Mən heç kəsi qınamıram

559

Son vaxtlar hər yetəni qınamaq, başqa sözlə desək, məzəmmət etmək, danlamaq yaman dəbə minib. Amma şəxsən mən bu məsələdə palaza bürünüb, el ilə sürünməkdə çətinlik çəkirəm. Elə bu səbəbdən bu və ya digər əməlinə görə kimsəni qınaya bilmirəm… Bilirsinizmi niyə? İndi niyəsini açıqlayım, siz də deyin görüm bu qənaətimdə mən haqlıyam, ya yox?

Axı mən metroda qocaya yer verməyən gəncə “özündən böyüyə niyə yer vermirsən?” deyib necə qınayım? Bəlkə bütün günü iş axtarmaqdan həmin gəncin ayaqları qabar olub, yaxud elə bu səbəbdən xəstəlik tapıb, indi də ayaq üstdə dayanmağa taqəti yoxdur; məgər belə ola bilməz? Yaxud uşağıma lazımınca dərs keçməyən, ondan nəsə uman bir müəllimi niyə “topa” tutmalıyam, niyə onu qınamalıyam? Adama deməzmi, qardaş, indiki zəmanədə aldığım 120-150 manatla ailə saxlamaq mümkündürmü, nə düşmüsünüz, bu müəllimlərin üstünə… Axı mən də insanam, mənim də xeyrim, şərim, xəstəm olur, bəs mən bunları nə ilə qarşılayım? Siz deyin, a kişilər, bu kimi suallara cavab verə bilməyəndə mən özüm də bilavasitə qınaq obyektinə çevrilmirəmmi? Əlbəttə, çevrilirəm. Elə bu səbəbdən bəzi həkimləri də qınamıram.

Bəli, qiymət artımına görə hər gün mağaza sahiblərini, bazarda piştaxta arxasında duranları nəinki qınayırıq, hətta onları sözlə quru yuyub, yaş səririk. Axı niyə onları qınamalıyıq? Axı biz nə zaman dərk edəcəyik ki, onları qiymət artımına vadar edənlər var? Mən indi valideynlərin üzünə ağ olan uşaqları da qınamıram. Ana südü görməyən, “malış”la böyüyən, dana, qoyun əti adı ilə satılmış at, eşşək əti ilə qidalanmağa məhkum olunanlardan bu kimi heyvani hərəkətlərin özünü göstərməsi, mənim fikrimcə, təbiidir.

“Eşşək əti” dedim, yadıma alayı bir şey düşdü. Bu fürsəti qaçıracağım təqdirdə, qınanılacağımdan daha çox, millətpərəstlik, vətənpərvərlikdən uzaq olduğumu düşünənlərə yem olmaq qorxusundan bir mətləbə də toxunum. Bəli, belə qınanmalara beynəlxalq aləmdə də çox rast gəlmək olur. Məsələn, iyirmi ildir danışıqlar gedir və hər dəfə Azərbaycan tərəfi bəyan edir ki, Dağlıq Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Əgər 1992-ci ildən bu günə qədər Serj Sarkisyan bunu anlamırsa, mən o bədbəxti qınamıram. Bu, çox incə mətləb olduğuna görə bir neçə kəlmə ilə ərz edim. Ona görə qınamıram ki, bu məsələdə söz sahibi olan bəzi dövlətlər və bir sıra beynəlxalq qurumlar ona yerini göstərmək istəmirlər. Üstəlik, fürsət düşən kimi başını tumarlayırlar.

Yenə qayıdaq yuxarıda ərz etdiklərimdən daha birinə. Bəli, indi məmurlar əllərinə düşən imkandan kefləri istədikləri kimi faydalanırlar və elə bu səbəbdən qınağa tuş gəlirlər. Məsələn, onlar az vaxt ərzində özlərinə elə villalar tikirlər ki… Yenə deyirəm, mən belələrini də qınamıram. Çünki onlar tarixdən dərs almağı bacaranlardır. Yəqin, bu tarix məsələsi sizə qəribə gələcək. “Fətəli xan” filmində belə bir səhnə var: Fətəli xana xəbər verilir ki, istehkam qalasının tikilməsi üçün daş çatmır. O, kəndin bütün evlərinin sökülməsini əmr edir. Amma kənd camaatı əmrə qarşı çıxır. Əmrin icraçısı xana deyir: “Mən bu adamlara əl qaldıra bilmirəm. Xalqın lənətindən ölüm yaxşıdır”. Fətəli xan adamları Vətənin azadlığının daha mühüm olduğuna inandırır. Və nəticədə kasıb camaat öz evlərini dağıtmağa başlayırlar. Maraqlıdır ki, Fətəli xan daş əldə etmək üçün sarayı sökdürmür, amma kasıb daxmalarına qıyır. Bu mənada mən gələcəyi görə bilən məmurları necə qınayım axı?

Deyəsən, yazı istədiyim kimi alınmadı. Ola bilər ki, buna görə bəzi oxucular məni də qınasınlar. Odur ki, mən acizanə şəkildə Qasım bəy Zakirin təbirincə, sizə deyirəm: “Qınamasın məni könlü bütünlər; fikrim dağınıqdır, xatirim övraq”.