Mənzillərin qiymətində azalma müşahidə olunur

597

Ötən ilin ikinci yarısından etibarən mənzil bazarında müşahidə olunan davamlı qiymət artımı 2014-cü ilin iyun ayından etibarən aşağı düşməyə başlayıb. “MBA Consulting Group”un Bakı şəhəri üzrə yaşayış təyinatlı daşınmaz əmlak bazarında apardığı son tədqiqatların nəticəsinə görə iyun ayı ərzində bazarda satışa təklif olunan 1-5 otaqlı yaşayış mənzillərinin təklif portfeli üzrə hesablanmış orta qiyməti 1,28% azalaraq 2111 $/kv.m-dən 2084 $/kv.m-ə qədər azalıb. Ekspertlər bildirirlər ki, əmlak bazarında qiymətin 1,28% azalması mövsümi xarakter daşıyır. Yay fəslində, xüsusilə havaların isti keçdiyi dövrdə insanların şəhərdən kənar yerlərdə dincəlməsi, əmlak bazarındakı alqı-satqı əqdlərinin sayına təsirsiz ötüşməyib. Yay vaxtı insanlar dincəlməyə daha çox diqqət yetirdiklərindən bazarın aktivliyində azalma qeydə alınır ki, bu da öz növbəsində bazarda qeyd olunan əqdlərin sayının 0,41% azalmasına gətirib çıxardıb. Digər tərəfdən isə, daşınmaz əmlak bazarındakı qiymətlər ümumilikdə son aylarda daha çox artdığından alıcıların böyük əksəriyyəti qiymətlərin növbəti yaxın aylarda düşəcəyini ehtimal edərək gözləməyə üstünlük verirlər. Alıcıların ehtiyatlı tərpənərək gözləməyə üstünlük vermələri öz növbəsində iyun ayında qiymətlərin nisbətən azalmasına gətirib çıxardıb.  Araşdırmalar nəticəsində məlum olmuşdur ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyukturası və ya tələbin xarakterindən irəli gəlir.  Ümumilikdə təklif portfelində bahalı evlərin payı 1,68% azalaraq 47,64%-dən 46,84%, ucuz evlərin payı isə 1,53% artaraq 52,36%-dən 53,16% təşkil edib.

Yuxarıda qeyd edildiyi kimi, bazarda alqı-satqı əqdlərinin azalması əmlakın ekspozisiya müddətinin artması ilə nəticələnib.  Əmlakın ekspozisiya müddəti bazarın hazırkı durumuna uyğun olaraq  83 gün təşkil edib.

 

 

 

 

1 və 2 otaqlı mənzillərin təklif

sayında azalma müşahidə olunub

Təklif portfelində köhnə mənzillərin paylarının artması əsasən “eksperimental”, “italyan”, “leninqrad” və “minsk” layihəli binalarda müşahidə olunub. Bazarda dövr edən mənzillərin otaq say göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib. Təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. 3, 4 və 5 otaqlı mənzillərin təklif sayında artım, 1 və 2 otaqlı mənzillərin təklif sayında isə azalma müşahidə olunub. Nəticə olaraq isə az otaqlı mənzillərin payı bazarda azalıb.

Qeyd etdiyimiz kimi, ay ərzində təkrar mənzil bazarında orta qiymətlərin ötən aya nisbətən azalması qeyri-mövsümi ayların davamı ilə əlaqədardır. Ümumilikdə, bahalı mənzillərin orta qiymətləri ötən ay ilə müqayisədə 0,27%, ucuz evlərin qiymətləri isə -1,9% azalma ilə yadda qalıb. Bazarda qiyməti 85-100 min dollar arasında olan mənzillər ümumi portfeldə ən çox paya, yəni 53,16% -ə malikdir. Aparılan araşdırmalardan məlum olur ki, təkrar mənzil bazarında şəhər üzrə mənzillərin qiymət indeksində əvvəlcədən gözlənildiyi kimi nisbətən azalma müşahidə edilib. Bunu son aylarda qiymətlərin artaraq yüksək səviyyədə qərarlaşması və indən sonra qiymətlərin artıq artmayacağı ehtimallarının əhali tərəfindən qəbul olunması kimi izah etmək olar.

Allahverdi Cəfərov