Məşhurların müəmmalı aviaqəzaları

577
Boliviya prezidenti Rene Baryentos Ortunyo
Çe Gevaranın (ortada) Boliviyada həbsi.Soldan birinci ABŞ-ın Mərkə Kəşfiyyat İdarəsinin (MKİ-CİA) agenti Feliks Rodrigesdi. Geveranın öldürülməsindən sonra onun “Rolex” qol saatını və əl fənərini məhz F. Rodriges özünə götürmüşdü.

1969-cu il, aprel ayının 27-də vertolyot qəzası nəticəsində Boliviyanın Prezidenti Rene Baryentos Ortunyo həlak oldu. Həmin vaxt Boliviya Prezidenti kəndlilər arasında özünə olan inamı bərpa etmək üçün onlarla müntəzəm olaraq görüşlər keçirir və bu məqsədlə ölkənin əyalətlərinə səfərlərə çıxırdı. Belə bir taktika Boliviya Prezidentinə əvvəllər də əhali arasında şöhrət gətirmiş və onun ölkə başçısı seçilməsində önəmli rol oynamışdı. Rene Baryentos Ortunyo bu dəfə də  növbəti prezident seçkilərinə hazırlaşırdı və ona görə də müntəzəm olaraq ölkənin ən ucqar əyalətlərinə, gözdənuzaq kəndlərinə belə səfərləri edərək onlarla birbaşa canlı görüşlər keçirirdi.   1969-cu il, aprel ayının 27-də Boliviya Prezidenti Rene Baryentos Ortunyo Koçabamba əyalətinin Arke şəhərinə uçmağı qərara aldı. O burada yerli əhali ilə görüş keçirməli idi. Lakin Prezidentin mindiyi vertolyot görüş yerinə gedib çıxa bilmədi.  Vertolyot Koçabamba əyaləti üzərində “qəzaya” uğradı. Dərhal da bununla bağlı əhali arasında Prezidentin mindiyi vertolyotun yerdən vurulduğu barədə müxtəlif  şayiələr yayılmağa başladı…

1919-cu il, may ayının 30-da Boliviyanın Koçabamba əyalətinin Tarata kəndində anadan olan Rene Baryentos Ortunyo yerli hindu qəbiləsi olan Keçua və bu yerlərə işğalçı kimi gəlmiş ispan kökənli ailənin izdivacından dünyaya gəlmişdi. Uşaq yaşlarından siyasətə meyil etməsi və ölkənin gələcəyi ilə bağlı müzakirələrdə yaxından iştirak etməsi onun tədricən gələcəyin dövlət xadimi kimi formalaşmasında önəmli rol oynadı.  Siyasətə erkən atılması və ətrafındakıların təsiri altında ölkəsinin gələcəyinin güclü ordudan asılı olması qənaətinə gəlməsi nəticəsində Rene Baryentos Ortunyo zabit olmaq qərarına gəldi. Bu məqsədlə də o, hərbi məktəbə daxil olaraq buranı uğurla başa vurdu və orduda zabit kimi qulluq etməyə başladı. Bununla belə, Rene Baryentos Ortunyo ölkədə baş verən siyasi olaylarda da yaxından iştirak edirdi. 1940-cı ildə 21 yaşlı Rene Baryentos Ortunyo İnqilabçı və İslahatçı Milli Hərəkata qoşuldu və tezliklə bu təşkilatın ən fəal üzvlərindən birinə çevrildi. O qısa müddətdə bu quruma rəhbərlik edən  Viktor Pas Estensoronun ən yaxın adamına çevrildi. Buna paralel olaraq hərbi biliyini daha da təkmilləşdirən gələcəyin Boliviya Prezidenti 1943-cü ildə hərbi akademiyanı uğurla başa vurdu.

Rene Baryentos Ortunyo 1945-ci ildə isə hərbi aviasiya kursunu başa vuraraq pilot  vəsiqəsi aldı və dəfələrlə  hərbi təyyarəni havaya qaldıraraq özünün də dediyi kimi, bacarıq və biliyini nümayiş etdirdi. İnqilabi ideyalara aludə olması, ölkədə tez-tez baş verən kəndli üsyanlarına dərindən rəğbət bəsləməsi onun hərbçilər arasında da özünə xeyli tərəfdaş tapmasına gətirib çıxarmışdı. Amma həmin dövrdə ölkəni idarə edən rejim inqilabi hərəkat  tərəfdarlarına divan tutmağa başlamışdı. Bununla belə, 1936-cı ildə Boliviyada inqilab baş verdi və nəticədə general Xose Ruylova hakimiyyətə gəldi. O, Boliviyanı sosialist respublikası elan edərək, ölkədəki ABŞ-ın “Standart oyl of Nyu-Cersi” kompaniyasının əmlakını özəlləşdirdi. Buna cavab olaraq, ABŞ kəşfiyyat orqanları Boliviyada polkovnik Buş Besserin rəhbərliyi altında yeni hərbi çevriliş etdilər. Lakin Besser də ABŞ-ın sözəbaxan oyuncaq prezidenti olmaq istəmirdi. O da xaricilərə məxsus kompaniyalar üzərində sərt nəzarət rejiminin həyata keçirilməsi barədə göstəriş verdi. Bu isə Vaşinqtonda narahatlıqla qarşılandı. 1939-cu ildə Buş Besser öz kabinetində öldürülmüş halda tapıldı. Dərhal da əhali arasına belə bir şayiə buraxdılar ki, o özünü öldürüb. Lakin polkovnikin heç bir səbəb olmadan özünü öldürməsi ağlabatan görünmürdü. Ona görə də onun xarici ölkələrin xüsusi xidmət orqanları əməkdaşları tərəfindən öldürüldüyü ehtimal edilir. Qeyd edək ki, həmin dövrdə Buş Besserin ən yaxın məsləhətçisi Viktor Pas Estensoro idi. Hakimiyyətin dəyişməsindən sonra Estensoro yeni siyasi hərəkat yaradaraq ona rəhbərlik etməyə başladı. Bu qurum isə, öz növbəsində, gənc Rene Baryentos Ortunyonun diqqətini özünə cəlb etdi. Ümumiyyətlə, qeyd edək ki, XX əsr Boliviya tarixində hərbi çevrilişlər dövrü kimi qalıb . Həmin dövrdə tez-tez hərbi çevrilişlər baş verirdi. Bu da, öz növbəsində, ordu arasında böyük qruplaşmalara gətirib çıxarmışdı. Aydın məsələdir ki, Rene Baryentos Ortunyo da  bu çevrilişlər zamanı zabit kimi ona verilən tapşırıqları yerinə yetirməyə məcbur idi.

 

İnqilab Baryentosun

hakimiyyətə yolunu açır

1952-ci ildə Boliviyada baş verən növbəti inqilab nəticəsində Roxas Balvianın rejimi devrildi və hakimiyyətə Estonsoronun rəhbərlik etdiyi İnqilabçı-İslahatçı Milli Hərəkat  gəldi. Bu inqilabda Rene Baryentos Ortunyo da fəal iştirak etmişdi. O, Estonsoronun ən yaxın adamlarından biri kimi ölkənin idarə edilməsində iştirak etməyə başladı. Estensoronun hakimiyyəti illərində ölkədə əhalinin maraqlarına xidmət edən çoxsaylı iqtisadi və siyasi islahatlar keçirildi, yerli hindu əhaliyə səsvermə hüququ verildi. Kəndlərdə əyani xəstəxanalar və məktəblər inşa edilməyə başladı. 1957-ci ildə  Rene Baryentos Ortunyo ölkə qarşısında göstərdiyi xidmətlərə görə ölkənin ali mükafatı ilə təltif edildi. Həmin il onu Boliviya Hərbi Hava Qüvvələrinin komandanı təyin etdilər. Həmin dövrdə Estensoro ilə Rene Baryentos Ortunyo arasında müxtəlif məsələlərə münasibətdə fikir ayrılıqları əmələ gəlmişdi. Nəticədə onlar arasında olan bu fikir ayrılıqları tədricən düşmənçiliyə çevrildi. Bu da  general Rene Baryentos Ortunyonu keçmiş dostuna qarşı hərbi çevriliş etmək fikrinə saldı.

 

Baryentos hərbi çevriliş edir

1964-cü il, noyabr ayının 3-də Rene Baryentos Ortunyo və general Ovando Kandia tərəfindən ölkədə hərbi çevriliş baş verdi. Dərhal da Boliviyada hərbi vəziyyət elan edildi. Hərbi çevrilişi nəticəsində Estonsoro keçmiş dostu və ən yaxın silahdaşı olan Rene Baryentos Ortunyonun təzyiqi nəticəsində hakimiyyətdən əl çəkməyə və ölkəni tərk edərək Peruya getməyə razılıq verməyə məcbur oldu. Hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Rene Baryentos Ortunyo və Ovando Kandia ölkəni birgə idarə etməyə başladılar. 1966-cı ildə keçirilən prezident seçkilərində isə  Baryentos rəqibi üzərində qələbə çalaraq, ölkəni təkbaşına idarə etməyə başladı. Ancaq Baryentos artıq dəyişmişdi. O, vaxtilə tərəfdarı olduğu sosializm ideyalarının ölkədə geniş yayılmasına qarşı qızğın mübarizə aparmağa başlamışdı. Bu çərçivədə də Baryentos kəndli üsyanlarını amansız şəkildə yatırır, sosializm ideyaları tərəfdarlarını kütləvi şəkildə güllələdirdi. Məhz Baryentosun hakimiyyəti illərində, daha dəqiq desək, 1967-cı ildə ölkədəki inqilabi hərəkata rəhbərlik edən məşhur kubalı əfsanəvi inqilabçı Çe Gevara öldürüldü. Öz hakimiyyətini qoruyub saxlamaq məqsədi ilə Baryentos 1967-ci ildə hökumət əleyhinə etiraz aksiyası keçirən şaxtaçılara atəş açılması barədə əmr verdi. Nəticədə aksiyada iştirak edən 30 şaxtaçı və onların ailə üzvləri öldürüldü. Bu qanlı hadisə Boliviya tarixinə “Día de San Juan” günü kimi düşdü. Hakimiyyəti əldə saxlamaq üçün Baryentosun əl atdığı ağır cəza tədbirləri o dövrdə ölkənin daxili işlər naziri vəzifəsində işləyən Antonio Arqedasın Kubaya qaçması ilə nəticələndi.

 

Bu, adi qəza deyildi

Ölkədəki xalq  üsyanlarını amansızcasına yatırmasına baxmayaraq, Baryentos özünü demokrat kimi qələmə verməkdə davam edirdi. Bu məqsədlə də o, 1969-cu ildə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində  əyalətlərə gedərək xalqla görüşməyə başlamışdı. Bu taktika  əvvəlki seçkilərdə ona böyük uğur gətirmişdi. Ona görə yendən o, eyni taktikaya əl atmağa başlamışdı. Amma Baryentos növbəti dəfə belə bir görüşə gedəndə onun mindiyi vertolyot müəmmalı şəkildə qəzaya uğradı və o, həlak oldu.  Yenə də çoxsaylı şahid ifadələrinə görə, prezidentin vertolyotu yerdən buraxılan raketlə vurulub. Həmin dövrdə generalın ölkədə keçirdiyi amansız cəza tədbirləri həm xalq, həm də ordu arasında ciddi narazılıqlara səbəb olmuşdu. Bu baxımdan Prezidentin vertolyotunun vurulması məntiqi baxımdan daha ağlabatan görünür. Bununla belə, hadisəni tədqiq edən komissiya şahid ifadələrinə məhəl qoymadan faciənin adi qəza nəticəsində baş verdiyini bəyan etdi.  Amma Prezidentin həlak olması nəinki ölkənin aşağı, həm də yuxarı təbəqələri arasında sevinclə qarşılanmışdı. Üstündən illər ötəndən sonra keçmiş prezident Estensoro Baryentosun vertolyotunun vurulması haqqında ona ünvanlanan suala belə cavab vermişdi: “Baryentos qəddar adam idi. O, hakimiyyətə hərbi çevriliş nəticəsində gəlmişdi. Onun ətrafında da bu yolla hakimiyyətə gəlmək istəyən silahdaşları vardı. Ona görə də Baryentosun vertolyotu adi qəzanın qurbanı ola bilməzdi. Mən vertolyotun onun ən yaxın silahdaşları olan hərbiçilərin göstərişi ilə vurulduğuna əminəm”.

 ƏZIZ MUSTAFA