Məni çaşdıran da elə bu “sairə” oldu…

561
Bu və ya digər qeyri-adi hadisə ilə qarşılaşanda, adətən, belə deyirlər: bir bu qalmışdı. Qəribə burasıdır ki, son illər məmləkətimizdə bu ifadə daha çox işlənir. Bu da, təbii ki, belə hadisələrin sayının artması ilə bağlıdır. Onları sayıb vaxtınızı almaq istəmirəm. Odur ki, keçirəm birbaşa mətləbə… Mətləb də ki, yazının, necə deyərlər, canıdır.
Bəli, bu günlərdə ATV-nin “Gündəlik” verilişinin aparıcısı, özündən çox razı Mətanət xanım Əliverdiyeva canlı efirdə – minlərlə tamaşaçının gözü qarşısında ağzına aldığı suyu şou-biznes nümayəndələrini tənqid edən Rəhim Rəhimlinin üzünə “püskürdü”. Bu gözlənilməz olaydan özünü itirən Rəhim də Mətanəti qucağına alaraq verilişdən çıxardı. İndi canlı efirdəki bu qeyri-adi hadisə bütün sosial şəbəkələrdə elə də hallanır, belə də… Kimi bunu tərbiyəsizlik, kimi tamaşaçıya qarşı hörmətsizlik, kimi efir mədəniyyətsizliyi, kimi… xülasə, hərə bir şey adlandırır.Amma həmin hadisənin səbəbkarı, bədii dildə desək, baş qəhrəmanı Mətanət xanım isə alayı cür düşünür. Yəni o bu məsələyə belə reaksiya verib: “Rəhim Rəhimli coşmuşdu, şou-biznesi qatıb – qarışdırdı, saxlaya bilmirdik. Mən də suyu aldım, onun üçün soyuq duş etdim. Bütün saytlar yazıb ki, Mətanət tüpürdü. Əgər ağız ifrazatıyla adi suyu ayıra bilmirsinizsə, yazıqlar sizə. Sabah da kiməsə süni nəfəs versəm, yazacaqlar ki, “Mətanət öpüşdü?” Yəni Mətanət xanımın bu sözlərindən belə nəticə hasil olur ki, onun bu hərəkətinin Rəhimin üzünə tüpürmək kimi yozulması, qələmə verilməsi əsla doğru deyil.

Yəqin yadınızdadır. Ölməz Üzeyir bəyin “O olmasın, bu olsun”nunda belə bir epizod var: öz “sevgili”sini başqa bir şəxslə, yəni Sərvərlə bir yerdə görən Məşədi İbad camaatı başına yığıb haray salır ki, bəs Rüstəm bəy qızını mənə verəcəyinə söz vermişdi, amma özgəsinə verir, axı mən qızın halalca adaxlısıyam, pulunu da vermişəm, elə isə, ay kişilər, bəs bu nə söhbətdir? Rüstəm bəy də onun bu sözlərini gülüşlə qarşılayaraq Məşədi İbada deyir: “Ha, ha, ha!.. O kişi zarafat edibdir. Bilirsənmi, o kimdir? O qızın öz dayısıdır”. Bu açıqlamadan sonra Həsənqulu bəy də, Rza bəy də, üstəlik, Məşədinin özü də keçirdikləri aksiyaya görə Rüstəm bəydən üzr istəyirlər: “A kişilər, mən deyirəm axı, Rüstəm bəy kişidir, belə şey eləməz. Qərəz ki, Allah şeytana lənət eyləsin!” Bu yazını yazanda nədənsə Mətanət xanımın açıqlaması arasında bir oxşarlıq gördüm. Elə bu səbəbdən onu gündəmə gətirdim.

Mətanət xanımın bu açıqlamasına mən də Məşədi kimi sidqi-ürəkdən inanmaq istədim. Hətta ona bəraət də qazandırmaq istədim. Amma… Amması da  budur ki, bizim əlimizdə olan izahlı lüğətlərdə “püskürmək” öz içərisindən şiddətlə bir şey sovurub atmaq, həm də saçmaq, buraxmaq, “tüpürmək” isə ağız suyunu, bəlğəmi, tüpürcəyi və s.-ni ağzından rədd etmək, atmaq anlamındadır… Bax məni çaşdıran elə bu sairədir. Yəni mənim fikrimcə, həmin sairənin sırasında Mətanət xanımın ağzına aldığı su da ola bilər. Odur ki, onun bu hərəkətini şou adlandırmağa, üstəlik: “Mən şounu anlamayan adamlara gülürəm” deməyə, etdiyi hər hərəkətə özünəməxsus don geyindirməyə haqqı yoxdur. Məncə, indi hamı onun belə “donlarına” gülür. Bu mənada, həqiqətən də, Mətanət xanım canlı efirdə kobud hərəkətə yol verib.

Fikrimcə, Mətanət xanım bilərəkdən belə hərəkətlərə yol verir. Bununla da o, verilişin məzmunsuzluğunu ört-basdır etməyə çalışır. Əgər kimsə başqa istedadı ilə fərqlənə, verilişi maraqlı edə bilmirsə, sözsüz ki, bu cür variantlara əl atmalıdır. Təəssüflər olsun ki, bu, təkcə Mətanətin verilişində belə deyil.

Elə mən də hərdən belə yazılar yazıram ki, öz bacarıqsızlığımı ört-basdır edim. Amma mən bəzilərindən fərqli olaraq, ağzıma heç nə almıram.

Qvami Məhəbbətoğlu