Məqsədimiz insanların məmnunluq hisslərini daha da artırmaqdır

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Novruz bayramı münasibətilə mingəçevirliləri təbrik edib. Təbrikdə deyilir:

Hörmətli mingəçevirlilər, əziz dostlar!

Sabah ölkəmizin hər yerində əsrlərin sınağından çıxmış milli bayramımız Novruzun gəlişi qeyd olunur. Novruz xalqımızın yaddaşına gözəllik və yenilik bayramı kimi daxil olur. Fəsillərin dəyişməsi, yazın gəlişi, torpağın oyanışı Novruza olan inamı daha da artırır. Məhz buna görədir ki, Novruz YUNESKO-nun mədəni irslər siyahısına daxil edilərək, dövlətimiz və dünya xalqları tərəfindən qorunur. Bu milli bayram hazırda dünyanın əksər dövlətləri tərəfindən qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-rrezident Mehriban xanım Əliyeva hər il olduğu kimi, bu il də ölkəmizdə bu bayramın geniş qeyd olunması üçün bütün mümkün imkanları hərəkətə gətirir, xalqımıza xoş təbriklərini çatdırırlar. Təbii ki, mövcud karantin rejimi, bütün dünyanı öz caynağına almış koronavirus xəstəliyi bizə əvvəllərdə olduğu kimi daha möhtəşəm addımlar atmağa imkan vermir. Buna baxmayaraq milli adət ənənələrimizə uyğun olaraq Novruz bayramı hər evdə, hər ailədə xüsusi zövqlə qeyd edilir. Xonçalar bəzənir, şəkərbura, paxlava bişirilib süfrələrə düzülüb. Ailə üzvlər bir yerə cəm olaraq səməni ətrafına toplaşır. “Səməni saxla məni, ildə göyərdərəm səni” deyən ağbirçək nənələr, analar öz övladları ilə bayramlaşır, sevinclərini bölüşürlər. Təki həmişə belə olsun.
Builki Novruz bayramı xüsusi sevinc və şənliklə qeyd olunan bayramdır. Müzəffər ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində erməni faşistlərini məhv edərək qovmuş, torpaqlarımızı düşmən tapdağından azad etmişdir. Şəhidlərimizin qanı bahasına əldə olunan bu inamlı qələbə hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmişdir. Odur ki, ilk növbədə bizə bu sevinci bəxş edən Şəhid övladlarımızın, Vətən müharibəsində böyük şücayət göstərən qazilərimizin qarşısında baş əyib, onların valideynlərini, övladlarını bu əziz bayram münasibətilə təbrik edirəm.

Novruz bayramı yaz fəslinin gəlişi ilə əlaqədar olduğundan şəhərimizdə də bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Ən başlıcası, yaşıllıqlar şəhəri olan Mingəçevirdə çoxsaylı ağaclar, gül kolları əkilmişdir. Yeni park və xiyabanlar salınmış, nümunəvi məhəllələr yaradılmışdır. Şəhərin Sağ sahil, Energetiklər, Günəşli, Tərəvəzçilik massivlərində, Nizami, Təbriz, Həzi Aslanov, Aşıq Qurbani, Nəriman Nərimanov, Müslüm Maqomayev, Heydər Əliyev, Samux, Nəsimi, Puşkin və bir çox başqa küçələri boyunca aparılan abadlıq-quruculuq işləri, yaşıllaşdırma tədbirləri buna əyani sübutdur. Məqsədimiz Mingəçevirdə bütün məhəllə və küçələri abadlaşdırmaq, insanların məmnunluq hisslərini daha da artırmaqdır. Həyata keçirdiyimiz tədbirlər nəticəsində uzun illər abadlaşdırılmayan, səliqə-sahmana möhtac olan məhəllə, küçələr, park və xiyabanlar qaydaya salınmışdır. Bu gün Sahil, Dostluq, Qələbə, Nəsimi, Füzuli kimi parklar insanların ən çox istirahət etdikləri məskənlərdir. Bu qəbildən olan işlər mütəmadi olaraq davam etdirilir.
Əziz mingəçevirlilər və şəhərimizin qonaqları! Sizi və sizin timsalınızda bütün xalqımızı bu əlamətdar el şənliyi, Novruzun gəlişi münasibətilə təbrik edir, sizlərə ən xoş arzularımı bildirirəm. Qoy bu bayram hər bir evə, hər bir ailəyə gözəl ovqat bəxş etsin, arzularınız, istəkləriniz həyata keçsin. Evlərinizə sevinc, səadət gəlsin.
Bayramınız mübarək olsun!