Mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək

586

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ilk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 8-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda keçiriləcək. Həmin gün, eyni zamanda, qeyd olunan şəhərlərdə və rayonda fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.
Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən şəhər və rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı olacaq.
Həmin imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Bu imtahanlarda, ümumilikdə, 70 min 706 şagirdin iştirak edəcəyi gözlənilir.
Saat 10.00-da IX sinif şagirdləri, 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün elektron ərizə təqdim etmiş 9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaqdır..