“Məqsədi Ukraynanın NATO-ya üzvlüyünə imkan verməməkdir”

484
“Rusiya Prezidenti Ukraynanın şərqini ilhaq etmək fikrində deyil. Putinin əsas məqsədi Ukraynanın NATO-ya üzv olmasına yol verməməkdir”. Bunu “France inter” radiosuna müsahibəsində Fransa Prezidenti Fransua Olland deyib.
“Putin Ukraynanın şərqini ilhaq etmək niyyətində deyil, bunu mənə özü deyib. O, sadəcə olaraq, Ukraynanın NATO düşərgəsinə keçməsini istəmir”, – deyə o, söyləyib.

Bununla yanaşı, F. Olland bildirib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət etməli və separatçılara dəstəkdən vaz keçməlidir.

F. Olland onu da deyib ki, Ukrayna ətrafındakı vəziyyətdə tərəqqi əldə olunarsa, Qərbin Rusiyaya qarşı sanksiyaları aradan qaldırıla bilər.

Onun sözlərinə görə, Rusiyadakı böhran Avropa üçün yaxşı deyil: “Düşünürəm ki, Rusiyaya qarşı sanksiyalar dayandırılmalıdır. Danışıqlarda tərəqqi əldə olunarsa, Qərbin Rusiyaya qarşı sanksiyaları aradan qaldırıla bilər. Tərəqqi olmasa, sanksiyalar da qalacaq”.

 

“Çox sıxışdırılsa Putin

təhlükəli ola bilər”

“Putinin aləmində təsadüflər yoxdur və o, düşünülmüş sxem üzrə hərəkət edir. O, Böyük Rusiya yaratmaq niyyətindədir. Buna görə də Putin Avropanın birliyini pozmağa çalışır. Avropa ölkələri arasında mədəniyyət və iqtisadiyyat fərqi isə onun işini asanlaşdırır”.

Bu sözləri jurnalistlərə müsahibəsində Polşa bankının baş direktoru Maçey Enceyak deyib.

“Bununla belə, iqtisadi sanksiyalar Rusiya üçün ciddi problemə çevrilib və ölkə indi durğunluq dövrünü yaşayır. Hələ 1985-ci ildə Səudiyyə Ərəbistanı neft çıxarılmasını 5 dəfəyədək artırmışdı. Nəticədə SSRİ öz neftini bazar qiymətindən çox aşağı satdı ki, heç olmasa müəyyən qədər borclarını ödəyə bilsin. ABŞ-ın Səudiyyə Ərəbistanı ilə belə işbirliyi SSRİ-ni “boğdu”. Görünür, indi də Rusiyaya qarşı həmin ssenari tətbiq edilir”, – deyə iqtisadi ekspert bildirib.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Rusiyanı çox sıxışdırmaq da olmaz. “Çünki əgər Putin “küncə sıxışdırılsa” və heç bir çıxış yolu olmasa, onun fəaliyyəti çox təhlükəli ola bilər. Onun özü də artıq başa düşür ki, kassadakı ehtiyatları tezliklə tükənə bilər. Buna görə də o, biznesmenləri Rusiyaya geri çağırıb. Amma görünür, 1-2 nəfərdən başqa Rusiyaya qayıdan olmayacaq. Çünki xarici ölkələrdə Rusiya biznesmenlərinə arxalanan “özəl bankçılıq”da heç bir azalma müşahidə edilməyib”.