“Məşğulluq idarələri məşğulluq siyasətini təkmilləşdirməlidir”

649

Dövlət Statistika Komitəsi 1999-cu ildən etibarən ölkədəki işsizlərin sayını açıqlayır və həmin ildən sonrakı tarixlərdə işsizlərin sayında davamlı olaraq azalma qeydə alınıb. Əgər 1999-cu ildə ölkə üzrə iqtisadi fəal əhalinin 12,7%-i və ya 552,6 min nəfəri işsiz olubsa, 2013-cü ildə bu göstərici 4,9% və ya 237,8 min nəfərə qədər azalıb. Ancaq 2014-cü ildən başlayaraq ilk dəfə ölkədə işsizlərin sayı artmağa başlayıb. Belə ki, əvvəlki ilə nisbətən 2014-cü ildə işsizlərin sayı 1,2 min nəfə, 2015-ci ildə isə 2014-cü ilə nisbətən işsizlərin sayı 15,9 min nəfər artıb. Həmçinin işsiz statusu alanların rəsmi statistikası 2014-cü ildə 28,7 olmuşdusa, 2015-ci ildə bu rəqəm 28,9 -a yüksəlmişdir.
“İşsizlərin sayını faizlə göstərmək düzgün deyil”
Ölkədə işsizlər qeydiyyata az düşür, ancaq sosial sığorta qeydiyyatında olan iki milyon üç yüz min işsiz vardır. Bu sözləri “Yeni Avaz” qəzetinə iqtisadçı ekspert Nazim Məmmədov dedi. “Onun da bir milyon beş yüz mini muzdlu əmək müqavilələri əsasında çalışırlar. Statistika Komitəsi 5 faiz işsizlik olduğunu elan edib. Ancaq bu belədir ki, ölkədə təqribən 2 milyon dörd yüz min nəfər haradasa işləyir, çalışır onlar da nə sosial-sığorta haqqı, nə də vergi ödəyir. Ona görə də bu statistik rəqəmlərə mən şübhə ilə yanaşıram. Çünki işsiz qalan, problemli, əngəlli insanlar çoxdur, onlar müraciət etmirlər, qeydiyyata düşmürlər. Buna görə də hazırda bizdə işsizlərin sayını faizlə göstərmək düzgün deyil”.
“Əmək məcəlləsində sınaq müddəti müəyyən oluna bilər”
Ekspert N. Məmmədov işəgötürənlərin sınaq müddəti adlandırdığı və işsizlərdən sui-istifadə etmələri məsələsinə də toxundu: “Azərbaycanda bəzi işəgötürənlər var ki, işsiz qalan vətəndaşı işə cəlb edib bir müddətdən sonra, “səndə bu alınmır” deyib işdən uzaqlaşdırırlar. Düzdür əmək məcəlləsində də bu sınaq müddəti müəyyən oluna bilər. Ancaq işçi, işə qəbul edildikdən sonra onunla əmək müqaviləsi bağlanılmalıdır. Əmək müqaviləsinin minimum müddəti bir ildir. Bir ildə onunla əmək müqaviləsi bağlanıla bilər. Onun üç ay işlədilib, sonra çıxarılması qeyri-qanunidir. Azərbaycanda yayılmış geniş praktikadır. Və bu praktika həddindən insanların hüquqi savadının olmaması və ya zəif olmasından, həm də işə götürənlərin təkəbbüründən irəli gəlir. İşəgötürənlər özlərinə necə sərf edirsə eləcə də işçini işə götürür lazım gələrsə işdən çıxarır. Azərbaycanda işçi ilə işəgötürənlərin münasibəti bərbad gündədir. Bu da, qanunun düzgün yerinə yetirilməməsindən qaynaqlanır. Vətəndaş öz hüququnu məhkəmə orqanlarında müdafiə edə bilmir. Ən əsası da işə götürənin hegemonluğundan irəli gəlir”.
“İş yerlərinin sayı azaldığı üçün, məşğulluq idarələri mövcud iş yerlərini təqdim edirlər”
İqtisadçı alim, eskpert Vüqar Bayramov məşğulluq idarələrinə müraciət edən işsizlərin bir qisminin işlə təmin olunduğunu bildirdi: “Heç təmin olunmur desək yanlış olardı. Məşğulluq idarələri təbii ki, olmalıdır, çünki məşqulluq idarələri əmək bazarını öyrənir, tətbiq edir, əmək bazarının mövcud səviyyəsini qiymətləndirir. Vəziyyət onu göstərir ki, iş yerləri bağlanıb, iş yerlərinin sayı azaldığı üçün məşğulluq idarələri mövcud iş yerlərini təqdim edirlər. Məşğulluq idarələri praktiki iş yerləri yaratmır, mövcud iş yerlərini təklif edir. İş yerlərinin sayı azaldıqca, məşğulluq idarələrinin əlində olan iş təklifləri azalır. Hal-hazırda iş axtaranların sayı çoxdur. Xüsusən də inşaat sektorunda iş axtaranların sayı artıb. Rəsmi statistikada da iş yerlərinin azalması qeyd olunur. Məsələn, rəsmi statistikada otuz min iş yerinin bağlandığı deyilir. Bu da, o deməkdir ki, otuz min işsiz iş axtaraır. Bunun üçün də yeni və daimi iş yerlərinin yaradılması lazımdır. Bu baxımdan iş yerlərinin sayı ilə iş axtaranlar arasında disbalans olduğuna görə məşqulluğun təmin edilməsində çətinlik yaranır. Hər bir iş axtaranın özünə uyğun görə biləcəyi bir işi var. Bəzən də olur ki, iş axtaranları əmək haqqı qane etmir həmin iş yerindən imtina edir, işləmir”.
“Məşğulluq idarələri məşğulluq siyasətini təkmilləşdirməlidir”
Ekspert həmçinin bütün hallarda məşğulluq siyasətini təkmilləşdirilməsinin vacibliyinə diqqət çəkdi: “İşsizlərə verilən yardımın artırılmasına, müddətinin uzadılmasına, yəni işsizlərə uzun muddət yardım edilməsinə ehtiyac var ki, onların sosial vəziyyəti pisləşməsin. Məşğulluq idarələri məşğulluq siyasətini təkmilləşdirməli, real işlə işsizləri təmin etməlidir. Belə halda müəyyən qədər işsizlik faizini aşağı salmaq olar”.
Ruzbeh Məmməd