“Mənsub olduğumuz coğrafiyanın hər bir evində Çanaqqala zəfərinin xatirəsi var”

Dünən Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan rəsmi mərasimlər keçirilib.
 Çanaqqala şəhərinin Cümhuriyyət Meydanında keçirilən ilk mərasimdə müdafiə naziri İsmət Yılmaz Çanaqqala savaşlarının qəhrəmanı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi önünə çələng qoyub. Daha sonra 21 dəfə top atəşi açılıb, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub. Mərasimlər silsiləsi 19 mart stadionunda davam edib. Tədbirdə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun məktubları oxunub. Sonra Baş Nazir Əhməd Davudoğlu çıxış edib.

“Əziz Azərbaycanımızın

Çanaqqalada verdiyi şəhidlər

bizə əmanətdir”

Ə. Davudoğlu Qazı Mustafa Kamal və Çanaqqalada həyatını itirən şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib: “Allah sizdən razı olsun. Bu torpaqlara müstəqillik, birlik və bərabərlik toxumlarını sizlər əkib getdiniz. Əmanətinizin indi daha güclü əllərdə olduğuna əmin olun. Əziz Azərbaycanımızın Çanaqqalada verdiyi şəhidlər bizə əmanət olduğu kimi, bir necə ay qabaq baş nazir kimi Bakıya gedərkən ziyarət etdiyim Nuri paşanın, Qafqaz İslam Ordusunun şəhidləri də Azərbaycanımıza əmanətdir. Mənsub olduğumuz coğrafiyanın hər bir evində Çanaqqala zəfərinin xatirəsi var”.

Qeyd edək ki, Çanaqqala savaşı I Dünya müharibəsi zamanı 1915-1916-cı illərdə Osmanlı İmperiyası ilə Antanta bloku üzrə müttəfiqlər arasında dənizdə və quruda baş verib. Müttəfiqlər Osmanlı İmperiyasını paytaxtı İstanbulu ələ keçirərək İstanbul və Çanaqqala (Bosfor və Dardanel) boğazlarını nəzarət altına almağı qarşılarına məqsəd qoyublar. Mübarizə 1915-ci ilin yanvar-fevral aylarında taktiki gedişlərlə şiddətlənincə ingilislər Aralıq dənizi səfəri ordusunu, Osmanlının İttihad və Tərəqqi hökuməti isə alman komandan van Sandersin komandanlığında 5-ci ordunu qurmuşdu. Alman generalın ləng addımlarına qarşı çıxan 57-ci alay komandanı, polkovnik Mustafa Kamal təşəbbüsü öz üzərinə alaraq düşmənin 15 min nəfərlik ordusuna qarşı 5 min əsgərlə savaşa girmişdi. Əsgərlərinə “Sizə ölməyi əmr edirəm!” – deyən polkovnik Mustafa  Kamal onların cəbhədən geri çəkilməsini əngəlləyərək süngüylə vuruşmağa təşviq etmişdi. İlk qələbənin qazanılmasından sonra Anafartalar qrupunun komandanlığına gətirilən Mustafa Kamal işğalçı orduların Gelibolu yarımadasından tamamilə təmizlənməsi üçün 259 gün mübarizə aparmışdı. Tarixin gedişatının dəyişdirməsi baxımından Çanaqqala savaşlarında türklərin qələbəsi  XX əsrin ən böyük hadisəsi sayılır. Çanaqqala savaşı həm də Mustafa Kamal kimi hərbi və siyasi bir dühanı tarix səhnəsinə çıxaran olay kimi tarixə keçib. 1919-cu ilin mayında vətən torpaqlarının azad edilməsi üçün İstiqlal savaşını başladan Mustafa Kamal, işğalçıları ölkədən çıxarandan sonra 23 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində imzalanan sazişlə ölkəsinin qələbəsini təmin edərək 29 oktyabrda Türkiyə Cümhuriyyətini elan edib.

Türkiyənin tanınmış televiziya jurnalisti, TRT kanalının Bakıdakı keçmiş təmsilçisi, Marmara Universitetinin müəllimi Əbdülhəmid Avşar 1912-ci ildəki Balkan savaşlarından başlayaraq Çanaqqala savaşı və İstiqlal savaşına Azərbaycandan göndərilən yardımlar və savaşda iştirak edən azərbaycanlı əsgərlər və həmçinin Azərbaycanın müstəqilliyinə Osmanlı tərəfindən verilən dəstək barədə üç hissəli sənədli film hazırlayıb. Çanaqqalada yatan Azərbaycan şəhidlərinin məzarları son 10 ildə Azərbaycan dövlətinin də dəstəyi ilə bərpa edilib.