Məqsəd payız-qış mövsümünə hazırlıq işlərini yüksək keyfiyyətlə başa vurmaqdır

80

2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilib.
Şura iclasında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov  gündəlikdə duran məsələlər, payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar şəhər təsərrüfatında görülmüş işlər və qarşıda görülməsi vacib olan məsələlər haqqında ətraflı məlumat verib.  İclasın gündəliyində 2 məsələ olduğunu deyən başçı  gündəlikdə duran 1-ci məsələ “Mingəçevir şəhər icra Hakimiyyəti başçısı yanında Şura üzvlüyünə yeni üzvün MDU rektoru Şahin Bayramovun  təyin edilməsi haqqında”, 2-ci məsələ “Şəhərin idarə, müəssisə və təşkilatlarının 2022-2023-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı icrası nəzərdə tutulan tədbirlər haqqında” olduğunu nəzərə çatdırıb.

Bildirilib ki, şəhər təsərrüfatının payız-qış mövsümünə hazır olması, əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi , xüsusi ilə də tüstü bacalarının təmizlənməsi məqsədilə Şəhər İcra Hakimiyyətində tədbirlər planı hazırlanıb və bu tədbirlərin icrası istiqamətində bir sıra işlər görülüb.
İcra başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova  son bir neçə il ərzində  Mingəçevir  şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri nəticəsində şəhər əhalisinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və su ilə təmin edilməsi üçün mühüm işlər görüldüyünü, müasir infrastruktur yaradıldığını bildirib.
Vurğulanıb ki, bu gün əlaqədar qurumların qarşısında duran əsas vəzifə mövcud infrastrukturdan səmərəli istifadə edərək payız-qış mövsümünə hazırlıq işlərini vaxtında və yüksək keyfiyyətlə başa vurmaqdır.

Məsələ ilə bağlı çıxışçılara söz verildikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə və tapşırıqlarını verib. Şəhər rəhbəri aidiyyəti qurumların rəhbərlərinə qışa hazırlığı sürətləndirmək, mövcud problemləri qısa müddət ərzində aradan qaldırmaqla bağlı tapşırıqlarını verib.

Esmira Hidayətova, Mingəçevir