Mənim gündəlik həyat tərzim

0
863

Sizi bilmirəm, amma mən gündə yüz yol əsəbləşirəm. Təbii ki, belə hallarda əsəblərim tarıma çəkilmiş sim kimi dartılır (Müqayisə qüsurlu olmasın deyə, bəri başdan qeyd edim ki, hətta mütəxəssislər əsəblərin simə bənzədiyini çoxdan sübut ediblər. Bəlkə də, elə bu səbəbdən latınlar simə elə əsəb demişlər). Əsəb də gəriləndə qanın qaralması qaçılmazdır. Necə ki, çaya sel gələndə su bulanır. Məncə, bu müqayisəmə kimsə, bir söz deyə bilməz. Bu kiçik yüngülvarı, həm də loğmanvarı müqəddimədən sonra keçirəm əsas mətləbə…

Bəli, sizi bilmirəm, amma mən gündə yüz yol əsəbləşirəm. Təbii ki, bu əsəbləşməyimin də dürlü-dürlü səbəbləri var. Elə götürək gündəlik həyatımızda qarşılaşdıqlarımı… “Bu şəhərdə”nin məşhurlarının – Rəfaellə Coşğunu deyirəm – dili ilə desək, artıq Bakımızı tikib-çeviriblər. Yəni harada gəldi, binalar ucaldılır. Heç aralarında bir-iki metr məsafə də yoxdur ki, heç olmasa başını qaldırıb Allahına dua edəsən. Hətta desəm ki, bir binadan o biri binaya nərdivanla keçmək mümkündür, inanın ki, yanılmaram. Bu günlərdə bizim də binanın lap qənşərində yeni bir binanın təməli qoyulub. Onun neçə metr olacağını deyə bilməsəm də, qeyd edə bilərəm ki, artıq evimiz günəş işığına həsrət qalıb. Odur ki, gündüz də evdə işıq yandırmaq məcburiyyətindəyik. İndi gəl əsəbləşmə görüm, necə əsəbləşməyəsən?! Hələ bu bir yana… Orada çalışan texnikanın səsi, fəhlələrin hay-küyü aləmi elə bürüyüb ki, hətta evdə bir-birimizin dediklərini eşitməkdə çətinlik çəkirik. Üstəlik, toz-torpaq da dolur evin içərisinə. Belə vəziyyətdə əsəbləşmə görüm, necə əsəbləşməyəsən?

Enerji daşıyıcılarının qiymətlərini qaldıranda and-aman etdilər ki, bəs bu artımın ərzaq, sənaye məhsullarına heç bir təsiri olmayacaq (Hətta Məşədi İbaddan da sitat gətirdilər ki, bəs saqqalın ağlığının yaşa heç bir dəlaləti yoxdur). Amma oldu… Əsəbləşməyim, neyləyim bəs? O gün çörəyin çəkisi ilə maraqlananda gözlərim kəlləmə çıxdı: 500 qramlıq çörək heç 350 qram da gəlmədi. Həmin o bar-bar bağıranlardan birinə zəng edib dedim ki, bəs niyə belə oldu? Nə desə yaxşıdır, qiyməti ki artmayıb… Gəl əsəbləşmə də… Elə həmin gün evə qayıdanda bir maşın mənə çathaçatda qəflətən dayandı. Sürücü başını pəncərədən çıxarıb heç bilirsiniz nə dedi: “Korsan, maşının altına girirsən?” Dedim, a kişi, axı səki ilə maşın sürməzlər? Nə desə yaxşıdır: “Mənə ağıl öyrətmə, maşın mənimdir, özüm bilərəm, harada sürürəm”. Gəl əsəbləşmə, görüm necə əsəbləşməyəsən?

Televirzoru açanda bir babat veriliş tapmaq üçün pultun düyməsini basa-basa kanalları dəyişməkdən başqa əlacım qalmayır. Tapa bilməyəndə də əsəb Damokl qılıncı kimi kəsir başımın üstünü. Bəzən də görürəm ki, ya biri o birini mədh edir, ya da biri o birinin qarasınca danışır. Heç kəs öz ayranına turş demir. Hətta qatığın qaralığını adama elə sübut edirlər ki, qalırsan mat-məəttəl. Uzun sözün qısası, o qədər eybəcərliklər var ki, sadalamaqla qurtaran deyil. Bu baxımdan əsəblərimin hər an tarıma çəkilməsi artıq mənim gündəlik həyat tərzimə çevrilib. O gün dostum nə desə yaxşıdır: “Köç gəl, xaricə – mənim yanıma…” Dedim, dostum, deyəsən, sən məni öldürmək istəyirsən axı? Dedi, o nə sözdür? Dedim, ay dostum, gündə yüz yol qanım qaralmasa, gözlərim kəlləmə çıxmasa, ürəyim tutmasa, mən yaşaya bilmərəm. Sən o yerlərdə mənim üçün belə şəraiti yaradınca isə o dünyalıq olaram…

Qvami Məhəbbətoğlu