“Məni mədh etməyin”

493
İstəsəydi, bəşər tarixinin ən böyük hökmdarı, ən zəngin adamı olardı, amma dünyada, dünya malında gözü yox idi ki. Hamıdan üstün olsa da, hamı kimi göründü, sadədən sadə bir ömür yaşadı. Təvazö və sadəlik onun həyat şüarı idi. Əshabına deyərdi:
“Xristianlar Həzrəti İsanı həddindən artıq təriflədikləri kimi, siz də məni mədh etməkdə çox irəli getməyin. Mən Allahın bir quluyam. Mənim haqqımda Allahın qulu və Rəsulu deyin”.

Bir dəfə Həzrəti Peyğəmbərimiz əsasına dayanaraq qohum-əqrəbasının yanına gəldi. Hamı ayağa qalxdı. O, bu hərəkətdən razı qalmadı və belə dedi:

“Yadların bir-birinə təzim üçün elədiyini siz mənə qarşı etməyin və mənim üçün ayağa qalxmayın”.

O, ətrafındakı adamlarla şirin-şirin söhbət edər, bəzən zarafatlaşardı da.

Xidmətçisi ilə yemək yeyər, oturub söhbət edərdi. Evinə gələn qonaqlara özü xidmət edərdi. Həbəşistan kralı tərəfindən bir heyət gəlmişdi. Onlara özü xidmət etməyə başlayanda ətrafdakılar etiraz etdilər.

– Bəsdir, ya Rəsulullah, – dedilər.

– Bunlar bizim əshabı-kirama çox hörmət etdilər, ilk mühacirləri yaxşı qarşıladılar. Mən onlara bunun əvəzini öz əllərimlə vermək istəyirəm.

O, belə vəfalı idi.