Məndən inciməyin

440

Premyer Liqada 8 komandanın iştirakı dəqiqləşəndən bu yana redaksiyamıza düz yüz əlli altı şikayət məktubu gəlib. Məktublar, bir qayda olaraq, bu sözlərlə başlayır: “AFFA-dan şikayət”. Hər birinin sonunda da belə imzalar var: Azarkeş, yaxud futbolsevər. İndiyədək həmin məktubların heç birini çap etməmişik və heç çap etmək fikrimiz də yoxdur.

Onları çap etməməyimizin iki səbəbi var. Əvvəlinci səbəb budur: biz istəmirik ki, rəhbərliyi özümüzdən incidək. Nüfuz əhlinə sataşmağı və güclü adamlara dolaşmağı biz əvvəldən özümüzə rəva bilməmişik və heç bu barədə düşünməmişik də. Bir də… məlumdur ki, AFFA-nın ehtiram sahiblərindən ehtiyat etmək hər halda lazımdır, doğrusu, qorxuruq.

İkinci səbəb budur ki, həmin məktubların hər birinə diqqətlə baxıb bir kəlmə doğru söz tapa bilmədik. Başdan axıra kimi hamı yalan, palan, üstəlik, böhtandır.

Məsələn, Lənkərandan Əbdülağa kişi yazır ki, heç bilirsiniz 8 komanda ilə çempionat necə olacaq? Bu bir yana e… Onda belə getsə, 2-3 ildən sonra Azərbaycanda komanda qalmayacaq. Yəni çempionat keçirmək üçün komanda tapılmayacaq. Bu isə o deməkdir ki, ölkəmizdə futbol çökür. Vallah, bizim bu halımıza ağlamağa bir neçə ştatlı arvad lazımdır. İş o yerə çatıb ki, AFFA bu məsələ ilə bağlı hətta mütəxəssislərə belə qulaq asmır. Siz deyin, belə bir azarkeşin məktubunun mətbuat aləminə çıxarmağa dəyərmi? Vallah-billah, yox… Adama deməzlərmi, bu sətirlərin müəllifinin başı futboldan çıxmır, elə isə sənə nə gəlib?

Bir məktubdan bir nümunə kimi yazdım ki, kimsə məni qınamasın. Qalan yüz əllli beş məktubda da bu cür hətərən-pətərəndən savayı bir mətləb yoxdur. Yenə bir məsələn yazım ki, kimsədə şəkk-şübhə qalmasın. Biri, daha doğrusu, Amal müəllim yazır ki, bizdə müstəqil komanda yoxdur. Bütün komandalar həm AFFA-nın əlinə, həm də sözünə baxır. Yəni onlar bu qurumun hər cür əmrinə müntəzirdirlər. Onlardan biri çaşıb ağzına gələni danışsa, o dəqiqə aparırlar AFFA rəsmilərinin hüzuruna. Həmin bu Amal müəllim yazır ki, bəs məni o gün apardılar o rəsmilərdən birinin yanına və ərz elədilər ki, bəs bu kişi futbolumuzun inkişafına, bizim qəbul etdiyimiz qərarlara şübhə edir. Həmin o rəsmi də gülə-gülə durdu ayağa. Heç yadımdan çıxmır. Mənə elə vədlər verdi ki… Mən də onun yanından çıxan kimi aləmə car çəkdim ki, dəxi işlər düzəldi, komandamız bu mövsümdən Premyər Liqada təmsil olunacaq. Amma o rəsminin vədindən aylar keçdi, bir nəticə hasil olmadı ki, olmadı. İndi mən Amal müəllimin bu kimi iftira ilə dolu məktubunu çap etsəm, mənə deməzlərmi, axı sən hər yazılana niyə inanırsan? Bizə zəng edib niyə məlumatı dəqiqləşdirmədin? Onda mən də durub deyəm ki, zəng etdim, bəs mənə dedilər ki, biz də belə top qovuruq. Mənim nəyimə lazımdır hansısa Amala görə o rəsmilərlə salamı kəsmək… Bir də axı mən inanmıram ki, AFFA rəsmiləri bunca yalan danışsınlar. Yalan danışanlar, yazanlar, təbii ki, elə Amal müəllim kimi şəxslərdir. Bir də vallah-billah, AFFA bölgələrdə futbolun kökünə su çıxarmaqda çox haqlıdırlar. Balam, kəndçi babasan, get təsərrüfatınla, əkin-biçininlə, mal-qaranla məşğul ol da… Gərək futbola azarkeşlik edəsən?

Deyəsən, mətləbdən uzaqlaşdım axı. Hə, onu deyirdim axı. Qalan məktublar da bu cür böhtanlarla doludur. Odur ki, onların hər birindən söz açıb özümü aləmə güldürmək istəmirəm. Əziz oxucularım, xahiş edirəm buna görə məndən inciməyin.