“Məni anamın yanında basdırın”

600

Neçə ömür bir anda tamamlandı. 29 deyirlər, 30 deyirlər, 32 deyirlər, bir can olsa da çoxdur. Hamısı bizdən getdi. Neçə ev başsız, neçə körpə yetim qaldı. “Günəşli” yatağında ölənlərin yaşlısı 62, gənci 22 yaşında idi. Qəzanın necə baş verməsi haqqında hələ də tam təsəvvür yoxdur. Deyilən budur ki, külək başladı, dalğalar 10 metrə qədər yüksəldi, qəza baş verdi. Şahidlərin söylədiyinə görə, mədəndə 4 xilasetmə qayığı olub, amma alov imkan vermədiyindən ikisinə yaxın düşə bilməyiblər. İçindəki 26 nəfərlə dənizə endirilən qayıqlardan biri parçalandığı üçün adamlar dalğaların arasına qərq olublar. Digər qayıq isə havada ikən dəmir boruların arasına sıxışıb qaldığından adamlar salamat qala biliblər.

Bu söhbəti eşidəndə ağlıma gələn ilk mənzərə “Titanik” filmindəki məlum kadrlar oldu. Orada da can bazarı yaşanır. Ölümün soyuq nəfəsini hiss edən insanlar çığırır, ora-bura qaçışır, qurtuluş yolu axtarırlar. “Günəşli” yatağındakı soydaşlarımız da ölüm təhlükəsini hiss etdikləri anda doğmalarına zəng edib, halallaşmağı düşünüblər. O gərgin anlarda göndərilmiş mesajları oxuyanda adamı qəhər boğur. Bir ata mesajında övladlarını xanımına tapşırır və dönüşü olmayan ölüm səfərinə çıxdığını yazır. O müdhiş hadisədən qurtulan və xəstəxanada yatan bir neftçi də həyəcanla gözlədiyi o saatlarda bütün ömrünü göz önündən keçirdiyini və ürəyində hər kəslə halallaşdığını söyləyir. Ölümün buz nəfəsi kimi aldı, götürdü, kimin də üzünü yalayıb keçdi o gecə.

Hər kəsə üzüldüm, hər kəsin ağrısını hiss eləməyə çalışdım. Hamısı mənim xalqım, vətəndaşım, qardaşım idi. Onların arasında biri də vardı ki, 15 gün dənizdə işləyir, dənizdən dönəndən sonra da rayona gedib, orada traktorçuluq edirdi. Yəni adam boş durmur, ailəsinin dolanışığını təmin etmək üçün istirahət demədən çalışırdı.

Artıq ümidlər tükənir və insanlar bundan sonra doğmalarının meyitini istəyirlər ki, heç olmasa, gözləri yoldan yığılsın. İndi hadisə yerindən 25-30 kilometr məsafədə cəsədlər tapılır və yaxınlarına təslim edilir. Hələ hamısının tapılıb-tapılmayacağını da Allah bilir.

Başımıza bəla gəldi. Amma önəmli olan başa gələndən dərs almaqdır. Mən inanıram ki, o hadisəyə qədər həmin neftçilər bir neçə dəfə təlim keçmiş olsaydılar, bu qədər itki olmazdı. Bu hadisədə məni ən çox düşündürən, daha doğrusu, narahat edən odur ki, danışanların hamısı o kritik anda artıq ölümü qəbul etməyə hazır olurlar. Savaşmaq, bütün çarələrə baş vurmaq, o gərgin anda təmkinini itirmədən bütün gücünü, imkanını səfərbər etmək ən doğru seçimdir. Dua iki cür olur: əl açıb Allahdan diləmək və bir də istədiyinin hasil olması üçün lazım olan hər şeyi imkan daxilində yerinə yetirmək.

Bəzi mütəxəssislər bu hadisənin təxribat olduğunu istisna edərək, qəzanın küləyin şiddətlənməsi nəticəsində baş verdiyini deyirlər. Demək, qurğu bu küləyə hazır deyilmiş və yaxud da o havada istehsalı dayandırmaq lazım imiş. Hər halda elə düşünürük ki, hadisənin baş vermə səbəblərini araşdırmaq üçün təşkil edilmiş dövlət komissiyası məsələyə müəyyən açıqlıq gətirəcək.

Vətənpərvərlikdən çox danışırıq və hər dəfə belə hadisələr baş verəndə ağlıma gələn ilk fikir bu olur ki, vətənpərvərlik öz işini adam kimi, doğru-düzgün görməkdir. Hər kəs öz işinin ustası olsa və boynuna düşən vəzifəni layiqincə yerinə yetirsə, inanın ki, bu bəlalar başımıza gəlməz. Yaponun tikdiyi binalar 9 bala davam gətirdiyi halda, bizimkilər 6-7 balda yıxılırsa, demək problem bizdədir.

Bu qədər canımız getdi, bu qədər insanımız gənc yaşda həyatdan köçdü. Adamı ən çox yandıran da 22 yaşlı Turalın vəsiyyəti oldu: “Məni anamın yanında basdırın”. Hələ ki meyiti tapılmayıb. Allah qovuşdursun. Amin.

Əli Çərkəzoğlu