Mənim “konsert”im

0
472
Dünyada elə şeylər baş verir ki, onlardan əsla xəbər tuta bilmirəm.
 Çünki digərlərindən fərqli olaraq, həmişə fil qulağında yatıram. Bu fil də sanki mənim qəsdimə durub, xeyli vaxt idi, bir dəfə qulağını tərpətmədi ki, ayılam. Amma neçə oldusa dünən tərpətdi və mən ayıldım. Bəli, dünən xəbər tutdum ki, sən demə, bizim məmləkətimizdə bələdiyyə seçkiləri də keçirilibmiş. Özü də lap yüksək səviyyədə. Seçilənlərin hamısını təbrik edirəm. Onların arasında mənim şəxsən tanıdıqlarım da var. Aha, deyəsən, yuxudan tam ayılıram axı, (Ayılmaq nə pis şeymiş əcəba?) Və birdən-birə fikrə dalıram. Axı mən niyə fil qulağımda yatıram? Axı niyə həyata, xüsusilə ictimai-siyasi mühitə belə biganəyəm? Niyə mən seçki məntəqələrinə gedib öz səsimlə öz sözümü demirəm?Elə bunları götür-qoy edirdim ki, daha bir məlumat diqqətimi cəlb etdi. Sən demə, qarşıdan parlament seçkiləri gəlir. Və bizim  çox hörmətli əməkdar artistimiz, bəstəkar-müğənnimiz, adı dillər əzbəri olmuş Elza Seyidcahan gələn il keçiriləcək həmin parlament seçkilərində öz namizədliyini irəli sürməkdə israrlıdır. Üstəlik, o, seçilmə ehtimalının yüksək olduğuna əmindir. Bu əminliyi onda yaradan bir sıra amillərdir ki, onlardan biri, bəstəkar-müğənninin özünün dediyi kimi, bölgələrdə böyük nüfuz sahibi olmasıdır. İkincisi, bu xanımın “çoxşaxəli fəaliyyəti”ni nəzərə alan ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, hətta icra başçıları ona millət vəkili olmağı təklif ediblərmiş. Bunu da onun özü deyib a… Yəni bu mənim yuxudan yeni ayılmış təxəyyülümün məhsulu deyil. Bunu xüsüsi olaraq ona görə vurğulayıram ki, sabah kimlərsə məni bu xanımla üz-üzə qoymağa cəhd etməsin. Buna rəğmən, onun bu fikirlərinə öz münasibətimi bildirmək istəyirəm. Bu xanımın bölgələrdə hörmət sahibi olmasına əsla şübhə etmirəm. (Mənim fikrimcə, bütün xanımlar hörmət sahibidirlər). Hətta deyərdim ki, o, öz maraqlı repertuarı ilə heyvanlar aləmini də ələ almağı bacarıb. Bu aspektdən çıxış etsək, onun heyvanlar aləmində də kifayət qədər tanındığını söyləmək olar. Odur ki, mən bəziləri kimi onun buna layiq olmadığını, “O, getsin dovşanları ilə oynasın, heyvanlara mahnı bəstələsin, deputatlıq onun işi deyil” demirəm. Çünki yaxşı başa düşürəm ki, əməkdar artistin ünvanına belə sözlər demək yaxşı hal deyil.Amma icra hakimiyyətləri tərəfindən ona deputatlıq təklif edilməsi inandırıcı görünmür. Mən biləni, deputatı xalq seçir. Deyəsən, bu söhbəti çox uzatdım axı? Allah şeytana lənət eləsin. Nə isə bu işində Elza xanıma uğurlar diləyirəm. Yenə deyirəm, bu təkliflə çıxış etdiyinə görə onu “quru yuyub yaş sərməyə” heç kimin haqqı yoxdur. Amma mənə elə gəlir ki, bu, Elza xanımın növbəti konsertinin reklamından başqa bir şey deyil. Bu dəfə o, siyasi gedişi ilə diqqəti cəlb edə bilib. Halal olsun, kişinin qızı gündəmdə qalmağı bacarır da…Bu yazıda mənim fikrim heç də bu xanımdan söz açmaq deyildi. Amma şeytan məni yuxulu-yuxulu necə yoldan çıxartdısa, bir də gördüm bu fikirlərlə baş-başayam. Buna da min şükür. Nədən ki, bütün bunlar ayılmağımın əlamətidir. Əsas məsələ elə ayılmaqdadır. Mənə gülməyin, hətta elə ayılmışam ki, dürlü-dürlü xəyallara belə düşmüşəm. Bəli, mənim də könlümdən bələdiyyə üzvü, millət vəkili olmaq keçir. Bu ideyanı isə mənə verən məhz Elza xanım oldu. Buna görə ona təşəkkürlər düşür. Axı niyə bələdiyyə seçkilərində öz namizədliyimi irəli sürmədim? Vallah, namizədliyimi versəydim, seçilərdim. Maşallah, savad məndə, bacarıq məndə, təşkilatçılıq məndə… İnanın Məşədi İbadın sözü olmasın, bu kimi məsələlərdə min cavana dəyərəm. Di gəl, yatağanam… Tarixən mənim-kimilərinin başına nə gəldisə elə yatmağımızdan gəlmədimi? Keçənə güzəşt deyib atalarımız. Bir də mən fil qulağımda yatsam, heç atamın oğlu deyiləm. Heç olmasa gedib səs verəcəyəm.

Bir də sizdən xahiş edirəm ki, bu düşüncələrimi mənim konsertim kimi qələmə verməyəsiniz. İndiki zəmanədə konsert vermək heç də asan deyil. Çünki bu məsələdə çoxu maddi baxımdan əziyyət çəkir. Odur ki, bu işin altına girənlər ya maşınını, ya bağını, ya evini banka girov qoyurlar. Mən isə bu məqsədlə elə bu yazını girov qoyuram.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here