Məşhur müsəlman alimlər: İbn Xəldun (4)

463
İbn Xəldunun ona şöhrət gətirəcək tarixi əsərini yazarkən çoxsaylı mənbələr araşdırdığı, yunan, Roma, eyni zamanda özündən əvvəlki müsəlman filosofların əsərlərini oxuduğu məlumdur. 
Amma İbn Xəldunun özünəməxsusluğu həmin filosofları cəsarətlə tənqid etməsində, eyni zamanda onların əsərlərindən yeni ideyalarını sübut etmək üçün özünəməxsus şəkildə yararlanmasındadır. Bir sözlə, İbn Xəldun Platon və Aristoteldən, İslam filosofları Fərabi və İbn Sinadan insanın təbiət etibarı ilə mədəni olduğu düşüncəsini qəbul etmişdir.

İbn Xəldun əsərində bildirir ki, insanlar ayrı yaşaya bilməzlər və onlar birgə fəaliyyət göstərməyə məhkumdurlar. Eyni zamanda o, qeyd edir ki, insanların cəmiyyətdə özlərini heyvan kimi aparmamaları üçün onların fəaliyyətlərini məhdudlaşdıran və müəyyən çərçivəyə salan qanunlara və bu qanunlara nəzarət edən dövlətə ehtiyac var. İbn Xəldun dövlətin yaranmasının zəruriliyini da məhz bu səbəbdən izah edir. O, eyni zamanda Allahın öz xəlifəsi olan peyğəmbərlərin və onlara göndərilən kitabların da məhz insanların yaşayış qanun-qaydalarının daha mükəmməl şəkildə həyata keçirilməsinə, onların pisliklərdən  uzaqlaşmasına,  doğru yola  istiqamətləndirilməsinə xidmət etdiyini vurğulayır. Amma filosof alim bu məsələyə münasibətdə fərqli mövqedən çıxış edir. Fərabi və İbn Sinadan fərqli olaraq, İbn Xəldun Yer üzünə peyğəmbərlər göndərilməmişdən əvvəl də dövlətlərin olduğunu və  dövlətin Allahın xəlifələri olan peyğəmbərlərlə məhdudlaşdırılmasının yanlış olduğunu yazır. Onun fikrincə, Yer üzündə Allahın xəlifələri olan peyğəmbərlər istənilən halda dövlət başçılarından qat-qat yüksəkliklərdə, hökmdarlar, həmçinin bəşər övladları üçün əlçatmaz zirvələrdə dayanırlar.

 

İbn Xəldunun Ümran elmi

İbn Xəldun dünyada çox tarixi hadisələrin baş verdiyini, ancaq üstündən illər ötəndən sonra onlardakı əsl həqiqətlərin gizlədildiyini xüsusi qeyd edir. Onun fikrincə, tarixin əsl mənası gizli üzündədir və ən önəmli məsələ tarixi hadisələrin mahiyyətini və onların bəşər övladını haraya apardığını anlamaq, onun əsasında hərəkət etməkdir. İbn Xəldun tarixin əsl iç üzünü anlamaq, onu dərk etmək üçün cəmiyyətlərin dəyişməsinin və dəyişmələrin səbəblərinin araşdırılmasının vacibliyini dönə-dönə vurğulayır. O bu məqsədlə tarixi hadisələrin baş verdiyi dövrün yalnız ictimai-siyasi vəziyyətini deyil, həm də cəmiyyətin, o dövrdə yaşayanların sosial-iqtisadi durumlarının, elmi, mədəni inkişaf səviyyələrinin araşdırılmasına imkan verən bir elmə ehtiyac olduğunu vurğulayır. İbn Xəldun belə bir elmi  yaratdığını və ona Ümran elmi adını verdiyini yazır. Bununla da filosof-alim tarixə elmi yanaşmanın və sosiologiya elminin əsaslarını qoyub.

 

Toplumlar və dövlətlər

İbn Xəldun dövlətin əsasını təşkil edən toplumları iki yerə ayırır: hadari (oturaq), bədəvi (köçəri). O köçəri həyatın oturaq həyatdan öncə yarandığını, onları da inək, qoyun saxlayan və dəvə  bəsləyənlərə ayrıldığını qeyd edir. İbn Xəldun ərəbləri dəvə, türkləri isə inək  və qoyun saxlayan qrupa aid edir. Onun fikrincə, köçərilər köçəri həyat keçirdiklərindən kobud və sərt təbiətli, eyni zamanda şəhərlilərlə müqayisədə daha yaxşı əxlaqlı olurlar. Köçərilərin yaşadıqları şəraitlə əlaqədar döyüşkən və cəsur olduqlarını yazan İbn Xəldun onların eqoist olmadıqlarını, ictimai mənfəəti öz şəxsi maraqlarından daha üstün tutduqlarını vurğulayır. Filosof-alim buna paralel olaraq oturaq həyatın dövlət quruculuğunda önəmli rol oynadığını qeyd edir.

İbn Xəldun öz tarixi əsərində dövlətləri insanlara bənzədərək onların doğulduğunu, böyüdüyünü və yaşa dolaraq öldüyünü yazır. O, belə hesab edir ki, dövlətlər yaranandan sonra 5 mərhələ keçirlər. Bu beş mərhələ 3 və ya 4 insan ömrünə bərabər olur. Filosof-alim bu müstəvidə də dövlətlərin orta yaş həddinin 120 və ya bundan bir qədər çox və ya az ola biləcəyi qənaətindədir. İbn Xəldun birinci mərhələyə dövlətlərin quruluş və fəthlər dövrünü, ikinci mərhələyə hökmdarın hakimiyyəti tam şəkildə öz inhisarına almasını, özünün dövləti təkbaşına idarə etməsinə mane olanları aradan qaldırmasını, üçüncü mərhələyə iqtisadi rifahın artmasını, dövlətin gücləndirilməsinə xidmət edən iqtisadi islahatların həyata keçirilməsini, dördüncü mərhələyə dövlətin yerində saymasını, köhnə  idarəetmə üsulu ilə idarəetmənin davam etdirilməsinin və bunun dövlətin dağılmasına gətirib çıxarmasını, beşinci mərhələyə dövlətin süqutu ilə nəticələnən eyş-işrəti, israfçılığı aid edir. Sonuncu mərhələ ilə bağlı İbn Xəldun yazır ki, hökmdar sahib olduğu lüks həyatı, ordunu və bürokratları saxlamaq üçün vergiləri artırmağa məcbur olur. Artan vergi iqtisadi fəaliyyətlərin azalmasına səbəb olur və hökmdarın məqsədinin əksinə olaraq, dövlətin gəlirləri azalır. Dövlətin dayaqları zəifləyir və ümidsizlik yayılır. İqtisadi fəaliyyətlər iflic vəziyyətə düşdüyündən  insanlar uzunmüddətli işlərlə məşğul olmaz, onlar artıq dövlətə inanmaz, ona etibar etməzlər. İqtisadi çətinliklər nəticəsində doğum həddi aşağı düşər, əhalisi çox olan şəhərlərdə sıxlıq və ekoloji problemlər ortaya çıxar. Bununla da dövlət dağılmağa başlayar. İbn Xəldun harada qurulmasından asılı olmayaraq, bütün dövlətlərin bu beş mərhələni keçməyə məcbur olduqlarını qeyd edir.

 

Dövlət ağıl, mədəni və dini siyasətlə idarə olunmalıdır

İbn Xəldun dövlətin uzun əsrlər yaşamasına xidmət edəcək yolları da uzaqgörənliklə müəyyən edib. O yazır ki, oturaq həyatın yaratdığı qarışıq problemləri həll edə bilmək, hökmdarın səlahiyyətlərini məhdudlaşdırıb, müəyyən qaydalara uyğun gəlməsini təmin etmək və dövləti çökməkdən qurtara bilmək üçün müəyyən bir siyasət izlənilməlidir.  İbn Xəldun dövlətin uzunömürli olmasına xidmət edən üç növ siyasəti müəyyən edib. Bunların əvvəllərində isə o ağıl siyasətini önə çıxarıb. İbn Xəldun yazır ki, ağıl siyasəti insanların ağılları ilə hazırladıqları qanunlarla dövləti idarə etməkdir. Əsl siyasətçi ağla əsaslanaraq bəzən idarəçinin yaxşılığını, bəzən də rəhbərliyin, sistemin yaxşılığını araşdıran adamdır. İbn Xəldun bu siyasəti iki yerə ayırır. Birincisi, ağla və bilgiyə əsaslandığına görə yaxşıdır. Digəri isə, zorakılıq və məcbur etməyə əsaslanır. Bu siyasət forması ağıl siyasətinin pis bir forması olduğu halda, istər müsəlman, istərsə də müsəlman olmayan çox sayda dövlətdə tətbiq olunur.

Dövlətin idarə edilməsində mədəni siyasəti ikinci yerə qoyan İbn Xəldun bunu filosofların ortaya atdıqları ideal bir siyasət növü hesab edir. O yazır ki, mədəni siyasətin həyata keçirilməsi nəticəsində insanlar sülh və dinclik içində yaşayırlar. İbn Xəlduna görə, belə bir sistemin mövcud ola bilməsi üçün hər bir fərdin fəzilət və elm sahibi olması lazımdır.

Dövlətin idarə edilməsində sonuncu üçüncü siyasətin dini siyasət olduğunu vurğulayan İbn Xəldun bildirir ki, dini siyasət dövlətin peyğəmbər tərəfindən bildirilmiş olan Allah qanunları ilə idarə edilməsidir. Dini qaydalar insanların davranışlarını göstərdiyi qədər, dövlətin izləməli olduğu yolu da göstərir. Peyğəmbərdən sonra da onların yolu xəlifələr tərəfindən davam etdirilir. Buna görə də həm bu dünya, həm də axirət üçün din faydalı bir siyasətdir. İbn Xəlduna görə, İslam dövlətləri öncə şəriət qaydalarına, sonra da filosofların ortaya qoyduqları etik qaydalara uyğun çalışmalıdırlar. Buna misal olaraq, Xəlifə Məmunun zamanında Sultan Tahir ibn Hüseynin oğluna dövləti necə idarə etməsi barədə tövsiyələrini özündə əks etdirən məktubunu örnək göstərir.

İbn Xəldun, ağıl və dini siyasəti qarşılaşdırır və dini siyasətin ağıl siyasətindən üstün olduğunu iddia edir. İbn Xəldunun əsərlərində Qərb dünyasında sonradan inkişaf edən din və dövlət işlərinin bir-birindən ayrılması şəklindəki fikrə rast gəlinmir. Dünyada çox sayda ağıl (dünyəvi) siyasətindən istifadə edildiyini bildirən İbn Xəldun, İslam toplumlarını bunlardan ayırır. O, İslam toplumlarının güclü və qüdrətli ola bilməsinin peyğəmbərin qoyduğu qaydaların davam etdirilməsi ilə mümkün olacağını qeyd edir, xəlifəliyin də bunun üçün gərəkli olduğunu bildirir: “İbn Xəldun İslam dövlətlərinin keçdiyi mərhələləri incələmiş və bu qənaətə gəlmişdir ki, Məhəmməd peyğəmbərdən Xəlifə Ömərə qədər olan müddətdə dini siyasət tətbiq edilmiş, Əməvi hökmranlığı ilə İslam dövləti dini siyasətdən ayrılmış və ağıl (dünyəvi) siyasətinə keçmişdir. Buna görə də tənəzzül etmiş və iqtidar Abbasilərə keçmişdir. Abbasi xəlifəsi Mötəsimin səltənəti ilə bənzər bir vəziyyət yaşanmış və bundan sonra ərəb əsəbiyyəsi pozulmuşdur”. (http://az.wikipedia.org/wiki/ İbn Xəldun)

Əziz Mustafa