Məqsəd əhalinin maddi rifahını yaxşılaşdırmaqdır

535

İmişli rayonunda “Şəkər bayramı” keçirilib. Rayon İcra Hakimiyyəti rəhbərliyinin, millət vəkillərinin (Çingiz Qənizadə, Rövşən Rzayev və Əsabil Qasımov), “Azərsun Holdinq” rəhbərliyinin və sakinlərin iştirak etdiyi bayram tədbirində mətbuat nümayəndələri də iştirak ediblər.

Mərasimdə “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bildirib ki, Azərbaycan dövləti əhalinin əsas ərzaq məhsullarına olan təlabatını öz yerli istehsalı hesabına təmin etməyi qarşıya məqsəd qoyub. Bu istiqamətdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar və dövlət proqramları öz müsbət nəticəsini verməkdədir. Daha sonra “Azərsun Holdinq”in bu sahədə həyata keçirdiyi layihələrdən söz açan Savaş Uzan səkkiz il öncə ölkə başçısı İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış İmişli Şəkər Zavodundan danışıb. O bildirib ki, hazırda bu müəssisənin nəzdində 6 sənaye obyekti fəaliyyət göstərir. Rayonda daha bir neçə müəssisənin təşkili də gündəmdədir. Onun sözlərinə görə, hazırda zavodun məhsulları dünyanın 10-dan artıq ölkəsinə ölkəsinə ixrac olunur.

az2İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə öz çıxışında qeyd edib ki, hazırda İmişli rayonunda işsizlik tam aradan qaldırılıb. Onun sözlərinə görə, İmişli Şəkər Zavodunun rayon iqtisadiyyatının inkişafında və işsizliyin aradan qaldırılmasında misilsiz rolu var: “Maraqlı məqam ondan ibarətdir ki, ərazidə torpaq istehsalçılarının şəkər çuğunduru əkib becərilməsinə marağı ilbəil artır. Bu da “Azərsun Holdinq” rəhbərliyinin kənd adamlarına hərtərəfli diqqət və qayğısı nəticəsində mümkün olub. Təkcə bir faktı qeyd edim ki, hazırda İmişli Şəkər Zavodunda 3 min işçi çalışır. Zənnimcə, ölkəmizdə bu qədər işçinin çalışdığı ikinci zavod yoxdur. Onu da deyim ki, zavodda orta aylıq əmək haqqı 350 manatdır”.

O həmçinin bildirib ki, rayonun maliyyəsinin 45 faizi Şəkər zavodunun ödədiyi vergi hesabına təmin edilir: “İmişli, Abşerondan sonra özü-özünü maliyyələşdirən ikinci rayondur. Bu uğur cənab Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsində əldə olunub”. O, növbəti illərdə də “Şəkər bayramı” yüksək səviyyədə təşkil ediləcəyini vurğulayıb.

az1Bu mərasimdən sonra İmişli Şəkər Zavodunda da tədbir keçirilib. Bu tədbirdən sonra iştirakçılar zavodun istehsal proseslərini də əyani şəkildə müşahidə ediblər. Zavoda ən çox şəkər çuğunduru təhvil vermiş mülkiyyətçilər isə bu dəfə də diqqətdən kənarda qalmayıblar. Həmin gün, ən çox məhsul təhvil verən mülkiyyətçilərə ümumilikdə 20 ton şəkər tozu və qənd hədiyyə edilib.

Mükafatlandırma mərasimindən sonra 2014-cü ilin şəkər çuğunduru tədarükünə başlanıb və ilk yük maşınlarının  boşaldılmasına başlanılıb.

Qeyd edək ki, bu müəssisə xammala olan tələbatını daxili imkanlar hesabına ödəməyə çalışır. İmişli Şəkər Zavodunun direktoru Fərhad Tuqal bizimlə söhbətində deyib ki, hazırda 16 rayonun 192 kəndindən 1789 mülkiyyətçi ilə müqavilə bağlanaraq şəkər çuğundurunun əkini həyata keçirilir. Bu isə hər şeydən əvvəl, işsizliyin aradan qaldırılmasına və yerli əhalinin maddi vəziyyətinin yaxşılaşdırmaqdır.

Şəkər çuğunduru yetişdirən şəxslərlə söhbətdən aydın oldu ki, müqaviləyə əsasən zavod onları toxumla təmin edir, sahəni şumlayır, malalayır, səpin keçirir, lazımi gübrələrlə təmin etməklə bahəm, aqrotexniki qulluq göstərir, məhsulu yığır, öz texnikası ilə müəssisəyə daşıyır. Bir sözlə, əkindən biçinə qədər gedən prosesdə lazımi texnika ilə təmin olunurlar. Onlara ancaq məhsulu suvarmaq, onu alaqdan təmizləmək qalır. Həmin şəxslərin sözlərinə görə, bu şərtlər daxilində çalışmaq onlara yaxşı  qazanc gətirir.

Qvami Məhəbbətoğlu