“Məni Mingəçevirdə dəfn edərsiniz”

602

Esmira Hidayətova Mingəçevir

“45 ildir ki, böyük fəxrlə bu şəhərə Mingəçevir deyirdim. Düz də edirdim. Uşaqlığım doğma Qəbələdə, gəncliyim Sumqayıtda, qalan həyatım isə özüm qədər sevdiyim Mingəçevirdə keçib, bura ilə bağlıdır. Bu şəhərin tarixi barədə yazılıb, deyilib, sənəd – sübutlar, arxeoloji qazıntılar, elmi tədqiqatlar göz qabağındadır. Gəlişimin ilk ayı buradakı gördüyüm insanlar, Mingəçevirin dənizi, Bozdağı məni heyran etdi. Mənim çox az yazılarım olardı. Amma Mingəçevir barədə şeir də yazdım”. Bu sözləri bizimlə söhbətində Mingəçevir Şəhər İcra Hakimiyyəti nəzdində “Fərdi Yaşayış Sahələrinə Xidmət idarəsi” “MMC sədri, “Qızıl qələm” mükafatı laureatı Eyyub Cabbaroğlu Rəşidov dedi.

“Oğluma vəsiyyət etmişəm ki, dünyamı dəyişəndə məni Mingəçevirdə dəfn eləsin. Çox qəribədir ki, tam təsadüf nəticəsində məni SSRİ Elektrik Sənayesi Nazirliyinin təyinatı ilə gənc mütəxəssis kimi Mingəçevirə göndərəndə bu şəhər haqqında heç nə bilmirdim. Amma elə ilk aylardan şəhərə heyran oldum və şəhər haqqında məlumatlarım artdı. Mən fəxr edirəm ki, Mingəçevirdə Səməd Vurğunun buraya verdiyi qiymətlə, Sarvan Salmanovla, Boz dağla tanış oldum. Mikayıl Müşfiqin “Mingəçevir həsrətləri” şeirini oxudum. İndi də Mikayıl Müşfiqin adı çəkiləndə bədənim titrəyir.

 

Səmədin Bozdağı, könül oylağı,

Sənin bozluğun da xoş gəlir mənə.

Keçər bir neçə il, keçər qərinə,

Ellər qüdrətini göstərər sənə.

 

“Vətəndaş 20 ildən çoxdur ki,

bağda yaşayır, amma

qeydiyyatı yoxdur”

“Bu şeiri deməkdə məqsədim odur ki, elə bil taleyimə yazılmışdı ki, ağzımdan nə çıxsa, o da qismətim olarmış. Düz 15 ildir ki, Bozdağın ətəyində bu idarəyə rəhbərlik edirəm, əvvəllər adı “Bağlar İdarəsi “olub. Demək istərdim ki, bu idarəni sıfırdan başlayaraq, min bir əzab – əziyyətlə təşkil etdim. Hazırda burada məskunlaşan ailələrin sayı 1800-ü keçib. Amma 20-25 il bundan qabaq da bu massivdə əhali özü üçün ev-eşik tikib yaşayıb. Lakin bu əhalinin gündəlik yaşayış problemləri çoxdur. Birinci, əhali nəqliyyat sarıdan çox korluq çəkir. Qəsəbənin içərisində hərəkət edən marşrut qıtlığı hər kəsi səbirdən salıb.

Bu yaxınlarda isə həyətlərə su sayğacı quraşdırılıb. Əhali öz təsərrüfatını çətinliklə suvarır. Ona görə ki, bu necə sayğacdırsa, əhali ondan narazılıq edir. Əhalini də qınamaq olmur. Həyətlərində becərib satdıqları meyvələrin qəpik-quruşunu da su puluna ödəyir. Elə ailə var ki, qapı-bacasını bağlayıb, şəhərdə bir otaqlı ev kirayə tutub yaşayır. Neyləsin, aldığı pensiya pulu heç kommunal xərcləri ödəmir.

Əhalinin ən böyük problemi qeydiyyat məsələsidir. Vətəndaş 20 ildən çoxdur ki, bağda yaşayır, amma qeydiyyatı yoxdur. Doğrudanmı bu o qədər qəliz bir məsələdir?

Mübariz Ağayev Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olanda həmin bu “Günəşli” bağ massivində (o vaxtlar adı “Günəşli” deyildi) söz vermişdi ki, məsələ tezliklə həllini tapacaq. Lakin alınmadı. Birinin körpəsi dünyaya gəlir, ona sənəd almalıdır, amma bu, mümkün deyil, çünki ünvan yoxdur, biri qız köçürür, vəsiqə almalıdır, bu da mümkün deyil. Həmin ailələr nə qədər əziyyət çəkirlər. Dəfələrlə bizə müraciət edirlər, mən bilimrəm ki, onlara nə cavab verim. Amma birinin oğlu əsgər getməlidir, şəxsiyyət vəsiqəsi yoxdur, onda həmin adamı heç yerdə ünvan tapılmasa da, Şəhər Polis Şöbəsində müvəqqəti qeydiyyata salırlar. Mən bu sözlərimi faktlara söykənərək qeyd edirəm, irad tutmaq üçün demirəm. Xahiş edirəm ki, məni düzgün başa düşəsiniz. Mən çıxılmaz vəziyyətdə qalıram, burada məskunlaşan əhali adından, idarə rəisi kimi danışıram. Mən aciz adam deyiləm, amma bu sualların qarşısında aciz qalıram”.

 

“Doğma şəhərim abadlaşır,

günü-gündən böyüyür”

Eyyub Rəşidov Mingəçevirdə gedən quruculuq-abadlıq işlərindən fərəh hissi keçirdiyini söylədi: “Doğma şəhərim abadlaşır, günü-gündən böyüyür. Hər tərəfdə qızğın iş gedir, havaların istisi də hətta işlərə əngəl törədə bilmir. Şəhərin su-kanalizasiya sistemi dəyişdirilir, işıq dirəkləri çəkilir, yollar genişləndirilərək asfalt örtüyü çəkilir. Bütün bunlar məni çox sevindirir. Bir də ona daha çox sevinirəm ki, şəhərin ana kanalı zir-zibillərdən təmizlənir. Əvvəlki illərdə bu kanal heç yada düşmürdü, dəfələrlə təbii fəlakət zamanı şəhəri lil basmışdı. İndi bu şəhəri qururuqsa, yaradırıqsa, əvvəlcə, şəhərin kanalı təmizlənməlidir. Əgər bu kanal təmizlənməsə, onda şəhəri qurub-yaratmağın heç bir fərqi yoxdur. Bu kanala gündəlik nəzarət olmalıdır. İndi bu kanalda təmizləmə işləri aparılır. Bu da məni çox sevindirir. Çünki bu şəhər bizimdir. Onun dırnağına dəyən daş bizim ürəyimizin başına dəyir. Sonda Həsən Əliyevin yazdığı bir misranı xatırlatmaq istərdim: “Özünü saysan da şahların tacı, yenə təbiətə baxma qiyqacı”.