Mənim oxuduqlarım, eşitdiklərim və gördüklərim

0
310

Yazıçı Manaf Süleymanov. Bu ad, bu imza Azərbaycan oxucusuna çox şey deyir. Çünki Manaf müəllim bir-birindən maraqlı dörd romanın, beş povestin, xeyli hekayənin, çoxsaylı publisistik yazıların və tarixi oçerklərin müəllifidir. Onun “Yerin sirri” romanı Moskvada böyük tirajla çap olunub, eyni zamanda, alman, çex, slovak, rumın və dünyanın bir çox başqa dillərinə tərcümə olunub. Lakin Manaf Süleymanovu təkcə yazıçı adlandırmaq, onun çoxşaxəli ədəbi, elmi və pedaqoji fəaliyyətinə göz yummaq olardı. Çoxları bilir ki, M.Süleymanov istedadlı nasir olmaqla yanaşı, gözəl tərcüməçi, geologiya-mineralogiya elmi sahəsində tanınmış alim, yaxın keçmişimizin yorulmaz tədqiqatçısıdır. Eyni zamanda o, yarım əsrdən çox Azərbaycan Neft Akademiyasında müəllimlik edib, geoloqların yetişdirilməsində biliyini əsirgəməyib. 
 Manaf Süleymanovun sinəsində vicdanlı və xeyirxah ziyalı ürəyi döyünürdü. Yazıçının “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsəri fikrimizi təsdiq edir. Özünün dediyinə görə, Manaf müəllim bu kitabı yazmaq üçün təxminən 40 il fakt toplayıb, arxivlərin tozunu udub, axtarış və müşahidələr aparıb. Bu məqsədlə də çox qapılar döyüb, neçə-neçə tanınmış insanla, eyni zamanda nadanla üz-üzə dayanıb, tənələr eşitməli olub. Hər şeydən əvvəl, sağlamlığını bu yolda qoyub. Gizli arxivlərdə oxuduqları bəzən onu heyrətə salıb. Manaf müəllim yaxşı bilirdi ki, o dəmir qapılar arxasında saralmış vərəqlərdən oxuduqlarını yazıb bayıra çıxararkən, Allah eləməmiş, tutulmuş olsa, yaxud haradasa dilini dinc qoymasa, yeni ünvanı Sibir, ya da Tayqa olacaq. Amma bütün bunlar da onu məqsədindən yayındıra bilməyib. O, arxivlərdə rast gəldiyi maraqlı faktları sinəsinə, bəzən də lap xırda qeydlər edərək siqaretin tütünü boşaldılmış kağızına dolduraraq corablarında işıq üzünə çıxarıb və axşamlar xüsusi dəftərə köçürüb. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində Bakımızın yaxın keçmişi, qarmaqarışıq və ziddiyyətli hadisələrin cərəyan etdiyi mühit xüsusilə geniş təsvir olunub. Eyni zamanda XIX əsrin axırı XX əsrin əvvəllərində Bakının yüksəlişi dövrü də zəngin faktlarla qələmə alınıb. Neftxudadan tutmuş tacirinə, ziyalısına və qoçusunadək, demək olar ki, heç kim unudulmayıb. Professor Bayram Tahirbəyov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsəri haqqında belə yazıb: “Onun əsəri nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şeydən əvvəl, həyat həqiqətidir. Bakıda kapitalizmin yaranmasından başlamış, onun süqutuna qədər bədii salnamə şəklində verilmiş bu əsərdə biz o dövrün əlamətdar hadisələri, müxtəlif taleli adamları ilə görüşürük. Çoxdan həyatdan köçmüş bu adamlarla biz əsərin köməyi ilə yenidən qarşılaşırıq. Kitabı oxuyarkən bu adamların taleləri səni təkrar-təkrar düşündürür, adama elə gəlir ki, onların hamısı – atadan miras qalmış mülkü qumarda uduzub “işlər şuluqdur, gərək özümü yığışdıram” deyən vecsiz övlad da, “imzasını qoymuş miləl övraqi-həyat, yox millətimin xətti bu imzalar içində” deyən böyük şair də, faciəvi şəkildə öldürülmüş görkəmli aktyor da səninlə həmsöhbətdir. O dövrün möhtəşəm sarayları, imarətlər, qumarxanalar, gecə klubları, neft fontanları, havayı yerə axıb tökülən “qara qızıl” çayları, bazarlar, karvansaralar, yanğınlar, tətillər, nümayişlər, qanlı toqquşmalar – əsrin təzadlı hökmü, zəmanənin siması idi”. Əsəri oxuyan hər kəs bu fikri söyləyir ki, Bakımız haqda hələ belə hərtərəfli, səmimi kitab-salnamə yazılmayıb. Əsər indiyədək dəfələrlə yüksək tirajla çap edilib. Kitab hətta qardaş Türkiyədə, İranda, Rusiyada və başqa ölkələrdə nəşr edilib.İnamla demək olar ki, Manaf Süleymanov bu əsəri yazmaqla neçə-neçə tarixçinin, etnoqrafın, sənətşünasın işini görüb. 
M.Süleymanov ömrünün son on ilində də ona şöhrət gətirən qələmindən ayrılmayıb. Azərbaycanın şərəfli, lakin ziddiyyətli dövründən bəhs edən “Son bahara çatdıq”, “Neft milyonçusu” və “Şərqdə ilk demokratik Cumhüriyyət” adlı dəyərli kitablar yazıb. 

Tanışlıq

 Məzuniyyətimi Lahıcda keçirirdim. Həmin günlərdə hər daşı, qayası tarix olan Lahıcın küçələrini gəzib-dolaşır, zəngin muzeyinə baş çəkir, misgərlərlə, dabbaqlarla, dəmirçilərlə söhbətləşir, qəsəbənin gündoğarındakı “Əli dizi” deyilən yamacda dayanıb ətrafı seyr edirdim. Gün boyu Lahıca gələn turistlərin sayı kəsilmirdi. İstirahət mövsümü olduğundan paytaxtda yaşayan və əslən lahıcdan olan tanınmış elm və sənət adamları da doğma yurda gəlmişdilər. Eşitmişdim ki, gözəl yazıçımız Manaf Süleymanov da Lahıcdakı evində dincəlir. Lahıc Xeyriyyə Cəmiyyətinin sədri, el ağsaqqalı Ənvər Abbasovdan xahiş etmişdim ki, fürsət olanda məni Manaf müəllimlə görüşdürsün. Bir gün səhər Zəvaro məhəlləsindən Bazar meydanına təndir çörəyi almağa düşmüşdüm. Manaf müəllimi Lahıcın Bazar meydanında həmyerliləri ilə söhbət edən gördüm. Çörək alıb gözlədim. Manaf müəllim evinə doğru gedəndə salam verib, özümü təqdim etdim. O dəqiqə dedi ki, deyəsən, sən lahıclı deyilsən. Məqsədimi bilib dedi ki, sabah axşamçağı səni gözləyəcəyəm. Sevindim. Deyilən vaxtda Ərəgit məhəlləsinə getdim. Manaf müəllim ikimərtəbəli evin açıq balkonunda oturub çay içirdi. Məni görən kimi istidən şikayətləndi: “Gərək indi çay qırağına, meşəliklərə gedəsən, mənim də ayağım daha sözümə baxmır. Sonra əlavə etdi, sən uşaqsan, Lahıcın da gur, şöhrətli vaxtları olub… 
 Söz Lahıcdan düşmüşkən soruşdum ki, Manaf müəllim, eşitmişəm Lahıc haqqında kitab yazırsınız, versəydiniz bir hissəsini oxuyardım. Deyəsən, kişinin acığı gəldi. Cavabı bu oldu ki, son nöqtəni qoymasam, dədəmə də vermərəm.

Bir qış günü

 Azadlıq prospekti qara bürünmüşdü. Avtobusların çoxu işləmirdi. İlk qar Bakıya yeni illə birgə gəlmişdi. Həyət uşaqlarının səsi-küyü hər tərəfi başına götürmüşdü. Dördüncü mərtəbəyə qalxıb qapını döydüm. Bir azdan qapının arxasından Manaf müəllimim səsi eşidildi.
 Qapını açıb “tez gir içəriyə, soyuq dolmasın” dedi. Amma evin havası da soyuq idi. O, yun adyala bürünmüşdü: “Gəl mətbəxdə oturaq, yenə bura havalıdır. Seyidin kürəkəni, yaxşı ki, gəldin, yaman darıxırdım”. Əlavə etdi ki, çayniki qazın üstünə qoy, adama bir mürəbbəli çay içək.
 Balaca, lakin xudmani mətbəxdəki servantın əl işi olduğu diqqətimi çəkdi. Qapılar üzərində milli naxışlardan ibarət oymalar gözəl işlənmişdi. Servantın üstündə ingilis dilində bir kitab vardı. Üz qabığına yazılanı özlüyümdə nə illah elədimsə tərcümə edə bilmədim. Ağlıma gələn bu oldu ki, yəqin Manaf müəllim bu kitabı tərcümə etmək istəyir. 
 İstədim onun kefi açılsın, darıxmasın. Amma bilmirdim söhbəti nədən başlayım. Çəkinirdim ki, başlanğıcda işləri korlayaram, kişi yenə “acı” dilini işə sala. Yaxşı oldu ki, söhbətə özü başladı. Dedi ki, yəqin Lahıcda qar dizə çıxır. Kaş orda olaydım, peçi qalayıb yaxşıca qızınardım. Hə, Lahıc haqqında kitabı da qurtardım. “Azərbaycan” jurnalında hissə-hissə çap olunacaq.
 Mən servantın şüşəsinə keçirilmiş foto-şəkillərə baxırdım. Fotolar hansısa toyda çəkilmişdi. O şəkillərdə Manaf müəllimin əlli, əlli beş yaşı olardı. Şəklin birində Manaf müəllim nə barədəsə danışırdı, elə bil şeir deyirdi. Başqa bir şəkildə cavanların əhatəsində idi. Şəkildəkilərin heç birini tanımırdım, ancaq anlamaq olurdu ki, onlar Manaf müəllimə yaxın, simsar adamlardı. Öz-özümə dedim ki, görəsən, həmin adamlar haradadırlar, heç Manaf müəllim haqqında düşünürlərmi?

Şeir, sənət xiridarı idi

Manaf müəllimin şeir, sənət xiridarı olduğunu eşitmişdim. Bakıda yaşayan lahıclılar, dostları toy məclislərində onun çıxış etməsini istəyirdilər. Onun bəlağətli danışığı hamının ürəyincə olurdu. O, Tofiq Fikrətin, Hüseyn Cavidin, Məhəmməd Hadinin, Mehmet Akif Ərsoyun şeirlərinin dəlisiydi. Buna görə də söhbətə körpü salmaq üçün Əli bəy Hüseynzadənin “Halü-Vətən” şeirindən bir bənd söylədim:

 Ucundadır dilimin,
 Həqiqətin böyüyü, 
 Nə qoydular deyəyim,
 Nə kəsdilər dilimi.

 Elə bil kişinin gözünə işıq gəldi. Şeirin ardını deməyə mənə imkan vermədi:

Bilirmisən cühalə,
Nə etdilər Vətənə?
Nə qoydular uyuya,
Nə qoydular oyana.


 Heyf səndən Əli bəy, Vətən haqqında görəsən bundan artıq, bundan dərin nə demək olar? Allah rəhmət eləsin!
 Manaf müəllimin iş otağında divarlarda tanınmış rəssamların çəkdiyi peyzajlar, portretlər və digər əsərlər asılmışdı. Bu əsərləri ona rəssam dostları hədiyyə etmişdilər. O, bir çox rəssamlarımızın yaradıcılığı haqqında maraqla danışırdı.

Qısa müsahibə

 Aradan xeyli keçəndən sonra imtahan götürən müəllim kimi dedi:
 – Hə, keçək suallara…
 – Sual deyəndə ki, istəyirdim dərd-sərimizdən, siyasətdən danışaq. 
 – Yox, mənim sən deyən məsələlərlə işim yoxdur. Əvvəldən siyasətlə aram olmayıb. Bacardığım işlə məşğul olmuşam.
– Manaf müəllim, siz əmək fəaliyyətinə Qaradağ neft və qazçıxarma idarəsinin mədənlərində mühəndis kimi başlayıbsınız. Bəs yazmağa, daha doğrusu ədəbi yaradıcılığa və vaxt başlayıbsınız?
– Mən uşaqlıqdan ədəbiyyatı, sənəti sevmişəm. Mühəndis işləyən vaxtlarda arabir neftçilərin işi barədə qısa yazılar yazırdım. Bir dəfə bu mövzuda qırx səhifəyə yaxın əlyazmamı götürüb Yazıçılar İttifaqına getdim. Görkəmli yazıçımız Mehdi Hüseynlə görüşdüm. O, mənim harada işlədiyimi öyrənəndən sonra yazını oxudu və dedi ki, qələmin yaxşıdır, ancaq bu əsəri bir qədər genişləndirsən daha yaxşı olar. Mən də onun tövsiyəsinə əməl etdim. “Yerin sirri” əsərimin povest variantı belə yarandı. Çap olunandan sonra da yazmağa həvəsim daha da “artdı.
– Siz ingilis dilindən iyirmiyə yaxın kitab tərcümə edibsiniz. Azərbaycan oxucusu tərcümənizdə Cek London, C.Steynbek, O’Henri, P.Abrahams, S.Moem və başqa görkəmli yazıçıların əsərlərilə tanış olublar. Necə oldu ki, ingilis dilini öyrəndiniz və bədii tərcüməyə girişdiniz?
– Bunun qəribə tarixçəsi var. “Neftçi” futbol komandasının məşhur olan vaxtı idi. Səhv etmirəmsə, 1966-cı il idi. Neft və Kimya İnstitutunun neft-qaz geologiyası kafedrasında işləyirdim. Əlimdə yarımçıq əsər vardı. Kafedranın müəllimləri arabir yığışıb “Neftçi”nin oyununa baxmağa gedirdilər və hər dəfə də məni özləri ilə stadiona aparmağa çalışırdılar. Ancaq mən futbol azarkeşi deyildim. Bir gün onlara dedim ki, sizin futbola sərf etdiyiniz vaxtı mən ingilis dilini öyrənməyə sərf edəcəyəm. Onu da deyim ki, o vaxtlar ingilis dilini bilən ziyalılarımız çox az idi. Mən də söz vermişdim ki, bu dili öyrənəcəyəm… Yoldaşlardan biri gülümsəyib dedi ki, ay Manaf müəllim, eşitməyibsiniz də, “qırxında öyrənən… “. Dedim yaxşı, elə bu gündən ingilis dilini müstəqil öyrənməyə başlayacağam. Elə də etdim. Hə, yavaş-yavaş başladım bədii kitabları oxumağa. Özümə inamım olandan sonra da tərcüməyə başladım. Bu dili öyrənməyim geologiya sahəsində elmi axtarışlarıma da kömək etdi. Çoxlu maraqlı kitab oxudum. Xarici dillərdən, heç olmazsa, birini bilmək hər kəs üçün gərəklidir. Yazı-pozu adamı üçün xüsusilə. Bu gün ziyalının vəziyyəti yaxşı deyil. Xarici dil bilsə gedib başqa ölkədə işləyər, özünə gün-güzəran yaradar, özünü sübut edər, dünyada tanınar. 
 Manaf müəllim bu görüşümüzdə razılaşıb-razılaşmadığımız çox mətləblərdən danışdı. Ancaq hərdən deyirdi ki, bunları yazmaq üçün demədim ha, elə-belə söhbətdir eləyirik. 

O foto-şəklə baxanda…

Yenə qar yağırdı. Qar dənələri bəzən pəncərə şüşəsinə dəyib əriyir, qar ömrünü başa vururdu… Sağollaşıb ayrıldıq. Ayrılanda Lahıcın mərkəzi küçəsində çəkilmiş şəkillərindən birinin arxasına ürək sözünü yazıb mənə verdi. Dedi ki, bu, qarlı gündən sənə xatirə qalsın. Qapıdan çıxanda tapşırdı ki, vaxtın olanda gəl, mən də tək qalıb darıxmayım.
 Həyətə düşəndə özümü elə bil boşluqda hiss edirdim. Fikrim Manaf müəllimim yanında idi. Ürəyimdə qəribə hisslər oyanmışdı. Onun tez-tez fikrə getməsi, danışanda bəzən “bunları qəzetə yazmaq üçün demirəm, ha” sözlərini işlətməsi indinin özündə də yadımdan çıxmır. Görəsən, mənimlə söhbət edərkən pəncərədən ağappaq dünyaya baxa-baxa Manaf müəllim nə düşünürdü? Gəncliyində neft mədənlərində keçirdiyi çağlarımı, otuz yeddinci ilin qara yellərinin qurbanı olmuş sənət dostlarınımı, gizli arxivlərdə keçirdiyi günlərimi?.. Bəlkə də qışın yox, illərlə keçirdiyi tənhalığın soyuqluğu üşüdürdü kişini. Nədənsə, hər dəfə illərlə yığılmış fotolarla “söhbətləşəndə” Manaf müəllimim yayda çəkilmiş həmin şəklinə baxanda, elə bilirəm ki, qışdır, yenə qar yağır.
 Gözəl yazıçımız Manaf Süleymanovun mənə bağışladığı şəklə baxıb onu sevənlərə bir xatirə söyləmək istədim. O şəkildə, mənə görə, mənim də ömür payımdan bir gün yaşayır. 
Martın 3-ü yazıçı, tərcüməçi, alim Manaf Süleymanovun (1912-2001 ) anım günüdür. 

Səməd Məlikzadə kaspi.az