“Məni diktə ilə danışdırmaq, vəzifə ilə susdurmaq mümkün deyil”

480
2014-cü ili yola saldıq. İndi onun xatirələri ilə yaşayacağıq.  Kimi onu şirin, kimi də acı xatirələrlə xatırlayacaq. 2014 Azərbaycanın futbol həyatında da enişli-yoxuşlu marşrutlar cızdı. Futbol ruzigarının göylərə qaldırdıqları da oldu, yerə çırpdıqları da. Bu mövzuda söhbət etmək üçün Böyükağa Hacıyevi müsahib seçdik.
Hesab edirik ki, Böyükağa müəllimin təqdimata ehtiyacı yoxdur. Onu  futbol ictimayiyyəti həm qazandığı nəticələrlə, həm də mətbuata verdiyi qeyri-şablon açıqlamalarla tanıyır. Biz də şablonları sevmədiyimizdən  Böyükağa müəllimə zəng etdik. Cavab vermədi.  Cəhdlərimiz  bir neçə dəfə təkrarlandı, amma nəticəsiz qaldı.

Bu vəziyyətə alışmışıq. Böyükağa müəllimlə ünsiyyət qurmaq istəyəndə çox vaxt belə olur. Amma əlaqə qura bildinsə, vəziyyətdən çıxmaq üçün cavabı hazırdı: “Yadınızdan çıxmasın, mənim telefonum 24 saat açıqdır”.  Həmişəki kimi, cavab doğrudur, telefon açıqdır, amma cavab verən olmur.

Nə isə… Böyükağa müəllimin harada necə davranacağı bəlli olmaz. Bu dəfə də belə oldu. Bir azdan özü zəng etdi:

– Qardaş, yatmışdım, elə indicə durub telefona baxdım. Sizin nömrəni görən kimi qorxudan götürüb zəng elədim.

– Niyə qorxudan?

– Mən bircə sizdən qorxuram. Sizdən qorxmayan var?

– Böyükağa müəllim, yenə vəziyyətdən çıxdınız. Amma bu ilk dəfə deyil axı. Sizə telefonu açdırana qədər adamın burnundan qan açılır…

– Sənin burnuna quzu kəsim. Elə deyil. Son vaxtlar Azərbaycanda deyildim. Ona görə telefonlara cavab verə bilmirdim.

– Xeyr ola, ilin-günün bu vaxtında harda idiniz?

– Latviyaya getmişdim, “stajirovka”da idim.

– Sizin “stajirovka” keçən vaxtınızdı?

– Öyrənməyə getməmişdəm, öyrədirdim. Orada abıra salmalı işlər var idi, çağırdılar, abıra salmaq üçün getdim.

– Alındı?

– Yadınızdan çıxmasın, Böyükağa bacarmadığı işə girişmir.

– Məni söhbətə tutdunuz, verəcəyim suallar qaldı kənarda…

– Bilirsiniz necədi? Oyundan əvvəl “razminka” olmalıdı axı… Bu, “razminka” idi. Siz sualları əvvəldən hazırlamısınız. Mən hazırlaşmalı deyiləm? İndi “razminka” elədik, mən də özümü cavab üçün hazırladım. Verin gəlsin nəyiniz varsa…

– 2014-cü ili dəyərləndirməyinizi istəyirdim.  2014 sizə nə verdi, sizdən nə aldı?

– Bilirsiniz ki, futbol məşqçilərinin həyatı təlatümlü olur. Gah qalxır, gah da enir.  Belə baxanda 2014 mənim həyatımda enişli-yoxuşlu adi illərdən biri oldu.

– Cavab bir az quru alındı. İlə “Neftçi” ilə başlayıb, sonra “Neftçi”siz qaldıniz. İlə yekun vuranda bunu qeyd etmək lazim deyil?

– Bayaq dedim axı, məşqçi həyatı təlatümlüdür. Onun çemodanı həmişə yanında olmalıdır. Uğur qazanmadınsa, çemodanını götürüb getməlidir. Gözləməli deyil ki, kimsə ona “get” desin.

– Mövsüm başlamazdan əvvəl getsəydiniz, deyərdik ki, uğursuzluğa görə getdiniz. Hər halda ötən mövsümü 4-cü yerdə bitirməyinizi biz də uğursuzluq sayırıq. Amma siz yeni mövsümə başladınız. Avrokubokda uğurlu oldunuz. Azərbaycan futbolunda Avroliqanın “pley-off”una çıxmaq məncə uğur sayılmalıdır.

– Onu siz uğur sayırsınız, mən yox. Mən Avroliqanın qrup mərhələsinə çıxmış məşqçiyəm. “Pley-off” mənim üçün keçilmiş mərhələdir. Bəziləri “pley-off”a çıxanda özünü “geroy” kimi aparırdı, onu “geroy” kimi qarşılayırdılar. Hesab eləyirəm ki, “pley-off”la lovğalanmağın vaxtı keçib.

– Qurban Qurbanovu nəzərdə tutursunuz?

– Yox, səhv başa düşməyin. Qurban bu il böyük uğur qazandı. Qrupdan çıxmanın bir addımlığına gəldi. Hətta mən deyərdim ki, çıxdı da. Amma hakim Qurbana dedi ki, mən səni  Avropaya buraxmıram. Mənim demək istədiyim başqa şeydir. Yadınızdan çıxmasın, bizdə əcnəbi məşqçiyə lazımi dəyər verilir, yerli məşqçilərə isə barmaqarası baxılır. Mən bunu demək istəyirdim.  Son 3 çempionatın nəticələrinə diqqət edin. Çempionatları da, kubokları da, Avroliqadakı  uğurları da yerli məşqçilər qazanıblar. Amma bu haqda danışmırlar. Niyə yerli məşqşilərin qazandığı uğurları əcnəbilərdən tələb etmirlər? Bu təkcə klublarımıza aid deyil, millidə də belədir. Yeri gəlmişkən, 2014-ün uğurları arasında ən öndə gələni Foqtsdan qurtarmağımızdır. İndi yeni baş məşqçi gəlib, bu, Foqtsa oxşamır. İşləmək istəyir. Allah axırın xeyir eləsin.

 

“Mən rəqabəti sevirəm”

– Yeri gəlmişkən, bir sual da verim. Əcnəbi məşqçiləri bəyənməsəniz də, onlar həmişə sizin stimulvericiniz olublar. Əvvəllər deyirdiniz ki, Rednik mənə stimul verir. Rednikdən sonra Sxadedzeni o yerə qoydunuz. İndi Sxadadze Gürcüstan milli komandasının sükanı arxasına keçib. Amma siz hələ də milli komandaya uzaqdan baxırsınız… Sizə stimul verəcək məşqçi də qalmadı…

– Bayaq dedim axı, bizdə əcnəbilər bir addım qabaqda tutulur. Gürcülər isə öz mütəxəssislərinə dəyər verirlər.

– Onlarda da baş məşqçi postunda əvvəl əcnəbilər  olub.

– Doğrudur, olub. Amma başa düşdülər ki, milli komandaya yerli məşqçinin ürəyi daha çox yanır. Gürcülər düzgün seçim etdilər. Sxadadze pis məşqçi deyil. Pis olsaydı, mənə stimul verə bilərdi? O ki qaldı mənə stimul verəcək məşqçiyə, narahat olmayın. Mən hələ ki, məşqçi deyiləm. Olaramsa və onda kimsə çıxıb qarşımda at oynatmaq istəsə, o da mənim stimulvericim olacaq. Mən rəqabəti sevirəm. Mənimlə rəqabətə girəni də əzib keçməyincə rahat ola bilmirəm.

 

“Məşqçilər Komitəsi lazımsız quruma çevrilsə,

Böyükağa gedəcək”

– 2014-dən danışarkən Məşqçilər Komitəsinin təsis edilməsini və sizin də oraya üzv olmağınızı qeyd etməyə bilmərəm.

– Yadınızdan çıxmasın, Məşqçilər Komitəsinin təsis edilməsi AFFA-nın indiyə qədər atdığı addımların ən uğurlusudur. Bunu sizə Böyükağa deyir.

– Ona görə ki, onun üzvlərindən biri sizsiniz?

– Yox, yenə söz atırsınız haa… Orada məndən başqa daha 4 nəfər var. Bu kollegial bir qurumdur. Bu qurum futbolumuza mütləq fayda verəcək. Altı aydan sonra bunu hiss edəcəksiniz.

– Məşqçilər Komitəsinin qərarları tövsiyə xarakterlidir, məcburi deyil. Sizin tövsiyələriniz qəbul olunmaya bilər. Onda bunun nə faydası olacaq?

– Biz heç kimə belə etməlisən deməyəcəyik. Amma elə tövsiyələr verəcəyik ki, ondan imtina etmək mümkün olmayacaq.

– Birdən imtina etdilər…

– Qəribə adamsınız ee… İmtina edəcəklərsə, etsinlər. Onlar imtina edərlər,  bizim də çemodanımız yanımızdadır, götürüb gedərik.

– Hamınız?

– Hamının yerinə danışa bilmərəm.  Məşqçilər Komitəsi lazımsız quruma çevrilsə, Böyükağa gedəcək.

 

“Mən vətənin

müsəlləh əsgəriyəm”

– Bir ağrılı sualım da var: Sizin futbolçu karyeranız bütünlüklə “Araz”la bağlı olub. “Araz-Naxçıvan”ın ömrü çiçək qədər oldu. Bu sizə necə təsir etdi?

– Yaralı yerimə toxundunuz, yaramı qanatdınız.  Mən 14 il “Araz”ın kapitanı olmuşam. Bakıdan gələn təklifləri rədd etmişəm ki, mənim “Araz”ım var, onu qoyub gedə bilmərəm. İndi söz tapmıram deməyə. Gərək belə olmayaydı. Naxçıvanda futbolu sevirlər. Orada futbol olmalıdır.

– Komandanın rəhbərliyi  Premyer Liqanın şərtlərini bilmirdilər? Bilmirdilər ki, orada çıxış etməyə onların gücü çatar, ya çatmaz?

– Onu gərək oradakı mütəxəssislər hesablayaydılar.

– “Araz” yaralı yerimdir deyirsiniz, bəs niyə kömək əlinizi uzatmadınız?

– Mən kiməm ki? – Yaralı əsgər.

Kömək istədilər imtina etdim? Mən vətənin müsəlləh əsgəriyəm. Hara istəyirlər ora göndərsinlər.

 

“Böyğkağa “Millət necə

tarac olur-olsun, nə işim var”

deyə bilməz”

– Böyükağa müəllim, artıq Məşqçilər Komitəsinin üzvüsünüz. Demək olar ki, AFFA-nın rəsmisisiniz. Yenə orjinal, qeyri-şablon açıqlamalarınızı eşidəcəyik? Yoxsa siz də bütün vəzifə alanların yolu ilə gedəcəksiniz?

– Deyəsən, siz hələ də məni  tanımamısınız.  Böyğkağa “Millət necə tarac olur-olsun, nə işim var” deyə bilməz.  Mən doğru bildiyimi deməyəcəm? Yadınızdan çıxmasın, məni diktə ilə danışdırmaq, vəzifə ilə susdurmaq mümkün deyil.  Mən bircə səndən qorxuram. Gördün, telefonumda sənin adını görən kimi qorxumdan özüm sənə zəng elədim. Başqa heç kimdən, heç nədən qorxum yoxdur.

– Kompliment üçün təşəkkür eləyirəm, Böyükağa müəllim.

– Kompliment demirəm. Siz olmasanız biz sözümüzü necə çatdırarıq bu millətə? Mən də təşəkkür eləyirəm ki, 2015 gələr-gəlməz məni yada saldınız, mənə tribuna verdiniz. Tribunası olanlardan qorxmaq lazımdır. Zarafat eləmirəm.

Ürfan Məmmədli