“Mən “iki dəfə iki dörd”ə heç vaxt inanmamışam”

0
456
Onun öz dünyası var. O, öz dünyasında həmişə nə isə qurur, yaradır. Lakin kimsəyə bu barədə  heç bir məlumat vermir. Bəzən mənə elə gəlir ki, o da xəyallarında Koroğlunun dəliləri – Dəmirçioğlu, Bəlli Əhməd və Eyvaz kimi durna teli gətirməyə cəhd edir. Lakin… erməni tapdağı altında olan o  yurd yerinə yaxınlaşa bilmir, odur ki, kimsənin eşidə bilməyəcəyi şəkildə dəli bir nərə çəkir. İztirablarını, düşüncələrini qəzetimizin “Durna teli” rubrikasındakı yazıları ilə ustalıqla təsvir edir. Bu günlərdə onun öz dünyasında onunla birgə həmsöhbət olmağa çalışdıq. Beləliklə, müsahibimiz “Zaman-Azərbaycan”ın əməkdaşı Loğman Məmmədovdur.
– Siz riyaziyyatçısınız və bildiyimə görə, boya-başa çatdığınız kəndinizin orta məktəbində bu fənni tədris etmisiniz. Məlum hadisələrdən sonra bu sahə üzrə fəaliyyət göstərməmisiniz. Öz sevimli işinizdən ayrılmaq sizə çətin anlar yaşatmadı ki?

– Müəllim işlədiyim müddətdə riyaziyyatdan bir vasitə kimi istifadə etmişəm. Məqsədim şagirdlərimin dünyaya başqa gözlə baxmasına çalışmaq olub. Çünki heç bir şey əslində göründüyü kimi deyil. Bütün elmlər dünyanın görünməyən tərəfinə uçmaq üçün bir qanaddır. Sadəcə, insanlar çox vaxt ondan təyinatına görə istifadə etmirlər.

– Söhbətlərinizdən belə məlum olur ki, vaxtilə sıxıntılar içində yaşamısınız?

– Sıxıntılardan heç vaxt şikayət etməmişəm. Sıxıntı da, kədər də, qəm də insanı saflaşdırır, təmizləyir. Sıxıntılarla yaşayıb, insanlığını saxlamaq böyük istedad tələb edir. O da bir cür qəhrəmanlıqdır. Sıxıntı da bir sayğıdır. Sıxıntısız böyük adamı təsəvvürümə belə gətirə bilmirəm. Yaxşı mənada o, bir stimuldur – həyatda diri qalmaq üçün.

– Qaçqınlıq illərinizin ilk günlərini necə xatırlayırsınız?

– Sonsuz əzab içində. O illər məhrumiyyətlərlə dolu olsa da, yadımda boz, dönük üzlər qalıb. Böyük əksəriyyət bu imtahandan kəsildi…

– O çətin günlərdə kimlər sizə əl uzatdılar?

– Mənim həyatımın ən çətin məqamlarında elə bil kimsə bir yaxşı adam illərlə dayanıb yolumu gözləyib. Bəlkə də, ondandır ki, elə bütün həyatım boyu yaxşılara, yaxşılıqlara inanmışam – dəfələrlə aldansam da. Dünya bu günə yaxşıların çiynində gəlib, dünyanı bu günə isə pislər qoyub.

– Söhbətlərinizin birində “bütün həyatım boyu anamdan sədaqətli dost görmədim” ifadəsini işlətmisiniz. Bəlkə, buna bir qədər aydınlıq gətirəsiniz?

– Anamın böyüklüyü dünya ilə barışmazlığı idi. Bu dünyanın anam üçün çox az olduğunu anlayırdım. Anam bu dünyanın içində bu dünyaya sığmayan dünyasını qura bilən nadir insanlardan idi. Anam bütün varlığı ilə insanın, dünyanın, həyatın fövqündə dayandığını sübut elədi. Anamla dostluğumuzu həyatın heç bir gücü dəyişə, poza bilmədi – anam buna imkan vermədi.

– “Zaman” sizin harayınıza zamanında çata bildimi?

– Bu dünyada hər şey zamanında baş verir. Bu dünyanın heç nəyini fövqəlləşdirmək olmaz. Baş verənlərdən çox, düşüncə və inamımızdakılar daha gerçək və həqiqi gəlir mənə. Baş verənlər görüntüdür, üzə çıxandır. Hər hadisənin göründüyü ana qədər gəldiyi bir yol var. Əgər hadisə görüntü məqamına qədər gəlib çatmayıbsa, bu o demək deyildir ki, baş verməyib.

“…dərdimi bağrıma basıram”

– İndi nəyi isə xatırlayanda “burada riyazi dəqiqlik çatışmadı” ifadəsini işlədirsinizmi?

– İnsan üçün riyazi dəqiqlikdən çox həssaslığı üstün tuturam. Həssaslıq – insan münasibətlərinin yüksək dəqiqliyidir.

– İndi hər dəfə “qaçqın”, “məcburi köçkün” sözlərini eşidəndə nələr keçirirsiniz?

– Bu, insanın başına gələn faciəni cəmiyyətin gözündə gülüş gününə qoymaqdır. Bu adı verməklə zəlilliyi güzəran vasitəsinə çevirə bildilər. İnsanı özündən məcburi şəkildə köçürdülər. Düşmən bizi doğma yurdumuzdan ayırdı, doğmalar isə özümüzdən. Özündən ayrı düşən insanın nə azadlığı olur, nə də torpağı…

– Hazırda maddi imkanlarınız arzularınızla üst-üstə düşürmü?

– Mənim arzularım gözəl olub həmişə, bahalı olmayıb. Elə gözəl arzularım olub ki, onu reallaşdıranda itib. Elə arzular var ki, onu elə arzu kimi yaşamaq daha gözəldir. Arzunun da bir bakirəliyi var, mənim fikrimcə…

– Sizin dərdlərinizi ovuda biləcək sənət adamları kimlərdir? Daha doğrusu, kimlər oxuyanda dərdiniz qundaqdakı körpə kimi ovunur.

– Qədir Rüstəmov, Ağabala Abdullayev və Sezen Aksu. Onlar oxumurlar, dərddən vətən düzəldirlər. Onlar oxuyanda mən dərdimi bağrıma basıram. Onları dinlədikcə dərdlərimi arzularım kimi yaşayıram, dərdlərimə sığınıram – dədə-baba evimiz kimi…

– Loğman müəllim, hərdən şeir də yazırsınız. Tanınmış türk yazarı Əziz Nesinin belə bir kəlamı var: “Ən gözəl şeir riyaziyyatdır. Yer üzündə indiyə qədər “iki dəfə iki dörd”dən daha gözəl misra yazılmayıb, məncə”. Bu, doğrudanmı, gözəl misradır? Sizcə, “iki üstəgəl iki dörd” daha gözəl misra deyilmi?

– Mən “iki dəfə iki dörd”ə heç vaxt inanmamışam, daha doğrusu, əhəmiyyət verməmişəm. Bu, məsələnin görünən tərəfidir, mahiyyətin qiyafəsidir, ilk baxışda doğrudur. Amma hər kəsin içində iki dəfə iki fərqlidir. İnsana riyazi gözlə baxmaq onun qanadlarını qırmaq, onu göydən endirməkdir. İnsanı hesablamaq olmaz, o sonsuzdur. İnsan mahiyyətcə göylüdür. “İki üstəgəl iki…” də gözəl şeydir, amma burada göydən əsər-əlamət yoxdur, bütünlüklə yerdir.

“…o torpaqları köksümə yığmışam”

– “Yurd yeri” şeirinizdəki bir misrada deyirsiniz:

Düşdüm ilğımlar səmtinə-

Oymaq-oymaq, sənə-sənə,

Sinəmdə dərd saldı binə

Yurd yerinə döndü belə.

Bu fikirlərə yenidən qayıtsanız, daha nələr deyərdiniz?

– O dərdi sinəmdə o qədər çəkdim, o qədər əzizlədim ki, bir də onda ayıldım ki, o torpaqları köksümə yığmışam, yurd yerimiz elə sinəmdədir. Mənim üçün Qarabağı almağın yeganə düsturu belədir: bu gün məmləkətimiz nə qədər ədalətlidirsə, Qarabağı qaytarmaq şansımız da o qədərdir. Bütün dünyaya ölkəmizdəki ədalət qədər verəcəyimiz böyük mesaj yoxdur. İyirmi ildir siyasət bu məsələni həll edə bilmir.

– Sevgi şeirlərinizin konkret ünvanı varmı?

– Mənim içimdə həmişə qəribə, qeyri-adi, böyük bir sevgi olub. Hələ də bilmirəm o kimindir, nəyindir. Bu mənada kimisə sevmək şirin bir aldanışdır. Heç bir qadın və kişi başqasında sevgi yarada bilməz, amma onun mahiyyətindəki sevgi ocaqlarından birini qalaya, yandıra bilər. Sevgidə bir az naşılığımız var. Filankəsi görəndə oyanan sevgi elə bilirik ki, onundur. İnsanın bütün sevinci də, sevgisi də özünü nədəsə tapması ilə bağlıdır. Biri musiqidə, biri rəssamlıqda, biri də insanda özünü tapır və ona vurulur…

– Bu gün nələr üçün burnunuzun ucu göynəyir?

– Anamın titrək əlləri üçün… O əllərdə bütün dünyanın təmənnasız sevgisini gördüm. O əllərin toxunduğu hər yerə yaz gəlirdi.

– “Mən təbiətən göylüyəm, göy adamıyam. Amma hərdən bağban olmaqdan, bostan əkməkdən ötrü ürəyim tütür”. Bu sözlər də sizə məxsusdur. Hazırda yaşadığınız yerdə bağbanlıq edə bilirsinizmi?

– Yox, edə bilmirəm. Məni doğmalıqdan ayırdılar, məni doğmalardan ayırdılar, məni ağaclardan, torpaqdan ayırdılar, yazdan ayırdılar. Adımı “məcburi köçkün” qoyandan, dövlətimiz qüdrətlənəndən sonra doğmalığı qaytarmadılar, doğmaları qaytarmadılar, ağacı, torpağı, yazı qaytarmadılar – “çörəkpulu”nu 10% artırdılar… Yaşadığım binanın yanında zir-zibil atılmış yeri 4 il təmizləyib bağ saldım, əlimdən zorla alıb, yerində dükan tikdilər. Dünya siyasətə hamilədir deyə hələ də bic doğur.

– Ümumiyyətlə, sizin əlinizdən, demək olar ki, hər iş gəlir. Lazım gələndə təbiblik də edirsiniz. Bütün bunları necə mənimsəmisiniz?

– İnsan bütün ömrü boyu axtarışdadır. Özünü axtarır. Onun sevinci də, sevgisi də özünü tapdığı anlardır. Ən böyük kəşf özünü tapmaqdır. Nə qədər çox şey öyrənirsənsə, o qədər özünü tapmaq şansın artır.

– Qız övladlarınız var. Bəs onlar hansı sahənin loğmanlarıdır?

– Onların ikisi rəssamdır. Biri isə pedaqoji sahənin adamıdır. Onların insanlığına, həssaslığına, zərifliyinə, xeyirxahlığına, fədakarlığına inanıram. Onu da bilirəm ki, buna görə ömür boyu əzab çəkəcəklər. Mən insan olmağın əzab çəkməkdən kamil yolunu görmədim. Həm insan olasan, həm də istədiyin kimi yaşayasan, bu, mümkün deyil… Bəlkə də, dünyanın harasındasa başqa cürdür. Bu dünyanın üzü belədir – insanı sevə bilmir…

– Şəklinizi çəkmək istərsələr, onlara hansı məsləhəti verərdiniz?

– Mən şəkildə görünmürəm, çünki dərd şəklə düşmür. Bacarsalar, deyərdim ki, kədərimi çəkin…

– İnternetdə sizin ölümlə bağlı bir fikriniz diqqətimi cəlb etdi: “Ölüm son dəfə çiçəkləməkdir…”

– Bütün bitkilər sanki çiçəkləməkdən ötrü yaranıblar, ondan ötrü can qoyurlar, təbiətin bütün şıltaqlıqlarına dözürlər. İnsan da müəyyən mənada ağaclar kimidir. İnsanın bütün həyatı o ölümə köklənib, o ölümə tuşlanıb elə bil. Bitkilərin gözəlliyi çiçəkləri ilə seçildiyi kimi, insanın dəyəri də o ölümdən sonra bəlli olur. İnsan ölümünə ucalır. Dolayısilə ömür ölüm açmaq üçündür. Ölüm insan ömrünün ətridir.

– Ərsəyə gətirdiklərinizi nə vaxtsa kitab halına salmaq fikriniz varmı?

– Yəqin ki, əlçatmaz arzular daha gözəldir. Arzulara əl uzadıb çatmadıqca adamın içi uzanır. Elə ki, qovuşdun, adiləşir. Bir mötəbər gözünü sevdiyim dörd ildir söz verib kitab şəklində çap etdirməyə… Nə qədər reallaşmayıb elə bilirəm o, dünyanın ən gözəl kitabıdır.

– Deyirlər, dünyanı gözəllik xilas edəcək? Sizdə buna inam varmı?

– Gözəllik adama dünyanı unutdurur, həm də dünyanın gözəlliyini yada salır. Hörmət azdır, izzət azdır, qayğı azdır. Bunların hamısını özündə cəmləşdirən sevgi lazımdır insana. Sevildiyini, sevdiyini duyan insan dünyanı xilas etməsə də, dünyanın zay olmağına qıymaz.

– Əziz Nesinin belə bir kəlamı var: “Dağlar dağılmasın deyə ah çəkmirəm. Özümü dağıdıram, dünyanı dağıtmıram…” Siz də bu qədər ehtiyatlısınız?

– Əslində bu, ehtiyat deyil. Dərdin miqyasından xəbər verir. İnanıram ki, insanın böyüklüyünü, qeyri-adiliyini çəkdiyi dərdin böyüklüyü müəyyən edə bilir. Dərdin böyüklüyü insanın ucalığının göstəricisidir. Hər yoldan ötənin böyük dərdi olmaz. Dərd haradasa səviyyədir. Dərd dünyanın bütün nemətlərini yerinə qoyur. Dərd adamı öldürə bilməyəndə adam ölümü də həyat kimi yaşayır…

– Daha bir sual… “Durna teli” ideyası necə formalaşdı?

– Hərdən Səməd Məlikzadə ilə dərdləşirdik. Üst-üstə düşən fikirlərimiz çox olurdu, anlaşırdıq. Adını da o qoydu. QVAMI MƏHƏBBƏTOĞLU,

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here