Mənim çəkdiyim “film”

487

Mən indiyədək elə bilirdim ki, xaricilər bizim kinomuzda meydan sulamırlar. Amma bu günlərdə öyrənmişəm ki, sən demə, onlar bizim filmlərimizə də dadanıblarmış. Təbii ki, bu məsələdə həmin əcnəbiləri qınamaq fikrində deyiləm. Nöşün ki, onları bura bizimkilər dilə tutub gətirirlər…

Son illərdə çəkilmiş filmlərdən birinə – “Cavadxan”a baxanda bu ekran əsərinin quruluşçu operatoru – Məhəmməd Məcidi diqqətimi cəlb etdi. Onun barəsində əlüstü məlumat toplayanda məlum oldu ki, sən demə, bu zat öz ölkəsinin, yəni İranın üçüncü sort operatorlarından biri imiş. Filmi əməlli-başlı nəzərdən keçirəndə operator işinin o qədər də urvatlı olmadığını gördüm. Və birdən-birə məndə suallar baş qaldırmağa başladı: “Əcəba, məgər belə bir tarixi filmi əcnəbi operatora etibar etmək olar? Olmaya, bizdə operator qıtlığıdır, xəbərim yoxdur?”

Elə bu sual əsasında var-gəl edə-edə axtarışlarımı davam etdirdim. “Hökmdarın taleyi”nə çatanda alnıma buzdan da soyuq tər gəldi. Gördüm ki, bu filmin də quruluşçu operatoru bir zamanlar “Özbəkfilm” kinostudiyasında, daha sonra “Mosfilmdə” çalışmış Dilşad Fatxulin (o həm də bu filmin quruluşçu rejissorlarından biridir) adlı bir əcnəbidir. Maraq mənə güc gəldi: bu dəfə maraq dairəmdə Elçin Musaoğlunun festivallar dolaşan “Nabat”ı oldu. Filmin quruluşçu operatorunun iranlı Əbdülrəhim Bəşərat olduğunu yəqin edəndə gözlərim lap kəlləmə çıxdı. Odur ki, heç “Nabat”la əməlli-başlı xudahafizləşmədən özümü saldım İlqar Safat adlı rejissorumuzun “Sahə”sinə ki, bir az gözlərim yorğunluğunu alsın. Güman etdim ki, “Sahə”dən yaxşı təəssüratlarla çıxacağam. Amma, necə deyərlər, sən saydığını say, gör… Yəni görəndə ki, filmin quruluşçu operatorları iki gürcüdür (Konstantin Esadze, Varlam Karçxadze), Aşıq Ələsgər demişkən, “sındı qol-qanadım yanıma düşdü”. Sınmış qol-qanadımı sarımağa imkan tapmamış bu rejissorun daha bir tammetrajlı bədii filminə – “İçərişəhər”ə üz tutdum. Lakin adı “İçərişəhər” olan həmin filmdə mən İçərişəhəri görməkdə çətinlik çəkdim. Bunun səbəbini araşdıranda məlum oldu ki, sən demə, filmin operatoru bizim İçərişəhəri tanımayan, bizim İçərişəhər ovqatı olmayan orta səviyyəli sənədli filmlər çəkən italiyalı Luca Coassindir. Bəri başdan deyim ki, mən şəxsən buna görə bu zatı əsla qınamıram. O, öz İtaliyasının İçərişəhərini çəkməklə işini bitmiş hesab edib. Yenə deyirəm, filmdə İçərişəhərin ruhu yoxdur və orta səviyyəli operator işidir. Birdən-birə qeyri-ixtiyarı dilləndim: “Axı filmdə elə bir kadr yoxdur ki, baxanda söyləyəsən ki, məhz bu kadra görə həmin operatoru dəvət etməyə dəyərdi”. Nə isə…

Elə öz-özümlə danışa-danışa Asif Rüstəmovun ərsəyə gətirdiyi “Axınla aşağı”ya (rejissor özü bu filmini debüt kimi dəyərləndirib) üzdüm. Bu dəfə az qala boğulacaqdım. Birtəhər “axın”dan çıxanda filmin operatoru – Almaniyadan dəvət olunmuş Ayhan Salar gözlərim önündə canlandı. O, işarət barmağını dodaqlarına yaxınlaşdırıb susmağımı məsləhət görməklə yanaşı, mənə Kamran Şahmərdanın yazıçı Elçinin əsəri əsasında çəkdiyi “Qatil”ini nişan verdi. “Qatil”in yaradıcı heyətinə baxanda o biri filmlərin bunun yanında toya-bayrama getməli olduğu qənaətinə gəldim. Çünki bu filmə operatorla (Mixail Maqalaşvili) yanaşı, kifayət qədər gürcü da cəlb olunub.

Uzun sözün qısası, zərrə qədər də şübhə etmirəm ki, bu operatorlar gələndə özləri ilə ansambllarını, daha doğrusu, çəkiliş qruplarını da gətirirlər. Nəticədə işsizliyin tüğyan etdiyi bir vaxtda operatorlarımızla (məsələn, Kənan Məmmədov, Amin Novruzov, Rafiq Quliyev, Rövşən Quliyev, Rafiq Əliyev və digərləri) birgə bu sahənin texniki heyət üzvləri də işsiz qalırlar. İkincisi, təbii ki, kənardan dəvət olunmuşlara daha çox pul ödənilir. Bizim Məşədi İbad demişkən, bunun hələ bir anbar digər xərci (yemək, oteldə qalmaq və sairə) də olur. Sonra da bizim rejissorlar gileylənirlər ki, bəs bir qədər çox pul ayrılsaydı, filmimiz daha gözəl alınardı. Və nəhayət, mən bəzi filmlərimizə baxa-baxa belə bir film ərsəyə gətirdim. Baxa da bilərsiniz, baxmaya da…

Qvami Məhəbbətoglu