“Məqsədimiz narkomaniyaya qarşı hamılıqla mübarizəni genişləndirməkdir”

705

Mingəçevir şəhər polis şöbəsi tərəfindən “Zərərli vərdişlərin və onların qarşısının alınması, narkomaniya cəmiyyətin bəlasıdır” mövzusunda şəhər 1 saylı məktəbdə 9, 10, 11-ci sinif şagirdləri üçün geniş maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa səsləmək, ictimaiyyəti bu sahədə maarifləndirməkdir.
Tədbirdə məktəbin direktoru Aynur Rəsulova mövzunun mahiyyəti barədə şagird və müəllim kollektivinə məlumat verib. Daha sonra söz Mingəçevir şəhər polis şöbəsinin rəisi, polis polkovniki Cavid Muradova verilib. Rəis çıxışında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın icrası məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən görülən işlər haqında ətraflı söz açıb. Bildirib ki, bu məqsədlə şəhərin təhsil ocaqlarında mütəmadi olaraq gənclər arasında maarifləndirici tədbirlər həyat keçirilir: “Məqsədimiz narkomaniyaya qarşı hamılıqla mübarizəni genişləndirməkdir”.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində danışıb, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya “yox” deməyə çağırıb.
Daha sonra polis şöbəsinin rəis müavini, polis mayoru Mehman Həşimov, Narkomaniyaya Qarşı Mübarizə Qrupunun əməkdaşı, polis müavini Emir Cavadov, İctimai təhlükəsizlik bölməsinin əməkdaşı polis kapitanı Rəşad Məmmədov da gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadlarından danışıb və bununla bağlı əhali arasında maarifləndirmə işlərinin aparıldığı, mətbuatda məqalələrin dərc edildiyi bildiriblər. Şəhərdəki təlim-tərbiyə müəssisələrində, məktəblərdə müntəzəm olaraq aidiyyəti təşkilatlarla birlikdə narkotik vasitələrin və psixotrop maddələrin zərərli nəticələri ilə bağlı profilaktik işlərin görüldüyü qeyd edilib.
Tədbir çərçivəsində məktəbililər narkomaniyanın insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən videoçarxa baxıblar. Maarifləndirici tədbirdə iştirakçılarının təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda məktəbin direktoru Aynr xanım şəhər polis şöbəsinin rəisi Cavid Muradova öz təşəkkürlərini bildirərək qeyd edib ki, tərəfinizdən keçirilən bu kimi maarifləndirici tədbirlərdən sonra şəhərdə sabitlik, narkotik istifadəçilərinin sayında sanki bir azalma müşahidə edirik.
Esmira Hidayətova, Mingəçevir.