Məşhur müsəlman alimlər: Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni (2)

Sultan Mahmud Qəznəlinin ölümündən sonra Biruni onun oğlu Məsud Qəznəlinin adına “Qanuni Məsudi” kitabını yazdı.
Biruninin elm dairəsi, məşğul olduğu elm sahələri olduqca geniş və çoxtərəli idi. O həm astronomiyanı, həm riyaziyyatı, həm fizikanı, həm biologiyanı, həm coğrafiyanı, həm tarixi, həm də müxtəlif dillərdə danışan xalqların, millətlərin mədəniyyətini çox gözəl bilirdi. Ona görə Sultan Mahmud Biruniyə böyük hörmət edir, onun elmi səviyyəsini olduqca yüksək qiymətləndirirdi. Yenə də burada böyük türk hökmdarı, siyasətçisi  və  görkəmli dövlət xadimi Sultan Mahmud Qəznəlinin elm adamlarına verdiyi xüsusi qiymətdən  danışmamaq olmur. Bunu türk-islam dünyasının böyük sərkərdəsi və dövlət xadiminin Firdovsiyə türk  hökmdarlarının tarixini, qəhrəmanlığını nəzmə çəkmək və möhtəşəm bir əsər yaratmaq üçün verdiyi sifariş də bir daha sübut edir. Nəticədə Sultan Mahmud Qəznəlinin sifarişi ilə Firdovsi məşhur “Şahnamə” əsərini  yazdı. Ancaq bu əsərdə daha çox İran tarixinin işıqlandırılması və İran-Turan müharibələrində farsların təəssübkeşliyini çəkməsi vətənpərvər bir türk hökmdarı olan Sultan Mahmud Qəznəlini qəzəbləndirdi və ona bu əsərə görə vəd etdiyi 60 min dirhəm qızılı vermədi. Bununla belə, elm adamlarının əməyini qiymətləndirməyi bacaran məşhur dövlət xadimi əsl türklərə xas olan mərdlik nümayiş etdirərək sonralar Firdovsiyə vəd etdiyi pulu ona göndərdi.

Yəni bu, böyük türk hökmdarının elmə verdiyi qiymətdən irəli gəlirdi. Yeri gəlmişkən, onu da deyək ki, türk hökmdarları tarixində ilk dəfə “Sultan” titulu Mahmud Qəznəliyə verilib. Xatırladaq ki, Mahmud Qəznəli 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəli dövlətinə qatmışdı. Sultan Mahmud Qəznəli 1029-cu ildə hazırda farsların əsarəti altında olan və özü ilə eyni soy-kökdən olan Cənubi Azərbaycan türklərinin ana şəhərləri olan Rey, Həmədan və İsfahanı, az sonra Gur əyalətini tutdu. Sultanın hakimiyyətinin son dövründə Qəznəli dövləti Hindistandan Xarəzmə və Xəzər sahili torpaqlara qədər ərazini əhatə edirdi.

Xatırladaq ki, Sultan Mahmud Qəznəli 1002-ci ildə I Xələfi devirərək Səffarilər dövlətinə son qoymuşdu. 1008-ci ildə Racput Konfederasiyasını məğlub edən Sultan Mahmud Qəznəli Şahilər sülaləsini Hindistanın dərinliklərinə qovdu. Sultan Mahmud  Rey və İsfahan kitabxanalarını Qəznəyə köçürərək, buranı öz dövlətinin və bölgənin elm, mədəniyyət mərkəzinə çevirmişdi.

 

Sultan Mahmud Birunini sınayır

Rəvayətə görə, Biruninin elm bilicisi və onun böyük alim olması barədə Sultan Mahmuda ətrafındakılar çoxlu məlumat vermiş, onu tərifləmişdilər. Sultanın ətrafındakılar ona demişdilər ki, Əbu Reyhan nücum elmini çox gözəl bilir və insanın ürəyini özünəməxsus şəkildə sanki oxuyur, elmi ilə onun nə edəcəyini öncədən müəyyən edə bilir. Yalnız uca Allahın hər şeyə qadir olduğunu həmişə təkrar edən Sultan Mahmud əmr etdi ki, Birunini hüzuruna gətirsinlər. Hökmdarın hüzurunda təzim etdikdən sonra Sultan Mahmud onu yanına çağırmasının səbəbini bildirərək: “Hər şeyə agah olan yalnız Allahdır,”-dedi.

Buna cavab olaraq, Biruni Sultanın onu imtahan etməsini xahiş edərək: “Əgər Sultanın şübhəsi varsa, gizli fəzilət və bacarığı üzə çıxarmaq üçün imtahan etsin”,-dedi.

Onun özünə belə arxayın danışması bütün varlığı ilə uca Allaha bağlı olan Sultan Mahmud Qəznəlinin xoşuna gəlmədi. Ona görə də əsəbi halda Biruniyə: “Allahdan başqa insanın sirrini bilən yoxdur. Ürəyimdə olan bir fikri tap və de görüm, mən bu qəsrin hansı qapısından çıxacağam”,-dedi.

Söhbətdə iştirak edən bütün saray əyanları donub qalmışdılar və onlar artıq Biruninin sonunun çatdığını düşünürdülər. Çünki Sultanın ürəyindəkini tapmaq ot tayasında iynə axtarmaq kimi bir şey idi. Bir də sarayın 12 qapısı vardı və Sultanın bu 12 qapının hansından çıxa biləcəyini müəyyən etmək mümkün olan işə oxşamırdı. Amma Biruni sakit görünürdü, o heç nə olmamş kimi üstürlab adlanan astronomik cihazı götürüb, nə isə ölçməyə başladı, sonra isə  cavabı kağıza yazıb Sultana təqdim etdi: “Cavabı tapdım və kağıza yazdım”.

Sultan əmr etdi, qəsrin qarşısındakı divarı uçurtdular və o oradan bayıra çıxdı.

Sonra qayıdıb Birunin verdiyi kağızı oxudu. Biruni kağızda  yazmışdı: “Sultan heç bir qapıdan çıxmayacaq, qarşı divarın yarığından çıxacaq”.

Cavab düz olsa da Sultan qeybin və gələcəyin yalnız Allah tərəfindən bilindiyini söylədi. Adətən, elm adamlarına böyük qiymət verən Sultanı daha çox Biruninin onun qabağında cəsarətlə danışması əsəbiləşdirmişdi. Dünyanı fəth edərək islam dinini Cənub Şərqi Asiyaya yayan bu böyük sərkərdə ilk dəfə idi ki, sözünün qabağına söz qoyulduğunun şahidi olurdu. Ona görə də Sultan Biruniyə: “Cavabı düz tapdın, ancaq hökmdarın qarşısında olduğunu unutdun”,-deyərək əmr etdi ki, onu sarayın üstündən yerə atsınlar. Amma Sultanın Birunini öldürməsindən peşman olacağını bilən və alimə böyük hörmət bəsləyən vəzirlərdən biri gizlicə göstəriş verdi ki, imarətin aşağısına pambıq töksünlər. O bununla da imarətin başından yerə atılan Birunininsağ-salamat qalmasına nail oldu.

Həqiqətən də, bir neçə gündən sonra Sultan Mahmud böyük alimi öldürtdüyünə peşman olaraq ətrafındakı vəzirlərinə: “Mənə niyə Birunini öldürtməyə mane olmadınız, axı onun günahı yox idi, siz də bunu bilirdiniz”,-deyə soruşdu.

Biruninin sağ qalmasına səbəb olan vəzir isə həyatını riskə ataraq alimin sağ olduğunu söylədi. Halbuki o bilirdi ki, əmri icra etməmək üstündə Sultan onu edam etdirə bilər. Lakin vəzir cəsarətini toplayaraq:  “Əgər Sultan icazə versə, Birunini hüzuruna gətirərəm”,-dedi.

Sultan: “Məgər onu damdan aşağı atmadınız?”-deyə vəzirdən soruşdu.

Vəzir isə Sultana cavabında dedi ki, siz onda çox əsəbiləşdiniz və alimi müdafiə etmək xahişimizi yerə salacaqdınız. Ona görə də çıxış yolunu alimin sağ qalması üçün imarətin aşağısına pambıq tökməkdə gördük.  Bununla həm sizin əmriniz yerinə yetirildi,  həm də alim sağ qaldı.

Rəvayətə görə, Sultan vəzirin bu tədbirindən  razı qaldı və sonra da Birunini hüzuruna çağırtdıraraq: “Əgər istəyirsən Sultan səndən razı qalsın, gərək onun sözünə uyğun söz danışasan, öz elminə müvafiq yox”,-dedi  və sonra da ondan üzr istədi.

Bütün bunlar da Sultan Mahmud Qəznəlinin əsəbiləşməsinə, yanlış qərar verməsinə baxmayaraq, elm adamlarına münasibətdə həmişə həssas olduğunu göstərir.

Onu da bir daha qeyd edək ki, Sultan Mahmud Qəznəli Hindistanı özünə tabe etdikdən sonra Biruni oraya getmiş, burada elmlə məşğul olmaq üçün, ilk növbədə, sankskritcə öyrənməyi qarşısına məqsəd qoymuş və qısa müddətdə istəyinə nail olmuşdu. Bundan sonra Biruni elmi araşdırmalar aparır, həndəsə, triqonometriya, astronomiya və coğrafiya sahəsində böyük uğurlar qazanır, hətta tibb sahəsində də fəaliyyət göstərirdi.

Elmdə müəyyən nailiyyətlər əldə etmək üçün alimlər yeni-yeni kəşflər edirdilər. Bu sahədə Biruninin də öz dəsti-xətti olmuşdur. O, metalların xüsusi çəkilərini özünəməxsus üsullarla ölçmüşdür. Lakin onun ən böyük nailiyyəti astronomiya sahəsində olmuşdur. Belə ki, yaratdığı teleskopun diametri o zaman üçün ağlagəlməz ölçüdə – 7,5 metr olmuşdur.

 

Əbu-Reyhanın elmi

tədqiqatları və əsərləri

Əbu Reyhan Biruni həyatı boyu elmlə məşğul olmuş, astronomiya, riyaziyyat, fizika, biologiya, geologiya, coğrafiyaya aid çoxsaylı əsərlər yazmışdı- Məsələn, böyük alim Pakistan ərazisində olan Nəndənə qalasında apardığı tədqiqatlar nəticəsində müəyyən etmişdi ki, Yer kürəsinin radiusu 6338,8 kilometrdir. Bu gün dəqiq və həssas cihazlarla işləyən astronomlar Yer kürəsinin radiusunun 6378,160 kilometr olduğunu sübut etmişlər. Bunu o dövrdə etmək və dəqiq hesablamaq, həqiqətən də, asan iş deyildi və bu Biruninin nə qədər böyük alim olduğunu bir daha sübut edir.

Qeyd edək ki, dünya elm tarixində ilk astronomik ensiklopediyanın yaradılması da Biruniyə məxsusdur. Bu müstəvidə də Biruni Yer kürəsinin öz oxu ətrafında və Günəş ətrafında fırlanmasını elmi yolla sübuta yetirən böyük türk-islam alimidir. Bu baxımdan Əbu Reyhan Biruni Kopernikdən 500 il əvvəl Yer kürəsinin öz oxu ətrafında və Günəş ətrafında fırlanmasını elmi yolla sübuta yetirib.  Yenə də qeyd edək ki, Birunidən 500 il sonra Kopernikin türk-islam aliminin dediklərini təkrar etməsini Qərb dünyası qəbul etmədi.  Buna baxmayaraq, bütün Qərb aləmi yüzilliklər ərzində Biruninin kəşflərindən, onun ideyalarından, ümumiyyətlə, müsəlman alimlərin elmə gətirdikləri yeniliklərdən istifadə edərək, yeni elmi-texniki tərəqqinin əsasını qoydular. Qərbin Biruniyə verdiyi böyük qiyməti keçən əsrin ikinci yarısında Aydakı kraterlərdən birinə onun adının verilməsi də sübut edir. Xatırladaq ki, Ay xəritəsində daha iki  böyük türk-islam aliminin, Nəsirəddin Tusi və Uluq bəyin adlarına kraterlər var.