolu hesaba almayıb.
 Nəticədə qrupda 6 xal toplayan komandamız 3-cü sırada qərarlaşaraq qrupdan çıxa bilməyib) bizim bəzi yazarlar kimi topa tutmaq fikrində deyiləm. Heç bu barədə düşünmürəm də… Təbii ki, belə fikrə kor-koranə gəlməmişəm. Bu, uzun-uzadı axtarışlarımın nəticəsidir. Bəri başdan xahiş edirəm ki, buna görə məni masqaraya qoymayasınız. Əgər masqaraya qoysanız, “ofsayd” hesab etməklə ümidlərinizi alt-üst edəcəyəm.

Sizi intizarda çox saxlamaq niyyətində deyiləm. Odur ki, keçirəm düz mətləbin mərkəzinə… A kişilər, siz elə bilirsiniz ki, çexiyalı baş hakim Mioslav Zelinka həmin addımı düşünmədən, kor-koranə atıb? Əsla, yox. Elə bilirsiniz ki, cənab hakim sizin düşündüyünüz qədər sadəlövhdür? Yenə deyirəm: əsla, yox. Bəs niyə görə Mioslav Zelinka “Qarabağ” və onun simasında xalqımızı məyus etdi? Buna görə baş sındırmağa ehtiyac yoxdur, çünki cavab olduqca bəsitdir.

Görünür, çexiyalı baş hakim bu matçdan öncə ölkəmiz, eləcə də “Qarabağ” barədə kifayət qədər tarixi araşdırmalar aparıb. Üstəlik, öyrənib ki, neçə-neçə şəxs məhz Qarabağın sayəsində adını tarixə qovuşdurub. Və birdən-birə onun da könlünə özünü tarixə yazdırmaq düşüb. Odur ki, öz-özünə deyib: “Bu bir həqiqətdir ki, indiyədək mən idman aləmində əməlli-başlı tanınmıram, yəni məşhur deyiləm. Odur ki, dünyanın heç bir ölkəsində adım hallanmır. Halbuki mənin tay-tuşlarımın səsi yer üzünün hər guşəsindən gəlir. Məncə, əlimə gözəl fürsət düşüb. Elə isə niyə mən bu tarixi fürsətdən yararlanmayım? Axı belə şans bir də çətin ki, əlimə düşə”. Daha sonra söyləyib: “Əgər mən Bakıda keçirilən “Qarabağ” – “İnter” oyununu sakit məcrada idarə etsəm, daha doğrusu, “Qarabağ”ı yandırmasam, təbii ki, dilə-dişə düşə bilməyəcəyəm. Yenə də sıradan bir hakim olaraq qalacağam. Odur ki, elə bir “yeniliyə” imza atmalıyam ki, “Qarabağ”ın adı çəkiləndə (Qarabağın adı isə dünyanın hər yerində çəkilir) mənim də adım yada düşsün. Özü də mənim üçün adımın ya nifrətlə, yaxud da ehtiramla anılmasının heç bir əhəmiyyəti yoxdur, təki çəkilsin”. Bəli, məhz bu səbəbdən cənab Mioslav Zelinka “Qarabağ”ın son dəqiqədə vurduğu qolu qeydə almayıb. Və bununla da adını “Qarabağ”ın tarixinə salmaq şərəfinə nail olub. Kim nə deyirsə desin, o artıq istəyinə yetişib. Bu fikrimə şübhə ilə yanaşanlara bir daha xatırladıram ki, son günlər “Qarabağ”ın adı çəkilən hər yerdə onun da adının çəkilməsi artıq faktdır. Faktdan qaçmaq isə mümkün deyil.

Güman edirəm ki, mənim bu məntiqi araşdırmalarımdan sonra sizə hər şey gün kimi aydın oldu. Yəni bu məsələdə baş hakimi nə satqınlıqda, nə xalqa qarşı xəyanətdə, nə də digər nəsnələrdə qınamaq doğrudur. Onun könlünə, sadəcə, məşhurlaşmaq düşmüşdü ki, bu istəyinə də çatdı.

Bu sətirləri yazarkən yadıma bir əhvalat düşdü. Deməli, belə. Deyilənlərə görə, Qarabağda tanınmış Vəzirovlar nəslinə mənsub Əbdürrəhim bəy babasından qalmış evi qardaşı ilə bölüşüb, alt mərtəbəni özü götürür. Günlərin bir günü qardaşı Əbdürrəhim bəyə yardım göstərməkdən, yəni pul verməkdən imtina edir. Əbdürrəhim bəy fikirləşir ki, bəs necə edib ki, qardaşım əvvəlki kimi mənə yardım etsin. Bir gün qardaşı aşağıdan tappıltı səsi eşidir. Aşağı düşəndə görür ki, Əbdürrəhim bəy əlindəki balta ilə eyvanı saxlayan dirəyi kəsmək istəyir:

– Sən nə edirsən, məgər bilmirsən ki, bu tiri kəssən, ev yıxılar? – deyə qardaşı ona deyir.

O:

– Alt mərtəbə mənimdir, pulum qurtarıb, söküb satmaq istəyirəm, – deyir.

Qardaşı ona yüz manat verir ki, xərcləsin, tirlə işi olmasın. Deyilənlərə görə, bu hadisədən sonra Əbdürrəhim bəy hər dəfə pulu qurtaranda əlinə balta alıb, tirin yanına qaçarmış.

Mənim bu rəvayətdən gəldiyim nəticə isə budur: qorxuram, hər könlünə məşhurlaşmaq düşən “Qarabağ”ın üstünə yürüyə. Allah bizi bundan saxlasın.

Qvami Məhəbbətoğlu

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here