“Məndən də yaz”

472

Mənim bir tanışım var.

Özü də məmurdur. Adını, soyadını yazıb bu yazıma ağırlıq vermək istəmirəm. Heç buna ehtiyac da yoxdur. O gün həmin bu tanışım mənə zəng edərək dedi ki, bəs hava qaralan kimi filan çayxanaya gəl, səninlə vacib işim var. Dedim, nə işdir elə? Tanışım: “Telefon söhbəti deyil”, – deyərək telefonunu söndürdü. Fikir məni aldı: “Görəsən, nə işdir?” İnandırım sizi, bütün günü nə qədər fikirləşdimsə, həmin işin nədən ibarət ola biləcəyini təxmini də olsa, dərk edə bilmədim. Uzun sözün qısası, naxır növbəsində olanlar kimi başladım havanın qaralmasını səbirsizliklə gözləməyə. Hava da qaralmaq bilmirdi ki, bilmirdi… Nə isə hava qaralar-qaralmaz yollandım tanışımın nişan verdiyi çayxanaya…

Ötəri xoş-beşdən sonra tanışım birbaşa mətləbə keçdi:

– Neçə ildir ki, mətbuat aləmindəsən. Yazılarını da hərdən izləyirəm. Gah şairdən yazırsan, gah aktyordan, gah hakimdən, gah həkimdən, gah futbolçudan, gah sadə bir peşə adamından (O biri yazılarına da sözüm yoxdur). Amma bir dəfə də deməmisən ki, ay tanış, gəl, səndən də bir şey guppuldadım. Olmaya mən sənin kriteriyalarına uyğun gəlmirəm? Olmaya həmin yazılar üçün elə ölçülər var ki, xəbərimiz yoxdur?

Bu yerdə onun dal-dala düzdüyü suallarına cavab vermək istəyirdim ki, o, kefli İsgəndər kimi dilləndi:

– İndi növbə mənimdir… İnandırım səni, bəzən mənim kimi işçilər haqqında elə yazılara rast gəlirəm ki… Sözün düzü, hər dəfə onları görəndə yanıb-tökülürəm. Deyirəm, görəsən, bəs bu barədə mənim tanışım niyə bir şey fikirləşmir? Məgər o bilmirmi, indi daha irəliyə çəkilənlər qəzet, jurnal səhifələrində görünənlərdir?

Əlimdəki stəkanı boşqabın içinə qoyub tanışıma:

– Bəlkə, hərdən çay da içəsən? Soyuyur axı, – dedim.

Tanışım mənə məhəl qoymadan yenə danışmağa davam etdi:

– Olmaya dediklərimdən incidin? Qoy mən inciyim də… Çünki sənin imkanın olduğu halda, mənə qəzetinizdə yer vermirsən…

Bu yerdə dözmədim:

– Axı səndən nə yazım? Yazım ki, neçə illərdir vəzifə başındadır? Yazım ki, özünə elə gün ağlayıb ki… Amma orada-burada yalandan elə ağlayır ki… Yazım ki, qapısına gələnlərə elə üz göstərir ki?

Tanışım:

– Ay bərəkallah, düşmən ocaq başında imiş ki… Məgər belə işlər görən tək mənəm? İndi hamı belə edir də… Hə, nə deyirsən, haqqımda bir məqalə yazırsan, ya yox?

Az sonra isə əlavə etdi:

– Vallah, sənə borclu qalmaram. Xəcalətindən çıxaram…

Söhbətimizi qonşu stolda oturub çay içən iki gəncin zarafatı kəsdi:

– Mən sənin şəkilini çəkdim, sən də mənim şəklimi çək…

O biri gənc dedi:

– Dostum, incimə, bu yerdə sovet dönəmində baş vermiş bir əhvalat yadıma düşdü, onu söyləmək istəyirəm. Deməli, belə. Bir dəfə tanınmış rəssam Səttar Bəhlulzadə rayonlardan birinə gedir. Onun gəlişindən rayon partiya komitəsinin birinci katibi də xəbər tutur və məşhur rəssamın görüşünə tələsir. Həmişə sadə adamlarla ünsiyyət qurmağa üstünlük verən rəssam onun gəlişindən o qədər də şad olmur. Amma onu yola salmağa üzü gəlmir. Nə isə… Səttar Bəhlulzadə rayonda hara gedirsə, raykom da onun yanında olur. Özü də hər addımbaşı təbiət nəğməkarının yaradıcılığından xəbərsizliyini göstərir. Və ilk fürsətdəcə raykom portretini çəkməsini rəssamdan xahiş edir. Gün ərzində davamlı olaraq dilə gətirilən bu istəyin artıq tələb şəklini aldığını görən rəssam sonda dözməyib: “Mən balqabaq şəkli çəkmirəm”, – deyir.

Bu zaman “mənim də şəklimi çək” söyləyən gənc ayağa durub: “Mənə deyirsən?” deyəndə həmin əhvalatı nəql edən gənc dostunun əlindən qurtulmaq üçün qapıya tərəf götürüldü. Dostu da onun dalınca. Çayçının: “A bala, bəs çayın pulunu kim verəcək” sözləri isə sanki havada qaldı. Gənclərin bu zarafatından sonra tanışımın üzünə baxdım. Rəngi dəyişmişdi. O nə fikirləşdisə birdən-birə söhbətin mövzusunu dəyişdi. Mənə elə gəldi ki, tanışım gəncin söylədiyi əhvalatdan öz payını götürmüşdü.

Qvami Məhəbbətoglu