“Mən meydançada İbrahimoviçəm, evdə isə…”

507

Əslən Bosniyadan olan Zlatan İbrahimoviçin ötən həftə 33 yaşı tamam oldu. “Qardian” (”The Guardian”) qəzeti də bununla bağlı İsveç yığmasının və PSJ-nin hucumçusundan müsahibə alıb. Onlardan seçmələri sizə təqdim edirik.

 İnadkarılıq haqda

“Hansısa təsadüf nəticəsində Rusenqordan (Malmönün rayonu) olan oğlan uğura nail ola bildi? Mənə heç kim inanmırdı. Hamı hesab edirdi ki, dili uzun olmağım axırıma çıxacaq. Amma bu baş vermədi. Mən bütün həyatım boyu arzuladığım mərtəbəyə qədər ucala bildim. Mənə maraqlıdır, 15 yaşım olanda uğur qazanacağıma şübhə edənlər indi haradadırlar? Onlar utandıqlarından üzə çıxa bilmirlər. Mən həmişə futbol acı olmuşam. Əgər nə vaxtsa futbola marağı itirsəm, onda yoxa çıxacağam. Əminəm ki, başqa oyunçulardan 10 dəfə yaxşı oynamalıyam və oynayacağam”.

Rekordlar haqda

“Bir ay əvvəl İsveç yığmasının heyətində 100-cü oyunuma çıxdım və sübut etdim ki, arzuma çatmışam. Bundan əlavə, sentyabrda yığma komandanın heyətində 50-ci qolumu vurdum və bununla da 82 ildən sonra bu sahədə rekorda imza atdım. Məndən əvvəl kapitan sarğısını hər 2-3 oyundan sonra başqa futbolçuya verirdilər. Amma mən bu qaydanı dəyişdirdim. İndi uzun illərdir İsveç yığmasının kapitanıyam və rekordları yeniləməkdə davam edirəm”.

“Barselona” haqda

“Ola bilsin ki, “Barselona” tarixin ən yaxşı komandalarından biridir. Biz həmişə yaxşı oyun nümayiş etdirirdik. Messi, İnyesta, Xavi, Puyol, Pike, Dani Alveş, Buskets, həqiqətən də, böyük futbolçulardır. Amma “Barselona” da nizam-intizamlı komandadır. Burada dünya futbolunun ulduzları oynayır. Onlar məşqçinin istənilən tapşırığını yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar”.

A Seriyası haqda

“İtaliyada əvvəlcə hər şey fərqli idi. Komandada olan 22 oyunçunun hamısı hesab edirdi ki, o, dünyanın ən yaxşı oyunçusudur. İtaliya A seriyası hücumçular üçün ən çətin çempionatdır. Burada hücum edərək qol vurmaqdan daha çox möhkəm müdafiə olunaraq qol buraxmamaq barədə düşünürlər. İspaniyada isə bir qol vurandan sonra ikincisini, üçüncüsünü, dördüncüsünü vurmağa cəhd edirlər”.

Premyer Liqa haqda

“Heç vaxt İngiltərə Premyer Liqasında oynamayacağam, çünki Parisdə özümü xoşbəxt hiss edirəm. Amma mən Premyer Liqaya hörmətlə yanaşıram. Mən xoşbəxtəm ki, dünyanın ən yaxşı, ən güclü çempionatları hesab edilən İtaliya, Hollandiya, İspaniya və Fransa güclülər dəstəsində oynamışam”.

 İngilislərə vurulan məşhur qol haqda

“Bu, Stokholmdakı “Frends Arena”nın açılış matçı idi. Mən xoşbəxtəm ki, stadion tarixində ilk qolu vuran oyunçu oldum. Mən ikinci topu vuranda sevincimdən nə edəcəyimi bilmirdim. Hartın qapısına üçüncü qolu vuranda, o, ətrafına baxaraq: “Siz bu qol barədə nə deyə bilərsiniz?”, — dedi və mən onda anladım ki, şedevr qola imşa atmışam. Bundan artıq gözəl qol vura biləcəyimə inanmıram. Bundan bir neçə gün sonra PSJ ilə məşq edərkən bu qolu təkrarladım. Onda yağış yağsa da, gözəl qol vura bildim. Komanda yoldaşlarımsa dedilər ki, sənin bu qolun İngiltərə yığmasının qapısına vurduğun qoldan daha yaxşı idi. Mən bax, belə məşq edirəm və həmişə daha yaxşı qol vurmağa çalışıram”.

 İngiltərə yığması haqda

“Runinin oyunu çox xoşuma gəlir. Mənə elə gəlir ki, Runi həmişə var gücü ilə oynayır və qol vurmağa, komandasının qələbə qazanmasına çalışır. O, komandası üçün xeyirli oyunçulardandır. İngiltərə yığmasının digər oyunçuları haqda isə heç nə deyə bilmərəm, çünki onları yaxşı tanımıram”.

Mourinyo haqda

“Mourinyo çox ağıllı məşqçidir. Heç kim onun kimi oyunçularla münasibət qurmağı bacarmır. O, hər oyunçuya individual qaydada yanaşır. Hesab edirəm ki, Mourinyo bu günə qədər işlədiyim məşqçilərdən ən yaxşısıdır”.

 Karyerasının sonu haqda

“Karyeramı başa vurmaqdan qorxmuram. Gözləyirəm ki, nə vaxt həmin gün gələcək. Futbolçu səfər oyunları zamanı otellərdə qalmağa çox vaxt sərf edir. Mənim böyük oğlumun 8, kiçiyinin isə 6 yaşı var. Onları arzu elədiyim qədər görə bilmirəm. Ona görə də gələcəkdə ailəmə daha çox vaxt ayırmağı düşünürəm”.

 Uşaqlar haqda

“Oğlanlarımın 18 yaşı olanda onlara istədiklərini etmək azadlığı verəcəyəm. Amma hazırda onlar yalnız mənim qaydalarım əsasında yaşayırlar. Arzu edirəm ki, onlar həmişə məni “ata” deyə çağırsınlar. Bu, mənim üçün çox vacibdir. Hətta onlar Zlatan İbrahimoviçin kim olduğunu yaxşı dərk edəndən sonra belə, gərək mənə “ata” deyə müraciət etsinlər. Mən meydançada İbrahimoviçəm, evdə isə ər və ata, ailə başçısıyam”.