Mən məni tərk eylədim…

0
709

Nə fərqi varmış ki, hansı əsrdə, hansı coğrafiyada yaşayıb; padşah olub, ya rəiyyət; neçə il ömür sürüb, məzarı haradadır… Tanımaq istəyirsənsə, yazdığını oxu və sənə nə qədər doğma, nə qədər ögey olduğunu anla… Könül gözün varsa, dostun, sirdaşın biləcəksən; yanında, özün kimi görüb tanıyacaqsan; duyğularını, sevgini ən gözəl şəkildə ifadə etdiyi üçün doğmadan doğma kimi sevəcəksən; yox, əgər bu misraları oxuduqda içində bir şey tərpənmədisə, bu misralara yüklənmiş o böyük sevgini, iman gücünü görə bilmədinsə, sadəcə, səhifəni çevir, vəssalam.
Niyazi Misri nə yazıq ki, ölkəmizdə kifayət qədər tanınmamış söz sultanıdır. Fikri, duyğuları göz yaşı kimi bərraq, söz sənətində Nəsimi, Füzuli kimi ustad olan bu böyük şəxsiyyəti tanımayan türkdilli ədəbiyyatı bildiyini iddia eləməsin! Bəli, biz bu söz ustadını bu qədər dəyərli, bu qədər əziz hesab edirik.
Bəzən mənə elə gəlir ki, hər şairdən bircə beyt qalsa, onun adını yaşatmağa kifayətdir. Ərzurumlu Nəfi adlı bir şair olub. Əsas məşğuliyyəti də saray əyanlarına həcv yazmaq olub. Yazdığını da elə günə qoyurmuş ki, adam arasına çıxa bilmirmiş. Nə qədər desələr də həcvdən əl çəkməyib, axırda elə bu yazdıqlarına görə də boğub öldürüblər. Həmin o Nəfinin bircə beytini bilirəm və o bircə beyt mənim ən çox sevdiyim şeir parçasıdır:

Nə aləmdən səfa bulduq,
nə əhlindən ricamız var,
Nə dərgahi-Xudadan maəda
bir ilticamız var.

Şair deyir ki, bu dünyada bir səfa görmədik, “ağa”lardan da hər hansı istəyimiz yoxdur, Allah dərgahından başqa da bir sığınacağımız olmaz. Bu cür beytlər əslində dilin ehtişamını sərgiləyir, ən coşğulu, ən qaynar düşüncələrin bu dilə necə rahatlıqla sığdığını göstərir. Bu mənada şairlər dilin, dolayısilə o dildə danışan xalqın ən yaxın, ən səmimi xidmətçiləridir. Çünki o şairlər səni sənə sevdirir, səni səndən uzaqlaşmağa qoymurlar.
Niyazi Misridən də çox sevdiyim bir beyti söyləyim sevimli oxucularımıza:

Mən sanırdım aləm içrə
heç mənə yar qalmadı,
Mən məni tərk eylədim,
gördüm ki, əğyar qalmadı.

Əmin olun ki, bu şeirdə bircə hərfi belə dəyişməmişik, XVII əsrin ortalarında necə yazılıbsa, eləcə də düqqətinizə çatdırdıq. Nə qədər də aydın, anlayışlı, oxunaqlı bir dildədir! Amma hər şeydən öncə nə qədər böyük həqiqəti, həm də ən gözəl şəkildə ortaya qoyur. Əslində bu həqiqətin başqa cür ifadəsinə böyük Mövlana Cəlaləddin Rumidə də rast gəlirik. O da yazır ki, sənin haqqa qovuşmağına əngəl olan bircə şey var, o da sənin özünsən. Əgər sən özünü bu aradan çıxarıb ata bilsən, haqqa qovuşmağın bütün zövqünü, gözəlliyini ruhunda hiss edəcəksən. Yəni məsələ nəfsi ilə savaşmaqdır, imanın, ruhun tərəfini tutmaqdır, nəfsin azğın istəklərinə qarşı sərt müqavimət göstərə bilməkdir.
Bir həqiqəti də deyək ki, o şairlər yazağzı olanda ürəyin köpürən duyğularını deyil, ruhun səsini, həqiqətin ən səmimi və təbii duyğulara bələnmiş halını ortaya qoyur. Bu dediyimizi daha çox Yunus Əmrədə görürük. Yəni şair həqiqətə doğru gedən adam deyil, həqiqətə qovuşandan sonra yazmağa başlayan, hər yazdığını da həqiqət aynasında yoxladıqdan sonra gün işığına çıxaran, ordan da üzü o yana yol alıb gedən insandır.
Eşqin kimə yar olur, daim işi zar olur,
Dinməz gözünün yaşı, yanar, içi nar olur.
Niyazi Misrinin bu beytinə diqqət eləsəniz, Füzulinin məşhur “məni candan usandırdı” qəzəlindəki kimi misraları ortadan bölmək imkanı olduğunu görəcəksiniz. Yəni Niyazi də dilin imkanlarına yiyələndiyini ortaya qoyan iddialı söz ustadıdır. Burada “eşq” məfhumu, əlbəttə, İlahi eşq anlamındadır. Yəni ancaq Allahı sevən bəndə bu halları yaşaya, dünyada qərib kimi yaşaya və ölüb sevdiyinə qovuşmağa can atar.
Onu da xüsusi vurğulamaq istəyirik ki, istər coğrafi, istər dil, istər düşüncə tərzi baxımından Niyazi Misri bizə Füzulidən də, Nəsimidən də daha yaxındır. Sadəcə, söz ərbablarını siyahılaşdırıb xalqlar arasında bölənlər onu bizim səhifəmizə deyil, qonşu səhifəyə yazıblar. Halbuki könlümüzü bu qədər dəqiq, hisslərimizi bu cür gözəl ifadə edən şair bizim deyil, kimindir? Bir də ki, həqiqi şairi, yəni miqyası bir coğrafiyalıq, bir ulusluq deyil, bəşəriyyətə açılmış; davası Haqqın davası olan könül ərbabını xalq, millət, ölkə çərçivəsinə salmaq ona qarşı haqsızlıqdır.
Bilmirəm, heç diqqət eləmisinizmi, ədəbiyyat tariximizdə uyğunsuzluq var. Klassiklərimizdən danışanda belə sayırlar: Nizami, Nəsimi, Füzuli, Vaqif… Halbuki hər bir sənətkarı öz zamanı və öz coğrafiyası içində öyrənəndə doğru nəticə əldə edə bilirsən. Mən heç əmin deyiləm ki, Füzuli özünü Azərbaycanın yetirməsi hesab edirdi, amma ondan əminəm ki, o təpədən dırnağa qədər türk oğlu tirk idi və bütün əsərlərində də öz xalqının təəssübünü çəkib. O, məşhur “düşvarı asan eyləmək”, yəni Leyli-Məcnun dastanını türk dilində nəzmə çəkmək, əruzu ana dilin qəlibinə oturtmaq kimi bir missiyanı öz çiyinlərinə götürmüşdü və bu vəzifəni misilsiz ustalıqla həyata keçirə bildi. Yenə o həqiqətin üstünə qayıtmaq istəyirəm ki, şair öz ətrafı ilə öyrənildikdə həqiqi qiymətini ala bilir. Füzuliyə qədər, Füzulinin zamanında və sonrakı əsrdə onunla eyni dildə yazan, eyni düşüncəni , duyğuları paylaşan çox sayda böyük söz ustaları var.
Ədəbiyyatımızın ən böyük bəlası nədədir, bilirsinizmi? – Bölmüşük, eyni dövrdə, eyni coğrafiyada, eyni dövlətin sərhədləri içində yaşamış, yazmış böyük söz ustalarını indi başqa-başqa ölkə vətəndaşları halına gətirib, bir-birindən ayırmışıq, hərəsinin cibinə fərqli bir vətəndaşlıq pasportu qoymuşuq, indi də işin içindən çıxa bilmirik. Amma bir həqiqəti vurğulamaq istəyirik ki, türkdilli klassik ədəbiyyatı araşdıran bütün mütəxəssislərin ortaq fikri budur ki, bu dilin şeir zirvəsi Füzuli şeirlərindədir. Bəli, bu qəbul edilmiş həqiqətdir.
Biz bu yazımızda Niyazi Misri haqqında çox səthi, ötəri danışdıq. Məqsədimiz o idi ki, dəyərli oxucumuz belə bir şairin, könül ərbabının adını bilsin, bir beytini oxuyub əzbərləsin. Və bir də inansın ki, bizim klassik ədəbiyyata baxışımız doğru deyil. Əslində bizim yanaşmamız nəyə bənzəyir, bilirsinizmi? – Meşənin ortasında bir ağacı seçirsən, “bu mənimdir” deyirsən və yanındakıları nə görürsən, nə göstərirsən. Halbuki onlar kürək-kürəyə vermiş, eyni iqlimi, atmosferi, təbii şəraiti paylaşan zirvələrdir. Ən doğru yanaşma onları bir arada öyrənmək, müqayisəli şəkildə araşdırmaqdır. Nə isə…
Söz kimindir? – Götürənin. Əgər sən heç bir şərh, izah vermədən təqdim etdiymiz bu bircə şeirdən bir şey götürə bildinsə, Allah könlünə, duyğularına bərəkət versin; götürə bilmədinsə, yenə Uca Rəbbim lütfünü, bərəkətini səndən əsirgəməsin! Oxu və anlamağa çalış! Vəssalam!

NİYAZİ MİSRİ
Zati-Haqda məhrəmi-irfan olan anlar bizi,
İlmi-sırda bəhri-bipayan olan anlar bizi.

Bu fəna gülzarına talib olanlar anlamaz,
Vəchi-Baqi Hüsnünə heyran olan anlar bizi.

Dünyəvü uqbayı təmir eyləməkdən geçmişiz,
Hər tərəfdən yıkılıb viran olan anlar bizi.

Biz şol abdalız bırakdık əynimizdən şalımız,
Varlığından soyyunub üryan olan anlar bizi.

Gəhrü lütfü şeyi-Vahid bilməyən çəkdi əzab,
Ol əzabdan qurtulub sultan olan anlar bizi.

Zahida, ayyıq dururkən anlamazsan sən bizi,
Cüreyi-safi içib məstan olan anlar bizi.

Arifin hər bir sözünü duymağa insan gərək,
Bu cihanda sanmayız heyvan olan anlar bizi.

Ey Niyazi, qətrəmiz dəryaya saldıq biz bu gün,
Qətrə nicə anlasın, ümman olan anlar bizi.

Haqlı qoyub laməkan elində mənzil tutalı,
Misriya, şol canlara canan olan anlar bizi.
Əli Çərkəzoğlu