Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz

0
55

Azərbaycan İslam həmrəyliyi məsələsində həmişə fəal olub. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də digər bu kimi mühüm beynəlxalq tədbirlərin Bakıda keçirilməsi bunun bariz nümunələrindəndir. Bu mənada son illərdə Bakı Qafqazda İslam mədəniyyətinin mərkəzinə çevrilib desək yanılmarıq. Üstəlik, Azərbaycan həmişə müsəlman ölkələrinə kömək göstərir, beynəlxalq təşkilatlarda onların maraqlarının müdafiəçisinə çevrilir. Bu, həm də  ölkəmizin xarici siyasətində İslam həmrəyliyinə önəmli yer ayırmasından irəli gəlir. Yeri gəlmişkən onu da qeyd edək ki, respublikamızı ən çox BMT-də dəstəkləyən ölkələr də müsəlman ölkələridir. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Bunu biz ermənilərin Tovuz təxribatında da gördük. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı hərbçilərin həlak olmasını və yaralanmasını, bir sözlə, Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat yaydı. Üstəlik, bu təşkilatın Baş katibi Yusif bin Əhməd Əl-Osaymin həlak olanların ailələrinə başsağlığı verdi, yaralananların tezliklə sağalmasını dilədi.

 Görünür, bütün bunlar Ermənistanı – işğalçı ölkəni çox narahat edir. Şübhəsiz, son illər Ermənistanın bəzi müsəlman ölkələri ilə təmas qurmaq istiqamətində müəyyən addımlar atması da bundan irəli gəlir.  Məsələn, bu yaxınlarda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Misirdə olub. O, Qahirədə keçirdiyi mətbuat konfransında ermənilərin Misir sivilizasiyasının “bir hissəsi” olduğunu vurğulamaqla yanaşı, Türkiyə və Azərbaycan əleyhinə fikirlər də səsləndirib. Amma nədənsə Misir rəsmiləri müsəlman ölkələrinin əleyhinə səsləndirilən fikirlərə reaksiya verməyiblər. Bu azmış kimi, Ermənistan İranla əlaqələri ilə bağlı riyakarcasına dostluq haqqında danışır. Bütün bunlar da ölkəmizdə narazılıqla qarşılanır. Təbii, bu, ölkəmizin müsəlman ölkələrinin Ermənistanla hər hansı yaxınlaşmasına həmişə çox həssas yanaşmasından irəli gəlir.

Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakından sonra yerli televiziya kanallarına müsahibəsində bir daha vurğulayıb ki, müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan havadarları ilə birgə işğal etdiyi Azərbaycan torpaqlarında müsəlman dini abidələrinə qarşı soyqırımı törədib, bizim məscidləri dağıdıb. Həmin müqəddəs məkanlarda  donuz, inək saxlayırlar. Yeri gəlmişkən qeyd edək ki, bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə də tapmaq olar.

“Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin” deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu, yalnız Azərbaycana qarşı deyil, bütövlükdə müsəlman aləminə edilən təhqirdir, həm də cinayətdir: “Mən dəfələrlə müsəlman ölkələrinin rəhbərlərinə həm ikitərəfli formatda, həm çoxtərəfli formatda, həm də rəsmi çıxışlarımda müraciət etmişəm və demişəm ki, onlar bu məsələni nəzərə alsınlar.”

Göründüyü kimi, bəzi ölkələr nədənsə bu adi həqiqəti dərk etmək istəmirlər. Prezident, həmçinin bildirib ki, Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir: “Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara aşılayırlar… Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil. İkincisi, Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var – “Fail state”. Uğursuz ölkədir.”

İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə əlaqədar “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan neçə illərdir ki, İslam həmrəyliyinə nail olmaq məqsədi ilə konkret addımlar atır: “Amma bəzi müsəlman ölkələrinin İslam mədəni irsini, Azərbaycan xalqının yüz illər boyu yaratdığı tarixi abidələri məhv edən, habelə onları saxtalaşdıraraq erməni abidəsi kimi təqdim edən Ermənistanla sıx təmasları İslam həmrəyliyinə zərbə vurur,  islam dəyərlərini hörmətdən salır.  Şühbəsiz, belə hallar yolverilməzdir. Odur ki, müsəlman ölkələri Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində dini-mədəni abidələrə qarşı həyata keçirdiyi vandalizmə, İslam dininə təhqiramiz münasibətinə, Ermənistandakı islamofobiyaya qarşı səssiz qalmamalıdırlar. Üstəlik, bəzi müsəlman ölkələri, o cümlədən Misir Ermənistanın özünü guya müsəlman ölkələrinin dostu kimi təqdim etməyə çalışmasına yol verməməlidir. Axı məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”.

Qvami Məhəbbətoğlu“İki sahil”