Məni niyə didərgin salırsınız?

578
İki həftəyə yaxındır ki, dünyanın əksər əhalisi “futbol xəstəliyi”nə tutulub desəm, yanılmaram. Sizi bilmirəm, onlardan biri də mənəm. Bu xəstəlik mənə elə ləzzət verib ki, bir an belə ondan ayrılmaq istəmirəm. Hətta ekran qarşısında yatıb-dururam… Nə qədər “çətin” olsa da, həmin xəstəliyin əbədi olmasını arzulayıram. Lakin hərdən bəzi “təbiblər” bu “xəstəliyimə” elə soğan doğrayırlar ki… Hə, deyəsən, mətləbə keçmək vaxtı yetişdi axı. Hakim də bayaqdan mərkəzi göstərir…
Bəli, Braziliyada futbol üzrə keçirilən dünya çempionatındakı oyunları şərh edən şərhçilərimizə qulaq asanda bəzən mənə elə gəlir, onlar ya oyunu tam yaddan çıxarırlar, ya da fikirləri haradasa başqa yerdə olur. Necə? Mən onlara böhtan atıram, bu, mənim “xəstəliyimdən” irəli gəlir? Elə isə mən deyim, siz də qulaq asın. Bəri başdan deyim ki, elə oyun olmur ki, bizim futbol şərhçilərimiz bu və ya digər komandanın oyunçularını və onların adlarını səhv salmasınlar. Yəqin, deyəcəksiniz, bu ki xırda məsələdir. Ola bilər, siz buna göz yumursunuz, mən isə belə şeylərə “sarı vərəqə” göstərirəm. Nədən ki, elə hər şey xırdadan başlayır da…O gün bir şərhçimiz (adını çəkib reklam etmək istəmirəm) stadionun görüntüləri ekranda peyda olan kimi nə desə yaxşıdır? Dedi ki, bəs, ay futbol azarkeşləri, siz hazırda oyunun keçirildiyi stadionun vertolyot görüntülərini izləyirsiniz. Mənə elə gəldi ki, oyunu şərh edən şəxs də vertolyotdadır. Sonra dedim, belə şey ola bilməz. Kimdir bizim şərhçini göylərə qaldıran? Az sonra özlərindən razı şərhçilərimizin həmişə özlərini göyün yeddinci qatında hiss etdiklərinin fərqinə vardım. Bu gəzişmə bir yana, lakin nə qədər cəhd etdimsə, “vertolyot görüntüləri” ifadəsini başa düşə bilmədim ki, bilmədim. Çünki ekranda vertolyot yox, elə stadion göstərilirdi. Bəlkə, “vertolyotdan görüntüləri” desəydi, bir şey anlayardım.

Hə, şərhçimiz oyunun elə ilk dəqiqəsindən komandalardan birinin ərazi üstünlüyündən söz açmağa başlayır. Bundan bir soruşan gərək, heç bir dəqiqəyə kimin kim olduğunu bilmək olar? Nə isə, bizim şərhçilər oyunu şərh edəndə adam bütün oyun boyu elə əsəbləşir ki… A kişilər, bir mənə deyin görüm, məgər oyunçu meydançaya hansısa texnikası ilə çıxır? Yox. Elə isə bəs niyə şərhçimiz deyir ki, oyunçu texnikasını nümayiş etdirir? Hə, yadıma düşmüşkən, o gün bir şərhçimiz bir oyunda qapılara 6 qolun vurulmasını bildirmək üçün görün necə bir ifadə işlədir: “Bu, bolqollu qarşılaşma oldu”. Bu nə deməkdir axı? Dilimizdə belə ifadə varmı? Əgər varsa, mənim niyə xəbərim yoxdur? Məgər mən bu qədər də zəmanədən geri qalmışam? Bəlkə, həmin şərhçinin “Top xeyli qapıdan aralı keçdi”, “Topun havada olarkən hərəkətlənməsi” ifadələrinə də haqq qazandırmaq istəyirsiniz? Qazandırın, sizə kimsə bir söz deyən də olmayacaq. (Hə, bəzən də görürsən ki, oyunu iki nəfər şərh edir. Onda da aləm dəyir bir-birinə… Yəni bir də görürsən ki, birinin sözü o birinin boğazından keçmir. Haqlı olduqlarını sübut etmək üçün o qədər mənasız gəzişmələr edirlər ki…)

Bəzən 90 dəqiqə ərzində eyni sözdən yeri gəldi-gəlmədi ən azı 50 dəfə istifadə edirlər. Onların: “mükəmməl azarkeş”, “bərk ötürmə”, “topun arxasında”, “topun başında” ifadələrini isə heç cür başa düşə bilmirəm. Hə, lap yadımdan çıxmışdı, o gecə şərhçimiz görün nə deyir: “gec vaxtın heç bir önəmi yoxdur əsl azarkeş üçün…” Bu qəribə quruluşa malik cümləni eşidən azarkeşi vallah-billah, yuxu tutar? Bu necə cümlədir axı? Görəsən, “oyunda səhv aşıb-daşır” deyən şərhçimiz öz səhvlərinin aşıb daşdığından xəbərdardırmı?

Hə, o gün də bir şərhçimiz hakimə yaxınlaşan futbolçu barədə görün nələr dedi: “Nəsə dedi, eşidə bilmədim, yoxsa tərcümə edərdim”. Hərdən mənə elə gəlir ki, bizim şərhçilərimizin söz ehtiyatı yoxdur. Olsaydı, bir babat şərh ortaya qoyardılar. Bəzən mənə elə gəlir ki, hər jurnalist futbol matçını şərh edə bilməz. Bunun özü də bir peşədir. Çingiz müəllimin sözü olmasın, bir də görürsən axşam futbol aparır, səhər öküz yarışı. Odur ki, elə şərhrlərdə də onların bu işləri açıq-aydın görünür.

Sizi bilmirəm, odur ki, mən futbol üzrə dünya çempionatını xarici kanallardan izləməyə başlamışam. Bilirəm, buna görə məni “vətənpərvər” olmamaqda qınayacaqsınız. Üstəlik, vedrə də bağlayacaqsınız. Bağlayın… Zarafat bir yana, futbol dönəmində məni öz ekranlarımızdan didərgin, köçkün salanlar, görüm… Dalını demirəm. Desəm,  onlarla mənim heç bir fərqim olmaz. Görəsən, onlara bir qırmızı vərəqə göstərən olacaqmı?  Qvami Mehebbetoglu