“Məqsədimiz qaçqın və məcburi köçkünlərin sosial qayğılarını azaltmaqdır”

628

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başladıqdan sonra ölkə qeyri-hökumət təşkilatlarının işində ciddi canlanma müşahidə olunur. Bu canlanma özünü region qeyri-hökumət təşkilatlarının fəaliyyətində daha çox büruzə verir. Əvvəllər donorlara çıxış imkanı məhdud olan region qeyri-hökumət təşkilatları artıq şuranın maliyyə dəstəyi sayəsində ölkə əhəmiyyətli layihələrə imza atırlar. Belə QHT-dən biri də Sumqayıt şəhərində fəaliyyət göstərən “Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyidir. Hazırda İctimai Birlik tərəfindən şuranın maliyyə dəstəyi ilə “Əlilliyi və sağlamlıq imkanı məhdud olan qaçqın və məcburi köçkün şəxslərə kompyuter proqramlarının təlimi” adlı layihə icra edilir. Biz də layihə barədə ətraflı məlumat almaq üçün suallarımızı “Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyinin sədri Tahirə Nağıyevaya ünvanladıq.

– Tahirə xanım, həyata keçirdiyiniz layihə barədə məlumat verməyinizi xahiş edirik.

– “Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hər il müxtəlif layihələr həyata keçirir. Şuranın dəstəyi ilə bu il həyata keçirdiyimiz layihə əlilliyi və sağlamlıq imkanı məhdud olan qaçqın və məcburi köçkün şəxslərə kompyuter proqramlarının təlimi ilə bağlıdır. Bu layihə 3 ay ərzində həyata keçiriləcək. Artıq layihənin icrasından təxminən ay yarıma yaxın vaxt keçib. Təlimlərdə iştirak edəcək əilliyi və sağlamlıq imkanı məhdud olan qaçqın və məcburi köçkün şəxslər həftə ərzində 3 dəfə, bəzi həftələrdə isə 4 dəfə təlimlərə cəlb olunurlar. Aprel ayının 17-dən başlanan təlimlər iyun ayının 10-dək davam edəcək. Qruplarımız əvvəlcədən müəyyən olunsa da bundan sonra da təlimlərdə iştirak etmək istəyən şəxlər bizə müraciət edə bilərlər.

– Belə bir layihəni icra etmək hansı zərurətdən doğdu?

– Bildiyiniz kimi, torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində milyonadək soydaşımızın doğma ocaqlarından didərgin salınması, minlərlə soydaşımızın şəhid olması ilə birgə minlərlə soydaşımız da sağlamlıq imkanlarını itirib. Digər qaçqın və məcburi köçkün soydaşlarımız kimi, sağlamlıq imkanlarını itirən soydaşlarımız da hər zaman dövlətin qayğısı ilə əhatə olunublar. Qaçqın və məcburi köçkünlərin qayğılarının, problemlərinin həll edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin əsas qayəsi olmuşdur. Təsadüfi deyil ki, 1999-cu ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu təşkil edilib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il, 1 iyul tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icrası nəticəsində minlərlə qaçqın və məcburi köçkün iş yerləri ilə təmin olunub. Lakin qeyd etmək lazımdır ki, əlilliyi və sağlamlıq imkanı məhdud olan şəxslər bir çox hallarda heç bir ixtisas və peşəyə sahib ola bilmirlər və onların əmək bazarında rəqabət qabiliyyəti zəif olur, işə düzəlməkdə çətinlik çəkirlər. Nəticədə onlar sosial müdafiəyə daha çox ehtiyac hiss edirlər. Bu baxımdan görülən tədbirlərə rəğmən, qaçqın və məcburi köçkün şəxslər arasında əlilliyi və sağlamlıq imkanı məhdud olanların məşğulluq probleminin həlli hər zaman aktual olaraq qalır. Apardığımız müşahidələr göstərir ki, əlilliyi və sağlamlıq imkanı məhdud olan şəxslərin əksəriyyəti çalışmaq, həm özlərinə, həm ailələrinə, həm də cəmiyyətə faydalı olmaq istəyirlər. Bu problemin həlli yollarından biri İKT-nin imkanlarından istifadə etməkdən keçir. Məlumdur ki, ölkəmizdə İKT-nin inkişafı yeni mərhələyə qədəm qoyub. Artıq əminliklə demək olar ki, ölkəmizdə dövlət orqanları, biznes qurumları və vətəndaşların qarşılıqlı fəaliyyətində İKT-nin imkanlarından geniş şəkildə istifadə olunur. İKT sektoru neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə hesab olunur. Təsadüfi deyil ki, İKT-nin ölkə iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğu Prezident İlham Əliyev tərəfindən də dəfələrlə bəyan edilib. Prezident İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə İKT üzrə keçirilən ümumdünya sammitində çıxış edərkən deyib ki, Azərbaycanda neftdən sonra prioritet sahə məhz İKT sektoru olmalıdır. İKT-nin ölkəmizdə bu qədər geniş şəkildə tətbiq olunması bizə imkan verir ki, əlilliyi və sağlamlıq imkanı məhdud olan qaçqın və məcburi köçkün şəxslərin məşğulluq problemini həll edə bilək.

Qeyd etdiyimiz kimi, İKT-nin geniş tətbiqi nəticəsində texnoloji yeniliklərdən istifadə edən iş yerlərinin sayı sürətlə artmaqdadır. Məsələn, bu gün hər hansı bir ali təhsil və ya ixtisas tələb edilməyən iş yerlərində belə İKT avadanlıqlarından istifadə bacarığı tələb olunur.

İKT-nin bugünkü inkişaf səviyyəsi imkan verir ki, əlilliyi və sağlamlıq imkanı məhdud olan şəxslər ev şəraitində, heç bir yerə getmədən, oturduqları yerdə iş görsünlər. Məsələn, internetin imkanlarından istifadə edərək əlilliyi və sağlamlıq imkanı məhdud olan şəxslər “onlayn” sifarişlər ala və icra edə bilərlər. “Microsoft Excel”, “Power Point” proqramlarını bilən əlillər müxtəlif təqdimatların, slaydların hazırlanması işlərini asanlıqla yerinə yetirə bilərlər. Bunun üçün, ilk növbədə, əlilliyi və sağlamlıq imkanı məhdud olan şəxslərə müxtəlif kompyuter proqramları öyrədilməlidir. Çünki müasir dövrdə kompyuter proqramlarını bilmədən məşğulluq problemini həll etmək bir o qədər də asan deyil. Məhz bu səbəbdən əlilliyi və sağlamlıq imkanı məhdud olan qaçqın və məcburi köçkün şəxslərə kompyuter proqramlarının öyrədilməsinə böyük ehtiyac var.

– Bu layihəni icra etməklə nəyə nail olmaq istəyirsiniz?

– Qeyd etdiyimiz kimi, bu layihənin icrasında əsas məqsədimiz əlilliyi və sağlamlıq imkanı məhdud olan qaçqın və məcburi köçkün şəxslərin yaradıcılıq və təhsil imkanlarını artırmaqdır.

Yaradıcılıq və təhsil imkanlarını artırmaqla əlilliyi və sağlamlıq imkanı məhdud olan qaçqın və məcburi köçkün şəxslərin məşğulluq problemini həll etmiş olacağıq ki, nəticədə onların sosial qayğıları azalacaq. Bu eyni zamanda onlarda özünəinam hissini artıracaq.

– Layihənin icrası üçün şura tərəfindən yetərli maliyyə yardımı ayrılıbmı?

– Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası digər layihələrimizdə olduğu kimi, bu layihənin icrası üçün kifayət qədər maliyyə yardımı ayırıb. Mən də fürsətdən istifadə edib, “Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyi ətrafında birləşən yüzlərlə qaçqın və məcburi köçkün adından şura rəhbərliyinə təşəkkürümü bildirirəm. Sumqayıt şəhərində təlimin keçirildiyi məkan icarəyə götürülüb və kompyuter proqramlarını yüksək səviyyədə öyrədilməsi üçün peşəkar mütəxəssislər bu işə cəlb olunublar. Onu da bildirim ki, təlimlərin sonunda əlilliyi və sağlamlıq imkanı məhdud olan qaçqın və məcburi köçkün şəxslərə müvafiq təlim kursunu bitirmələri ilə bağlı sertifikat veriləcək və bu da onların məşğulluq probleminin həllinə yardım edəcək.

Elvin Əliyev