Mərv şəhəri: Turanın fəxri qədim sivilizasiya mərkəzi

Türklər qədim dövrlərdən bəşəriyyətin inkişafına öz töhfələrini vermişlər. 
Bunu qədimlərdən günümüzə qədər gəlib çıxan sivilizasiya mərkəzləri də təsdiq edir. Belə sivilizasiya mərkəzlərindən biri də hazırda Türkmənistanın Marı şəhərindən 30 kilometr şərqdə yerləşən Mərv şəhəri olub. Günümüzdə yalnız qalıqları qalan və YUNESKO-nun mədəni irsi siyahısına daxil edilən Mərv şəhəri eramızdan əvvəl III əsrdə çiçəklənməyə başlayan Türk-Margian sivilizasiyasının paytaxtı olub. Margian sivilizasiyası Orta Asiya, Cənub-Şərqi Asiya, indiki Əfqanıstan, İran, Ərəbistan yarımadası, Yaxın və Orta Şərqin mədəni inkişafında mühüm rol oynayaraq min illər boyu onlar üçün mədəni, elmi mərkəz rolunu oynayıb. Sonrakı dövrlərdə Parfiya və Oğuz-Səlcuq mədəniyyəti tarixində dərin izlər buraxan bu qədim sivilizasiya mərkəzi bölgədə İslamın yayılması ilə bağı yeni bir inkişaf dövrü yaşayıb. Ərəb xəlifələrindən olan Abbasilər dövründə Mərv şəhəri ərəb mədəniyyətinin Türküstandakı ana mədəniyyət mərkəzinə çevrilmişdi. Burada onlarla kitabxana fəaliyyət göstərirdi. Samanilər və Səlcuqlular dövründə isə Mərv öz inkişafının ən yüksək mərhələsinə çatmışdı. Səlcuqlu sultanı Sultan Səngərin dövründə Mərv şəhəri əhalisinin sayına və böyüklüyünə görə Bağdad və İstanbul şəhərlərini belə geridə qoyurdu. O dövrdə Mərvi dünya şəhərlərinin çarı   (“Şahı-cahan”) adlandırırdılar.IX əsr məşhur ərəb coğrafiyaşünası Əl-İstərxi Mərvi gördükdən sonra heyranlıqla : “Mərv ərzaq ehtiyatlarına görə Xorasanın ən yaxşı  şəhərlərindən biridir. Mərvdə bişirilən çörək dadına görə dünyada yeganədir. Quru meyvələrinə gəlincə, Mərv üzümü də olduqca dadlıdır. Heratda quru meyvə bol olsa da, Mərvdəki quru meyvələr dadına görə onlardan üstündür”,- deyə yazmışdı.

Arxeoloji qazıntılar zamanı qədimlərdə Mərvin həm də yüksəkkeyfiyyətli pambıq parça mərkəzi olduğu üzə çıxdı.  Əl-İstərxi yazır ki, Mərv pambığından toxunan parçalar çox yüksək keyfiyyətə malikdir. Bağdad xəlifələri bunu nəzərə alaraq, Mərvdə xüsusi parça toxuma müəssisəsi açmışdılar.

Xəlifə əl-Mustəkfi vəfat edəndən sonra xəzinədə böyük həcmdə Mərvdən gətirilən pambıq parça və 13 min ədəd Mərvdə hazırlanan çalma aşkar edilmişdi.

Mərv sivilizasiyasının olduqca yüksək şəkildə inkişaf etmisini burada hazırlanan hərbi silah və geyimlər də təsdiq edir. Xüsusilə, Mərvdə hazırlanan qılınckəsməz zirehlər və digər hərbi silahlar o dövrdə böyük şöhrət qazanmışdı. Məsələn, məşhur tarixçi və coğrafiyaşünas alim Plutarx “Müqayisəli həyat salnamələri” adlı əsərində yazırdı ki, Mərvdə hazırlanan dəbilqələr və zirehli geyimlər par-par parıldayaraq baxanın gözlərini qamaşdırırdı. Digər tanınmış alim Plini isə yazır ki, Roma İmperiyasında Mərv poladından hazırlanan silahlardan istifadə etməyə xüsusi əhəmiyyət verirdilər.

Mərvdə o dövrdə məşhur olan bir çox məşhur simalar, o cümlədən Sasani şahı Xosrovun vəziri, tanınmış diplomat Buzurtmirx, məşhur həkim, Şərqin ən böyük mütəfəkkirlərindən olan Ömər Xəyyam,  İmadəddin İsfəhani, filosof və səyyah Varzuyə, müğənni və musiqiçi Barbut və digərləri  yaşayıblar. IX əsrdə Mərvdəki xəstəxanalardan birində işləyən məşhur həkim İbn Masın yanına Şərqin hər yerindən xəstələr gəlirdilər. İbn Mas həm də tanınmış botanik idi. O, müalicəvi əhəmiyyəti olan otları yığır və onların yetişdiyi ərazilər, adları haqqında xüsusi qeydlər edirdi.

Bir sözlə, Şərq mədəniyyəti və sivilizasiyası tarixində Mərv qədər böyük inkişaf yolu keçmiş ikinci bir sivilizasiya mərkəzi tapmaq mümkün deyil. Bu müstəvidə də Şərqdə min illər boyu qədim Mərv şəhərini şəhərlərin anası adlandırıblar. Məşhur ərəb alimi və səyyahı Əl-Makdisi yazır: “Hicazda şəhərlərin anası Məkkə, Xorasanda isə Mərvdir”. O dövrdə Mərv şəhəri meqapolis şəhər hesab edilirdi və onun tayı-bərabəri yox idi. Mərvlə müqayisədə qədim Türküstanın (Mərkəzi Asiyanın əvvəlki adı) digər məşhur şəhərləri olan Səmərqənd, Buxara və digərləri əyalət şəhərləri təsiri bağışlayırdılar. İlkin orta əsrlərdə Mərv şəhərinin ərazisi yalnız qala divarları daxilində 235 hektardan artıq idi. Qala divarları və ona bitişik ərazilərdə inşa edilən yeni Mərv şəhərinin ərazisi də təxminən bir o qədər idi. Həmin dövrdəki Mərvi ancaq günümüzdəki dünyanın ən iri şəhərləri ilə müqayisə etmək olar. Mərv tarixi və mədəniyyəti olduqca qədim və rəngarəng olub. Bunu XII əsrdə Mərvdə anadan olan Əbusəid əs-Samanlının yazdığı 20 cilddən ibarət olan “Mərv tarixi” də sübut edir. Çox təəssüflər olsun ki, bu əsərdən günümüzə yalnız ayrı-ayrı fraqmentlər gəlib çatıb.

Mərvin məhvinə səbəb isə 1221-ci ildə baş verən monqol-tatar hücumları oldu. Monqol- tatarlar dünyanın ən gözəl və qədim sivilizasiya mərkəzini başdan-ayağa yandıraraq yerlə yeksan etdilər. Yalnız 1407-1409-cu illərdə məşhur sərkərdə əmr Teymurun oğlu Şahrux Mərvi yenidən bərpa etmək fikrinə düşdü. Amma o yeni şəhəri qədim Mərvin qalıqlarından xeyli cənubda inşa etdirdi.

Hazırda qədim Mərv şəhərinin qalıqları arasında 5 keçmiş yaşayış məskəni – Ərk- qala, Gavur (Gaur)-qala, Sultan-qala, Abdullaxan-qala və Bayraməli xan-qala var. Onların bəziləri  güclü şəkildə dağılmış vəziyyətdədir, digərləri isə təpəliklər şəklində günümüzə qədər gəlib çatıb. Buna baxmayaraq, Mərv şəhərinin qalıqları günümüzdə belə ən nadir tarixi mədəniyyət abidələrindən biri kimi YUNESKO-nun mədəni irsinə daxil edilib.

Şəhərdəki ən maraqlı tarixi abidələrdən biri də 1140-cı ildə böyük Səlcuqlu sultanı Sultan Səncərin mavzoleyidir. 40 metr hündürlüyündə olan bu abidə dağılmış vəziyyətdə belə görənləri özünə heyran edir. Mavzoleyin yuxarı hissəsində nazik kərpiclərdən olduqca incə şəkildə inşa edilən dairəvi qübbə var.

Mərvdəki digər tarixi abidələr isə bunlardır: Sultan-qala, Abdullaxan-qala, Əh-Hakim ibn Əmir əl Cəfəri və Burayda ibn əl-Hüseyn-əl İslami mavzoleyi, Məhəmməd ibn  Zeyd ( XII əsr), Talxatan-baba mavzoley kompleksi, imam Qasım, imam Şafi, imam Bəkr abidələri, Yusuf Həmədani məscidi (XIII əsr), Ərk-qala qalasının qalıqları (VI əsr) Gavur qaladakı xristian və buddist məbədlərinin, Bəni-Makxan (VII-XII əsrlər) məscidinin qalıqları, Böyük və Kiçik Qız qalaları, Qız Bibi mavzoleyi. Həmçinin şəhərdə qədim dövr padşahlarına və varlı əyanlarına aid sarayların, hamamların və digər möhtəşəm binaların qalıqları yerləşir.

Mərvdə həmçinin Dandankan və Talxatan-Baba (XII əsr), Akuyli-Kouşuk köşkü ( ev-qala, IX-XIII əsrlər) Haram köşk qəsri (IX-XIII əsrlər), Durnalı şəhərciyi (I-II əsrlər), Keb(p)ekli şəhərciyi və digərləri də diqqəti cəlb edir.

ƏZIZ MUSTAFA