Məşhur bazarın yerində “göydələn”lər tikirlər

519

Bir müddət öncə  Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində yerləşən “Bolluq” bazarının fəaliyyətini dayandırması ilə bağlı yazı dərc olunmuşdu. Yazıda bildirmişdik ki, bir vaxtlar bu bazarda çalışan sahibkarlar yaxınlıqdakı “Aran” bazarına köçürülüblər. Bazarın ətrafında yerləşən binalarda yaşayan sakinləri isə maraqlandıran o idi ki, fəaliyyəti dayandırılan bu ticarət mərkəzinin yerində nə olacaq? Hər halda sakinlər ümid edirdilər ki, həmin ərazi bir neçə binanın arasında yerləşdiyindən bura park olsa, yaxşı olardı. Bundan başqa, ərazidən keçən yolun genişləndiriləcəyi barədə də fikirlər səsləndirilirdi. Qeyd edək ki, həmin ərəfədə mətbuatda bu mövzuda çoxlu sayda xəbərlər dərc olunsa da, bazarın yerində konkret nələrin olacağı dəqiq bildirilmirdi. Hələ o vaxt “Zaman-Azərbaycan” olaraq, mövzunu araşdırarkən öyrənmişdik ki, fəaliyyəti dayandırılan “Bolluq” bazarının yerində çoxmərtəbəli bina inşa olunacaq. İnşaat işlərini aparacaq şirkətin xanım əməkdaşı bizimlə söhbətində demişdi ki, yaxın 6 ay ərzində burada bina tikintisinə başlanılması planlaşdırılır: “Bolluq” bazarının yerində tikinti şirkəti olaraq, çoxmərtəbəli bina tikməyi planlaşdırırıq”. Tikinti şirkətinin əməkdaşı “Bolluq” bazarının yerində 22 mərtəbəli binanın inşasının nəzərdə tutdulduğunu söyləmişdi. Yazıda mövzunu diqqətdə saxlayacağımızı və yeni informasiyalar olduqca oxucularımızla bölüşəcəyimizi qeyd etmişdik. Ötən gün yenidən əraziyə yollandıq və fərqli bir mənzərənin şahidi olduq. Belə ki, bazarın köhnə tikililəri və hasarları fəhlələr tərəfindən dağıdılır və daşınırdı. Onlar yaxın vaxtlarda burada bina tikintisinə başlanılacağını bildirdilər. Əraziyə yeni reklam lövhələri vurulub. Bildirilir ki, bina “Bolluq” İK tərəfindən inşa olunacaq. Yaşayış binasında mənzillər 3 girişli, 20 mərtəbəli olacaq. Mənzillər isə 1, 2, 3 və 4 otaqlı olacaq. Reklam lövhəsində foto və yazılardan belə aydın olur ki, “Bolluq” bazarının yerində cəmi bir bina inşa olunacaq.

 Bazarın yerində ikinci bina da inşa olunacaqmı?

Lakin bizim dəqiqləşdirmələrimiz zamanı fərqli məlumatlar ortaya çıxdı və belə məlum oldu ki, heç də belə deyil. Belə ki, 012 563 38 53 nömrəsinə zəng vurub, “Bolluq” İK ilə əlaqə saxladıq. Şirkətin əməkdaşından bazarın yerində ikinci binanın inşa olunub-olunmayacağını da soruşduq. O, əvvəl sualımıza cavab verməyə tərəddüd etdi, ancaq dəqiqləşdirmə apardıqdan bir qədər sonra həmin binanın yaxınlığında gələcəkdə daha yeni bir çoxmərtəbəli binanın da inşa olunacağını söylədi. “Həmin bina neçə mərtəbəli olacaq?” sualımıza şirkət əməkdaşının cavabı belə oldu: “Hər halda 20 mərtəbəli binanın yaxınlığında 3 mərtəbəli bina olmaz, yəqin ki, o da çoxmərtəbəli olacaq. Yəqin həmin bina da 20 mərtəbəli olar”.

İndi həmin ərazidəki sovetdənqalma binalarda yaşayan insanların bir narahatlığı var: görəsən, “göydələn”lər inşa olunduqdan sonra heç olmasa, həyətlərinə gün işığı düşəcəkmi…

    NİCAT İNTİQAM