Məni o çətin anlarda xilas edən Vətən sevgisi oldu

“14 noyabr 1992-cü ildə Bakıda anadan olmuşam. Hərbçi deyiləm, mən orduya könüllü yazıldım və sentyabrın 29-da atıcı əsgər kimi ordu sıralarına cəlb olundum. Bir çox əməliyyatlarda, o cümlədən Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. İştirak etdiyim hər əməliyyatı da uğurlu sayıram. Məhz bu uğurlu döyüşlər bizim ərazi bütövlüyümüzü təmin etdi.”

Bu sözləri 44 gün davam edən Vətən müharibəsində rəşadətlə döyüşmüş qazi Əli Rasim oğlu Vahabov “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Həmsöhbətimiz bildirdi ki, döyüşlərin birində, daha doğrusu, Hadrut qəsəbəsinin yaxınlığında minamyot qəlpəsi sol ayağımı zədələyib: “Düşmən bizdən çəkinirdi. Elə ki, səngərlərinə girirdik, onlar qorxularından əllərində nə vardısa atıb qaçır, bizimlə döyüşmək istəmirdilər. Ancaq biz irəli getdikcə uzaqlardan güclü top atəşinə tutulurduq. Buna baxmayaraq, mövqelərimizi möhkəmləndirib ermənilərin hədəflərini məhv edirdik. Mən belə bir vəziyyətdə yaralandım. 15 saata yaxın döyüş bölgəsində yaralı halda qaldım. Xeyli qan itirsəm də o anlarda beynimdə yalnız bu sözlər dolaşırdı: Döyüşlərdə şəhid də olmaq olar, qazi də… Təki Vətən sağ olsun. Bilirsinizmi, mənə elə gəlir ki, Vətən sevgisi ilə dağı-dağ üstə qoymaq olar. Məni də o çətin anlarda xilas edən, bədbinliyə qapılmağa qoymayan elə Vətən sevgisi oldu.”

Qismətinə qazilik yazıldığını və sol ayağının amputasiya olunduğunu vurğulayan müsahibimiz söhbətinin bu yerində şəhidlərimizi də yad etdi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı silahdaşlarımıza da şəfa versin. Əsas odur ki, biz otuz ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı qısa vaxtda azad etməyə müvəffəq olduq. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, düşməni dəmir yumruğumuzla məhv etdik”.

 

Müsahibimiz, həmçinin bildirdi ki, bir qazi kimi ona göstərilən diqqət və qayğıdan razıdır. O, hələlik heç bir təltifə layiq görülmədiyini də sözlərinə əlavə etdi: “Buna görə əsla düşünmürəm də… Çünki mən döyüşlərə ad-san naminə qatılmamışam. Sadəcə, öz vətəndaşlıq borcumu yerinə yetirmişəm və torpaqlarımızın erməni vəhşilərindən təmizlənməsində iştirak etmişəm. Torpaqlarımızın işğaldan azad olunması uşaqlıq arzum olub. Bilirsinizmi, ermənilərin ərazilərimizi işğal altında saxlamalarını, həmin yerlərdə min cür hoqqalardan çıxmalarını hamı kimi mən də heç cür həzm edə bilmirdim. Qürurluyam ki, şanlı ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə bu missiyanı “Dəmir yumruq” əməliyyatında – 44 gün davam edən Vətən müharibəsində yerinə yetirdi.

30 il idi ki, Vətən də bizdən bu hünəri və rəşadəti gözləyirdi. Vətən müharibəsində iştirak etməkdən çox məmnunam. Sevinirəm ki, bu Qələbədə, daha doğrusu, Qarabağda Zəfər dastanı yazanların sırasında könüllü cəbhəyə yollanmış Əli Rasim oğlu Vahabovun da adı var. Bir də sevinirəm ki, Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bir daha nümayiş etdirdi.”

Qvami Məhəbbətoğlu, “İki sahil”