“Məqsədimiz əhalini təmiz içməli su ilə təmin etməkdir”

0
747

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamı ilə iyun ayının 5-i  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir.

Bu günlərdə Mingəçevir Su və Kanalizasiya Şəbəkələrinin İstismar Sahəsinin rəisi Elçin Salmanovla görüşüb ona bir neçə sualla müraciət etdik. Müsahibimiz  bildirdi ki, su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi ölkə başçısının  su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir. O, həmçinin Azərbaycanın su təsərrüfatı sektorunun böyük tarixi yol keçdiyini xatırladaraq bu sahədə çoxminli işçi ordusunun formalaşdığını diqqətə çatdırdı: “1997-ci ildən bu sahədə çalışıram. Mingəçevirdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün şəhərdə böyül işlər görülüb. Onu da qeyd edim ki, ölkəmizin içməli su təchizatı və kanalizasiya sektorunun 2004-cü ildən sonrakı tarixi “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlıdır”.

O daha sonra dedi: “Bu günə qədər Mingəçevir şəhərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu istismara verilib. Artıq Mingəçevir sakinləri yeni qurğu və şəbəkədən içməli su ilə təmin edilir. Gələcəkdə buradan Yevlax şəhərinə içməli suyun verilməsi nəzərdə tutulur.

Bu gün də bu sahədə digər işlər davam etdirilir. Belə ki, binaların zirzəmilərində 50-60 ildən qalan köhnə su boruları yeni müasir standartlara cavab verən su boruları ilə əvəzlənir. Şəhərin sağ sahilində əhali uzun illər sudan korluq çəkib. Bu ərazidə əhaliyə su müəyyən saatlarda verilirdi. Amma görülən tədbirlər nəticəsində bu sahədə dönüş yaradılıb. Onu da deyim ki, ümumiyyətlə, içməli su və kanalizasiya infrasturukturlarının yenidən qurulması regionların inkişafına töhfələr verir. Bizim də əsas məqsədimiz əhalini təmiz içməli su ilə təmin etməkdir. Mən də başda Azərsu ASC-nin rəhbəri Qorxmaz Hüseynov olmaqla bütün həmkarlarımızı peşə bayramı münasibəti ilə təbrik edirəm.

Esmira Hidayətova, Mingəçevir.