Məqsəd vətəndaşlarımızın sağlamlığını qorumaqdır

0
173

Prezident İlham Əliyev bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində yeni addımlar atmaqdaqda davam edir. Belə ki, dövlətimizin başşısı aprelin 9-da “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə  97 milyon manat ayrılıb.

Azərbaycan Tibb Universitetinin Göz xəstəlikləri kafedrasının müdiri, professor Paşa Qəlbinur mövzu ilə bağıl “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, insanların sağlamlığının qorunması istiqamətində dövlətimizin başçısının atdığı addımların hər biri təqdirəlayiqdir: “Onları isə saymaqla qurtarmaz. Təkcə bir faktı xatırladım ki, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı ilə cənab Prezident İlham Əliyev səhiyyə tariximizə yeni bir səhifə yazdı. Üstəlik, hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxana da quraşdırılmaqdadır. Zənnimcə, bu da tarixi bir addım kimi dəyərləndirilməlidir

Bu gün bəşəriyyəti sarsıdan koronavirus dünyada hər gün minlərlə can almaqdadır. Təəssüf ki, bu bəla ölkəmizdən də yan keçməyib. Amma Prezident İlham Əliyevin həyata keçirdiyi  qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın ölkəmizə təsiri minimum həddədir. Bu isə o deməkdir ki, respublikamızda həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Yəni, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verilib. Üstəlik,  onların yerli istehsalının təşkili istiqamətində də konkret işlər görülüb. Cənab Prezident növbəti Sərəncamı ilə bu istiqamətdə atdığı addımlara yeni bir töhfə  verdi.”

Müsahibimiz daha sonra qeyd etdi ki, dövlət  tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməyə xidmət edir: “Yəni, karantin rejiminin tətbiq olunması, məhdudlaşdırıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun qərarların qəbul edilməsi yalnız bir məqsəd güdür: ölkəmizi bu ağır sınaqdan az itkilərlə çıxarmaq və vətəndaşlarımızı qorumaq.”

Həmsöhbətimiz, həmçinin bildirdi ki, dünyanı cənginə alan koronavirus pandemiyasının qarşısını almaq üçün dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər görülsə də  hələ də bəzi insanlar bunun mahiyyətini anlamaq istəmir, həyatlarını təhlükəyə atırlar:  “Təkcə öz həyatlarınımı? Yox, belələri unutmasınlar ki, onlar bu hərəkətləri ilə öz yaxınlarını da fəlakətə sürükləyirlər”.

Sonda Paşa Qəlbinur yaranmış vəziyyətlə əlaqədar butün vətəndaşlarımızı qəbul edilmiş qaydalara riayət etməyə səslədi: “Bəli, dövlət üzərinə düşən hər şeyi edir və etməkdədir. Gəlin biz də üzərimizə düşəni edək, yəni, bu bəlaya ciddi yanaşaq, qoyulmuş qaydalara əməl edək. Bir sözlə, evdə qalaq, sağlam olaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”