Məni bağışlayın

609

Bu dəfə yazı üçün mövzu tapmaqda çox çətinlik çəkdim. Sözün düzü, mövzu çox idi, lakin onların arasında seçim etməkdə aciz qaldım. Daha doğrusu, qorxdum. Bilirsinizmi niyə? Dedim ki, əgər Göygöl rayonunun sakininin sözlərinə qulaq asıb, yazsam ki, hazırda həmin bölgənin camaatı xurma bağlarına baxdıqca bu meyvənin sabit bir bazarının olmamasından yaman narahatlıq keçirirlər, onda həmin bölgənin başbilənləri elə düşünərlər ki, mən onların köhnə bazarına yeni nırx qoymaq istəyirəm. Belə düşünərlər, ya yox? Belə düşünməyə haqları da var. Adama deməzlərmi, balam, onlara belə canın yanır, dünyanın müxtəlif guşələrində milyonlar xərcləyən iş adamlarına müraciət et, qoy rayonda bu məhsulun emalı üçün müəssisələr tiksinlər də. Deyərlər, yoxsa deməzlər? Onda mən onlara nə cavab verərəm? Üstəlik, iş adamları adama deməzmi, balam, məgər hara, nəyə pul qoyduğumuzu səndənmi soruşmalıyıq? Odur ki, “yükümü” xurmadan tutmağı özümə rəva bilmədim.

Dedim, bəlkə Qazaxın meşələrindən söz açım. Deyim ki, bəs son illər bu meşələrə elə divan tutulub ki, daha deyiləsi deyil. Amma qorxdum ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mənə elə sözlər deyər ki, utandığımdan qaçıb gizlənməyə bir babat meşə tapa bilməyim. Nöşün ki, son illər məmləkətimizin əksər meşələri yaman “keçəlləşib”. Yox, buna görə qorxmağa dəyər, yoxsa yox? Əlbəttə, dəyər. İlin-günün bu çağında bu, mənə lazımdır? Odur ki, həmin meşələrdən şələ tutmaqdan da vaz keçdim. Ən əsası qorxdum ki, onlardan biri qabağıma çıxa və deyə ki, qaqaş, şələni qoy, gəl dalaşaq. Yox da, deyər, deməz. Deyər, vallah, deyər. Mənim də ki dalaşmaqla əsla aram yoxdur.
Dedim, bəlkə üzümü verim Ağcabədi tərəflərə. Baxım görüm, əsaslı təmirinə filan qədər vəsait ayrılmış filan-filan kənd yollarının vəziyyəti necədir? Amma oradan bir tanışım əlüstü xəbər verdi ki, qaqaş, gəlməyə dəyməz, çünki həmin yollar hələ də bərbad vəziyyətdədir. Üstəlik, burada elə şeylər tüğyan edir ki… Məsələn, filan kəndə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatı dəyişdirilərək hansısa şirkətə satılıb. Gələrsən, rayon barədə, bu nəsnələr barədə nəsə yazarsan, mənim günüm qara olar. Nədən ki, rayonun başbilənlərinin hamısı səni mənim ən yaxın dostum kimi tanıyır. Aman günüdür, gəlmə. Dedim, rayona gedib belə şeylərdən yazıb özümə düşmən qazanmaqdansa, elə bir dostumun ətəyindən tutmaq daha yaxşı olar. Odur ki, bu mövzuya da bir quş qoydum.
İstədim Beyləqandan aldığım bir siqnala reaksiya verim. Nə var, nə var, orada bir məmur dövlət büdcəsindən əldə etdiyi vəsait hesabına özünə gün ağlayıb. Balam, lap tutalım gedib həmin məmuru tapdım, adama deməzmi gözün məni gördü? İndi hansı məmur əlinə girəvə düşən kimi faydalanmır? Məgər sən qəzet-filan oxumursan? Deyər, deməz? Vallah, deyər. Bəs onda mən ona nə deyərəm?
Hə, dedim, bəlkə vəzifədə çalışan bir tanışımla bütün bunlar əsasında bir müzakirə aparım. Onun dediklərindən nəticə çıxarıb, bir yazı ərsəyə gətirim. Lakin bu fikrimi də bəyənmədim. Çünki mənə elə gəldi ki, ona zəng etsəm, o dəqiqə deyəcək ki, vaxtım yoxdur, məşğulam. Daha deməyəcəyəm ki, nə işlə məşğulsan. Bir də son günlər bəzi məmurların nə işlə məşğul olduqları tam üzə çıxmadımı? Sən demə, onlar tapşırılan işlərdən başqa, hər şeylə məşğul olurlar: yəni kimi özünə villa tikdirir, kimi özünə mağazalar şəbəkəsi qurur, kimi özünə restoranlar açır, kimi də hektarlarla torpağa sahib çıxır. Həmin tanışım haqqında, hələlik, mən bu sözləri deyə bilmərəm. Desəm, məni didərgin salarlar, yoxsa salmazlar. Çünki yaman arxalıdır. Nə isə… Odur ki, belə qərara gəldim ki, belə şeylərdən yazmaqdansa heç yazmamaq yaxşıdır. Elə bu məntiqdən çıxış edərək bu dəfə heç nə yazmadım. Məni bağışlayın.
Qvami