“Mərhəba”ya ehtiyacım var

0
415
Son illər maşını olan da tıxacdan gileylənir, maşını olmayan da… Bir sözlə, hazırda tıxac qədər dilimizdə işlənən ikinci bir söz təsəvvürə gətirmək mümkün deyil. 
Bu mənada o, ən çox işlənən sözə çevrilib. Necə deyərlər, hər cümləmizin mübtədası da tıxacdır, xəbəri də… Elə xəbərlərin də doxsan faizi tıxacla bağlıdır. Bəli, bu günlərdə tıxacla bağlı daha bir məlumat yayılıb. Məlumatda bildirilir ki, guya Nəqliyyat Nazirliyi bu tıxaclardan xilas olmağın yolunu tapıb. Bu yol da nədən ibarət olsa yaxşıdır? Paytaxt ərazisinə bölgələrdən gələn şəxsi avtomobillərə qadağa qoyulmasından. Yəni paytaxtın şimal, şərq və cənub girişlərində dayanacaqlar təşkil olunacaq ki, bölgələrdən gələnlər avtomobillərini həmin dayanacaqlara təhvil verərək lazım olan ünvanlara ictimai nəqliyyat və ya taksi ilə gedəcəklər. Bununla da paytaxtda tıxacların azalmasına nail olunacaq. Şəxsən mən bu xəbərlə tanış olan kimi Nəqliyyat Nazirliyinin başbilənlərinin ünvanına bir “afərin” göndərmək istədim. Lakin tıxaca düşəcəyindən qorxdum. Odur ki, fikrimdən vaz keçdim. Nə isə…Bəli, son illər artıq Bakıda kifayət qədər körpülər salınıb, yeni yeraltı və yerüstü keçidlər inşa olunub və inşa olunmaqdadır. Amma tıxaclar azalmır ki, azalmır. Əksinə, gündən-günə artır. Elə bizim nazirliyin başbilənləri bu aspektdən boylanaraq iddia edirlər ki, Bakıda hərəkət yolları o qədər dəyişilib ki, onları Bakıda yaşayanlar zorla tanıyırlar. Bu mənada illərlə Bakıya gəlməyən sürücü nə qədər təcrübəli olsa da, həmin yolları dərhal tanıya bilməz.

Məncə, bu, olduqca qəribə məntiqdir. Məgər həmin yollarda yol nişanları yoxdur? Varsa, bu nə məntiqdir? Digər tərəfdən, belə çıxır ki, bölgələrdə maşın idarə edənlər, məsələn, Almaniyanın, Polşanın şəhərlərində maşın sürə bilməzlər. Elə isə həmin sürücülərə maşın idarə etmək hüququ verən sənədlər necə verilib?

Ortaya başqa bir sual da çıxır. Demokratiyadan, bərabərlikdən, insan haqlarından ağızdolusu danışırıq. Elə isə bu bölgələrdən paytaxta üz tutan sürücülərin hüquqlarının pozulması demək deyilmi? Axı onlar da bu ölkənin vətəndaşlarıdır. Bu ki açıq-aydın ayrı-seçkilik deməkdir. Axı onlar da öz maşınlarında paytaxtı seyr etmək istəyirlər. Niyə onları belə bir ziyarətdən məhrum etmək istəyirik? Görəsən, dünyanın hansı yerində belə qadağa var? Yazımın bu yerində bu yaxınlarda Sumqayıtda traktorların da qoşulduğu toy karvanı barədə sosial şəbəkələrdə yayılmış videoçarx yadıma düşdü. Videokadrda gəlin aparan maşınlarla yanaşı, 4 traktor da xüsusi bəzənilmiş formada toy karvanına qoşulmuşdu. Sonradan öyrəndim ki, həmin traktor sahibləri Sumqayıt Şəhər Məhkəməsi tərəfindən cəzalandırılıblar. Məhkəmə onların hər birinə 20 sutka həbs cəzası verib. Bu nə deməkdir? Görünür, toy sahibinin imkanı bu nəqliyyat vasitələrinə çatıb da… Buna görə onları cəzalandırmağa dəyərmi? Axı hamının toy karvanına son modelli maşınlar qoşmaq imkanı yoxdur… Yeri gəlmişkən, elə bu yaxınlarda Türkiyə vətəndaşları İbrahim və Mervenin toyunda gəlin avtomobili TIR (böyüktonnajlı yük avtomobili) olub. Amma buna görə onlara “gözün üstə qaşın var” deyən olmayıb. Əksinə, onların bu toy karvanı maraqla qarşılanıb.

Nə isə, deyəsən, mətləbdən uzaqlaşdım axı. Amma bir o qədər də yox… Bəs nə etməli? Hamlet demişkən, sual budur bu… Mənim fikrimcə, nazirliyin bu addımı, bir daha təkrar edirəm, insan hüquqlarına, daha doğrusu, bölgə sürücülərinin hüquqlarına kobud müdaxilədən başqa bir şey deyil. Bu mənada, tıxacları bölgədən gəlmiş maşınları şəhərin kənarında saxlatdırmaqla deyil, paytaxt küçələrində nəzarəti gücləndirməklə həll etmək daha doğru olardı. Yəqin, bu təklifə görə nazirliyin başbilənləri mənə heç olmasa, bir mərhaba göndərəcəklər. Amma göndərməsinlər. Qorxuram ki, göndərdikləri mərhəba da tıxaca düşə. Odur ki, sadəcə, bir “mərhəba” desələr bəsimdir…

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here