“Mərkəzi Bankın pozitiv açıqlamaları bazara əks təsir göstərir”

0
579

“Mərkəzi Bank sədrinin “devalvasiya olmayacaq, auksionlarda tələb və təklifin təsiri altında manat möhkəmlənir” açıqlamalarından sonra manatın dollara nisbətən dəyər itirməsi qeydə alınmağa başlayıb. Belə ki, bu açıqlama verilən gün dolların manata məzənnəsi 1,5624 idisə, növbəti iş günü manat ucuzlaşaraq 1,5655-ə düşdü”. Bu barədə iqtisadçı ekspert Vüqar Bayramlı bildirib.
O qeyd edib ki, martın ilk günləri də manat üçün uğurlu olmayıb: “Milli valyutamız dəyər itirməkdədir. Belə ki, martın 1-də əvvəlki günlərə nisbətən ucuzlaşan manat 1,5687-ə təklif edildi. Bu gün (dünən-red.) isə manat yenidən dəyər itirərək 1,5764-dək düşüb. İnkişaf etmiş ölkələrdə Mərkəzi Bankların pozitiv açıqlamalarından sonra milli valyutalar möhkəmlənsə də, bizdə tamamilə əksi baş verir. Valyuta bazarımız Mərkəzi Bankın açıqlamalarına fərqli reaksiya verib və milli valyuta dəyər itirir. Dolların son günlər dünya bazarında möhkəmlənməsi də manata təzyiqi artırıb. Belə ki, son 1 həftədə dollar avroya nisbətən 4 faizə yaxın möhkəmlənib. Dolların möhkəmlənməsi bivalyuta səbətinə malik olan Azərbaycanda milli valyutanın dəyər itirməsinə səbəb olur. Auksionlarda da dollara tələbin artması müşahidə edilir. Ötən həftə dollar tələbini ödəyə bilməyən və buna aydınlıq gətirməyən Mərkəzi Bank əslində manatın ucuzlaşmasına şərait yaratdı. Məhz həmin auksiondan sonra manatın ucuzlaşması davam etməkdədir”.