Mən yaza bilmərəm…

0
466

Dünən bir nəfər mənə zəng edib, dərdini ahəstəcə-ahəstəcə anlatdı.

Bu “anlaşma”dan sonra məndən xahiş etdi ki, bəs söylədiklərini qəzetimizdə yazım. Dedim, ay İlyas kişi, vallah-billah, yaza bilmərəm. Elə həmin an söylədi ki, bəlkə umacağın var? Dedim, yox, heç belə şeyi ağlına belə gətirmə. Dedi ki, elə isə qarnının ağrısı nədir, de, bilim? Dedim, a kişi, tutaq ki, mən sizin söylədiklərinizə əsasən yazdım ki, bəs Masallının Meşəkənar və Köhnə Alvadı kəndlərinin yaxınlığında yerləşən quşçuluq ferması hər iki kəndin sakinlərinin rahatlığını pozur. Daha doğrusu, həmin fermadan yayılan toyuq-cücə peyinin iyi onların başlarını çatladır: biçarələr nəinki həyətlərində, heç evlərinin içində belə otura bilmirlər. Hətta bəzi sakinlər əleyhqazdan, respiratordan istifadə edirlər. Bununla bağlı müvafiq qurumlara müraciət ediblər, di gəl, toyuq-cücəyə, daha doğrusu, həmin fermanın sahibinə heç “kiş” deyən də yoxdur. Elə bu səbəbdən kəndin bəzi sakinləri öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıblar. Üstəlik də, ərz edim ki, bəs həmin fermanın sahibi rayonun lap məşhur adamlarından birinə, lap siz deyən kimi, seçilmişə, yəni bir deputata məxsusdur. Axı mənim nəyimə lazımdır belə şeyi qəzet səhifəsinə çıxarmaq, ay İlyas kişi? Axı mənim nəyimə lazımdır belə şeyə görə ilin-günün bu vədəsində ağrımayan başımı ağrıtmaq? Hansısa bir iş adamı ilə üz-üzə gəlmək? Yox, a kişi, yenə deyirəm, vallah-billah, bu, mənlik deyil. Mən bunu bacarmaram. Nə çox məmləkətimizdə bacarıqlı jurnalistlər, dərdini onlara izhar et, qoy onlar zəhmət çəkib yazsınlar da… Axı onlar nə vaxta qədər gül-çiçəyin ətrindən söz açacaqlar, qoy heç olmasa bir dəfə camaatı narahat edən toyuq-cücə peyininin iyindən yazsınlar da… Mənəmi qalıb belə “iyli” yazılar yazmaq? Olmaya onlar qorxurlar ki, belə şeydən yazan kimi həmin iy onların canlarına hopacaq? Deyəsən, bu yerdə mətləbdən uzaqlaşdım axı, üstəlik, həmkarlarımın ünvanına hədyanlar yağdırdım axı… Heç məndən çıxmayan iş… Nə isə, uzun sözün qısası, a kişi, mən sizin dediklərinizi yaza bilmərəm. Xatanı məndən uzaq elə!

Bir də, yaxşı yadıma düşdü, lap tutaq ki, sizin dərdinizi yazdım. Bu yazdıqlarımı da Bakının adını unutduğum rayonunun hansısa qəsəbəsində məskunlaşmış Qüdrət adlı tanışım oxudu. Onda bəs mən biçarə başıma haranın külünü tökəcəyəm? Həmin o Qüdrət kişi günlərin bir günü qabağımı kəsib mənə deməzmi ha, ay belə-belə olmuş, ayıb olsun sənə?! Mənim dərdimdən yazmırsan, amma onun-bunun səsinə o saat səs verirsən. İnsafən, bunu deməyə onun haqqı da var. Bir də adama deməzmi, ayıb deyil, adam da heç toyuq-cücədən şikayətçi olar? Onların dərdi bizim yanımızda toya-bayrama getməlidir ki… Yenə də o kişinin bundan beş qat artığını mənə ərz etməyə haqqı var. Çünki o kişi xeyli vaxtdır mənə deyir ki, bəs qəsəbənin içində beş yüzdən çox donuz saxlayan bir nəfərin əlindən zəncir çeynəyirlər, yəni iydən nəfəs ala bilmirlər, odur ki, nə olar, bu barədə qəzetinizdə beş-altı kəlmə yaz… Amma mən bu işə əsla qol qoymadım. Elə o gündən Qüdrət kişi daha məni heç aramır da…

Hə, onu deyirdim axı, ay İlyas kişi… Yəni demək istəyirəm ki, mən hər deyilən sözü sensasiya xatirinə qəzet səhifəsinə çıxaranlardan deyiləm. Odur ki, sizin dediklərinizi də yaza bilmərəm. Nə olar, buna görə məni qınamayın. Qoy elə bu dünyada qorxa-qorxa yaşayım. Vallah, ən yaxşısı elə belə yaşamaqdır.

Qvami